ŞOK İDDİA: Suraxanıda “təyyarə” qəzası olacaq
Bizi izləyin

İdman

ŞOK İDDİA: Suraxanıda “təyyarə” qəzası olacaq

Azərbaycan Premyer Liqasında 11-ci turla bağlı PFL-in çıxardığı hoqqaları qələmə almaq üçün Əbdürrəhim Bəy Haqverdiyev olmaq lazımdır.

PFL turun oyunlarını noyabrın 1 və 2-nə planlaşdırmışdı. Ancaq PFL-də oturanların başları yeyib-dağıtmağa qarışdığından noyabrın 1-də ölkədə seçkilərin keçiriləcəyindən xəbərsiz idilər. Baxmayaraq ki, təqvim müəyyənləşərkən seçkilərin vaxtı bəlli idi. Yalnız jurnalist PFL-ə zəng edib, xəbərdarlıq etdikdən sonra "peşəkarlar"ın başı yeyib-dağıtmaqdan ayıldı. və tələm-tələsik qərar qəbul etdilər: turun bütün oyunları oktyabrın 31-də keçiriləcək. Amma üstündən 2 gün keçəndən sonra PFL yenə də qərarını dəyişdi - iki oyunu noyabrın 2-nə təyin etdi. Bax, belədi bizim "peşəkarlar"... Hələ bu harasıdır, "Kəpəz" - "Qəbələ" oyununun yeri də dəyişdirildi. Qarşılaşma Gəncədə yox, Qəbələdə baş tutacaq.

Publika.az 11-ci turun afişasını təqdim edir.

"Qəbələ" pis vaxtda yaxasını ələ verib

Turun mərkəzi görüşü Gəncədə olmalıydı. Amma "Kəpəz" satdionun yararsız vəziyyətdə olmasını əsas gətirərək, PFL-ə qarşılaşmanın Qəbələdə keçirilməsiylə bağlı müraciət etdi. Və PFL də "həsənsoxdu dəyirmanı" olduğunu bir daha sübut etdi, "Kəpəz"in xahişini yerinə yetirdi. Roman Qriqorçukun komandası son iki oyunda nəinki qələbə qazana bilməyib, heç qol da vurmayıb. "Zirə" ilə oyundakı susqunluğu müəyyən mənada başa düşmək olar. Ancaq AZAL-la qarşılaşmada... Belə komandaya qol vura bilməmək günahdır. "Qəbələ" avrokuboklardakı yorğunluğun əzabını çəkir? Yox, biz belə düşünmürük. Komandadakı eniş "Roman Qriqorçuk Ukrayna yığmasını çalışdıracaq" xəbərinin yayılmasından sonra başlayıb. Klub rəsmiləri bu xəbəri təkzib ediblər. Ancaq görünür, futbolçuların əhvalına təsir etmək mümkün olmayıb. Belə əhval-ruhiyyə ilə qalib gəlmək olmaz. Üstəlik, komanda Dortmund səfərinə də hazırlaşır. Bir sözlə, "Qəbələ" pis vaxtda yaxasını Şahin Diniyevin yetirmələrinin əlinə verir. Görək, gəncəlilər istədiklərini ala biləcəklərmi?

Statistika nə deyir?

İndiyədək səfərdə çıxış edən komanda qalib gəlməyib. Son 3 qarşılaşmada meydan sahibi qapısını toxunulmaz saxlayıb. Ardıcıl 5 matçda qonaq tərəf xal əldə edə bilməyib.

Qəbələ - Kəpəz: 9 oyun, 2 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 5:8.

Tərlan Əhmədov dua etsin ki...

Çempionatın lideri "Qarabağ" AZAL-ı qəbul edəcək. Çox güman ki, Qurban Qurbanov "Monako" ilə oyunu düşünərək, bu qarşılaşmada eksperimental heyətə güvənəcək. "Təyyarəçilər" hazırda göylə gedirlər. Zarafat deyil, "Neftçi"yə qalib gəlib, "Qəbələ"dən bir xal alıblar. Düzdür, indi "Neftçi"yə hamı qalib gəlir. Amma bu komanda üçün "Qəbələ"dən xal gətirmək həqiqətən də böyük uğurdur. Amma "Təyyarəçilər"in çox uçacağını düşünmürük. "Köhlən atlar"ın bir təpiyi yetərlidir ki, göydən yerə gəlsinlər. Gümanımız doğrulsa, AZAL bu dəfə Suraxanıda "qəza"ya düşəcək. Tərlan Əhmədov dua etsin ki, "qəza" biabırçı yox, ləyaqətli olsun.

Statistika nə deyir?

AZAL-la oyunlarda ardıcıl 7 qələbə qazanan “Qarabağ” 8 matçdır meydanı qolsuz tərk etmir. Ağdam təmsilçisi son 3 ev oyununda 2:1 hesabı ilə qalib gəlib. AZAL son 4 səfər oyununda qol vurub.

Qarabağ – AZAL: 27 oyun, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 36:24.

Baş katib başını işlətsə yaxşıdır

Futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq daha bir qarşılaşma Sumqayıtda keçiriləcək. Orda AFFA-nın iki komandası - "Sumqayıt" və "Neftçi" üz-üzə gələcək. Samir Abasovun gəlişindən sonra "Sumqayıt"ın əldə etdiyi nəticə həqiqətən də möhtəşəmdir. Komanda artıq turnir cədvəlində ortababların sırasına daxil olub. Qələbə ruhunu tapan "Sumqayıt"ın can üstündə olan "Neftçi"ni də məğlub edəcəyinə kimsə şübhə etmir. Amma futbol kluarlarında başqa söz-söhbət də gəzir. Deyilənlərə görə, AFFA-nın baş katibi Elxan Məmmədov "Neftçi"dəki adamlarını tənqidlərdən qismən də olsa xilas etmək üçün "Sumqayıt"a "uduzun" göstərişini verib. Bunun nə qədər həqiqət olduğunu deyə bilmərik. Ancaq belə göstəriş olubsa, onda Samir Abasovun işi qəlizdir. "Neftçi" bu oyunda sifariş hesabına qalib gəlsə belə, ruhunu xilas edə bilməyəcək. "Sumqayıt" isə sifarişlə uduzdurulsa, yenicə tapdığı qələbə ruhunu itirəcək. Ondan sonra o futbolçuları nəinki Samir Abasov, heç tanrı da xilsa edə bilməz. Baş katib başını işlətsə yaxşıdır. "Xəstə"yə görə sağlamlığını bərpa etmiş komandanı qurban verməyə dəyməz.

Statistika nə deyir?

5 oyundur uduzmayan “Neftçi” son 6 matçda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son iki ev oyununda 0:1 hesabı ilə uduzub.

Sumqayıt – Neftçi: 13 oyun, 3 qələbə, 2 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 15:29.

Yunis Hüseynov qələbə ruhunu nə vaxt itirib?

Çempionatda hələ də qələbə üzünə həsrət qalan "Rəvan" bu tur arzusunu gerçəkləşdirə bilər. Bəhmən Həsənovun yetirmələri "Xəzər Lənkəran"ı qəbul edəcək. Çox təəssüf ki, biz "Xəzər Lənkəran"ı hətta "Rəvan"a da qələbə sevinci bəxş edəcək bir komanda kimi təqdim edirik. Ancaq bunun günahı bizdə yox, klub rəhbərlərində, məşqçilər korpusundadır. Biz belə təqdimata görə təəssüfləndiyimizi etiraf edirik. Ancaq rəhbərlikdə təmsil olunanlar məsuliyyətsizliklərinə görə heç təəssüfləndiklərini də biruzə vermirlər. Yunis Hüseynov hər oyundan sonra dəsmal götürüb ağlayır, "14 nəfərlə qalmışıq" deyir. Ağlaşmanı bitirmək lazımdır, özünü "as" sayan mütəxəssis. Əsl mütəxəssis ağlamaz, o, 14 nəfərə qələbə ruhunu aşılamağa çalışar. O başqa məsələ ki, Yunis Hüseynovun özündə qələbə ruhu yoxdur. O, qələbə ruhunu "Xəzər Lənkəran"a ilk gəlişində itirmişdi.

Statistika nə deyir?

“Xəzər Lənkəran” 6 oyundur meydanı qolsuz tərk etmir. Son 5 qarşılaşmada meydan sahibi olan komanda uduzmur. “Xəzər Lənkəran” səfərdə qalib gəlməyib. “Rəvan” ev oyunlarının hamısında qol vurub.

Rəvan - Xəzər Lənkəran: 11 oyun, 3 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 10:16.

Şükürov ilk növbədə nə haqda düşünməlidir?

Turun daha bir qarşılaşmasında "İnter" - "Zirə"ni qəbul edəcək. Komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, bu qarşılaşmaya maraq böyük olmalıdır. 3-cü pillə uğrunda mübarizə aparan komandaların qarşıdurması cansıxıcı olmamalıdır. "Bankirlər"in durumunu saf-çürük etsək, bu mübarizədə "Zirə" daha şanslı görünür. Heç şübhəsiz, Svanadzenin komandası ehtiyatlı oyuna üstünlük verəcək, əsasən müdafiənin qayğısına qalacaq. Ona görə də Adil Şükürov ilk növbədə bu müdafiəni yara biləcək hücum haqda düşünməlidir. Yox, o da Svanadze kimi ehtiyatlı futbola üstünlük versə, onda vay azarkeşlərin halına. Yaman darıxacaqlar...

Statistika nə deyir?

Paytaxt təmsilçiləri 2-ci dəfə üz-üzə gələcək. Cari mövsümdə keçirilən ilk dueldə qol vurulmayıb.

Natiq Muxtarlı

Premyer Liqa, 11-ci tur

31 oktyabr

19:00 Qarabağ – AZAL

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00 Qəbələ – Kəpəz

Qəbələ şəhər stadionu

16:00 İnter – Zirə

“İnter Arena”

2 noyabr

19:00 Sumqayıt – Neftçi

“Kapital Bank Arena”

21:00 Rəvan – Xəzər Lənkəran

“Bayıl Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm