Tahir Gözəl: “Bu qola bədbəxt hadisə kimi baxıram”
Bizi izləyin

İdman

Tahir Gözəl: “Bu qola bədbəxt hadisə kimi baxıram”

“Komandamız üçün möhtəşəm bir fürsət idi. Ancaq futbol da həyat kimidi, hər zaman, hər kəs layiq olduğu şeyləri qazana bilmir”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Monako”nu qəbul edən ağdamlıların prezidenti oyun haqqında fikirlərini bölüşüb: “Monako” çox güclü klubdu, “Çelsi”ni, “Real”ı yenmiş komandadı. Buna baxmayaraq, biz “Qarabağ”ın ifasında əla matç izlədik. Mən klubumla, “Qarabağ”la fəxr edirəm. İstədiyimiz nəticə bu deyildi”.

Gözəl bildirib ki, pley-off şansları qrupdakı digər qarşılaşmalardan asılıdı: “Digər oyunlarda qeydə alınacaq sərfəli bir nəticə ilə bizim yenidən şanslarımız yarana bilər. Çox çətin qrupda yer almışdıq, buna baxmayaraq, biz bu gün bir daha gördük ki, “Qarabağ” Avropa klubudu və çox çətin rəqibdi”.

O, komandasının oyunundan razı qaldığını vurğulayıb: “Mən o buraxdığımız qola bədbəxt hadisə kimi baxıram. Əminliklə deyə bilərəm ki, biz bu gün 2 xal itirdik. Çox inamlı oynadıq. Qurban müəllim də razı qalıb oyundan. Bu gün bizim günümüz deyildi. Düzdü, “Monako” kimi bir klubla bərabərlik də çox yaxşı nəticədi, amma bu gün bizim olmalı idi”.

Qeyd edək ki, “Qarabağ-“Monako” oyunu 1:1 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm