Rəşad Sadıqov qərarını verdi: “Milliyə layiq olmadığımı...”
Bizi izləyin

İdman

Rəşad Sadıqov qərarını verdi: “Milliyə layiq olmadığımı...”

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasındakı karyerasını davam etdirməyi qərara alıb.

Publika.az xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi jurnalistlərə açıqlamasında bildirib. Yığmanın kapitanı deyib ki, belə bir qərarı baş məşqçi Robert Prosineçki ilə görüşdən sonra qəbul edib:

"Daha öncə 2 görüşümüz olmuşdu. Üçüncü belə görüş isə Moldova ilə yoldaşlıq görüşü öncəsi təlim-məşq toplanışında oldu. Bundan sonra qərara gəldik ki, yığma karyeramı davam etdirim. Milliyə nə qədər - bir oyunluq, yoxsa bir seçmə tsikl boyunca lazım olacağımı zaman göstərəcək. Mən də milliyə layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Layiq olmadığımı hiss etsəm, oynamaram".

R.Sadıqov 2015-ci ilin Azərbaycan futbolu üçün uğurlu keçdiyini bildirib:

"Ötən il çox uğursuz olmuşdu. Bundan sonra yeni baş məşqçi gəldi. Vaxt çox az idi. Amma Robert Prosineçki qısa müddətdə komandanı toparlaya və oyun fəlsəfəsini tamamilə dəyişə bildi. Moldova ilə oyunda hücum edən, kombinasiya quran komanda gördük. Çox sevindirici haldır. Bircə Bolqarıstanla səfər matçında istədiyimiz oyunu sərgiləyə bilmədik. Hətta İtaliyaya uduzduğumuz qarşılaşmada da yaxşı təsir bağışlamışdıq".

Təcrübəli futbolçunun fikrincə, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi öncəsi ümidverici durumdadır:

"Növbəti tsikl üçün çox ümidliyik. Baş məşqçimiz də bizə çox inanır. Mənimlə söhbətlərdə də çox inamlı danışırdı. Komandanın oyunçularını da çox ruhlandırır. Əlimizdən gələni edəcəyik ki, DÇ-2018-in seçmə mərhələsi bizim üçün maraqlı keçsin".

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 100 oyuna çıxmış Rəşad Sadıqov Moldova ilə yoldaşlıq görüşündə zədə səbəbindən oynamayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm