Federasiya rəhbərliyi və idmançılarımız viza problemi ilə üzləşib
Bizi izləyin

İdman

Federasiya rəhbərliyi və idmançılarımız viza problemi ilə üzləşib

İrlandiyanın paytaxtı və eyni zamanda ən böyük şəhəri olan Dublində WAKO versiyası üzrə Kikboksun növbəti “fullkontakt” və “laytkontak” döyüş üslublarında dünya çempionatı keçiriləcək. Ancaq federasiya üzvləri viza problemi ilə üz-üzə qalıblar. Vizanın vaxtında çatdırılmamasına görə kikboksçularımız bu yarışdan kənarda qala bilərlər.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Publika.az-a açıqlamasında bildirib. Federasiya rəsmisinin sözlərinə görə səfirlikdən vaxtı bəhanə ediblər:

“Bizim bu yarışa getməyimiz sual altındadır. Belə ki, 4 idmançımıza viza verməyiblər. Amma bizim rəhbərlik olaraq, orada iştirakımız vacibdir. Bunun üçün də bu gün Azərbaycan Kikboksinq Federasiyasında qısa müşavirə keçiriləcək - 4 nəfərlik rəhbər heyətlə və 3 idmançı... İdmançıların arasında sonuncu dünya çempionatının finalçısı Anar Məmmədov da var. Vizaya gəldikdə isə İrlandiya səfirliyinə 15 gün öncə müraciət etmişdik. Sadəcə vaxtı bəhanə edib bəzi idmançılarımıza vizanı gələn həftə içində açacaqlarını dedilər. Bu da bizi qane etmir. Çünki ən geci ayın 22-də biz orda olmalıyıq. Bunun üçün də çatdıra bilmədik. Bu yarışda bizim iştirak etmək istəməyimizin əsas səbəbi bu il WAKO Federasiyasında prezident seçkilərinin olmasıdır. Bunun üçün də biz orada olub səsimizi verməliyik. Qeyd edim ki, bu gün axşam saatlarında gedib-getməməyimiz bəlli olacaq. Çünki dediyim kimi əsas komanda üzvlərindən - Ehram Məcidova, Ramiz Məmmədova və digər iki idmançımıza viza açılmayıb”.

Məlumat üçün bildirək ki, noyabrın 21-29-da İrlandiyada baş tutacaq dünya çempionatına Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də qatılacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm