Azərbaycan ABŞ-da tarix yazdı – Həm də rekordlarla...
Bizi izləyin

İdman

Azərbaycan ABŞ-da tarix yazdı – Həm də rekordlarla...

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova tarixi nailiyyətə imza atıb. 22 yaşlı idmançı ölkə tarixində bu növ üzrə ilk dəfə planetin ən güclüsü olub.

Publika.az xəbər verir ki, o, birdən qaldırma hərəkətində ilk yanaşmasında 109 kq sifariş verib. Bu, onun özünə məxsus olan Avropa rekordunun təkrarı demək idi. Atletimiz bu çəkinin öhdəsindən ikinci yanaşmasında gəlib. Üçüncü cəhdində isə Kostova 112 kq-ı başı üzərinə qaldırıb. Bu, isə yeni dünya rekordu deməkdir. Əvvəlki rekord – 111 kq – çinli Çen Yanqinqə məxsus idi və 2006-cı ildə yenilənmişdi. Eyni zamanda, Kostova həm də Avropa rekordunu yeniləmiş olub.

Təkanla qaldırma hərəkətinə Kostova 136 kq-ı rahat ram etməklə başlayıb. Bu, toplamda 248 kq demək idi, hansı ki, onun özünə məxsus Avropa rekordunun (246 kq) yenilənməsidir.

İkinci yanaşmada 140 kq sifarişi gəlib. Bu, toplamda 252 kq demək idi ki, yenə də Çen Yanqinqə məxsus olan və 2006-cı ildə yenilənən 251 kq-lıq rekordun təzələnməsi olub. Boyanka əzmkarlıq nümayiş etdirərək bu vəzifənin öhdəsindən üçüncü yanaşmada gəlib. Üstəlik, bu yanaşma həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsi idi.

Belədə, toplam 252 kq (112+140) nəticə ilə Boyanka Kostova Azərbaycan qadın ağır atletikası tarixində ilk dünya çempionu adını qazanıb. O, bunu 6 rekord – 2 dünya və 4 Avropa rekordu ilə birlikdə qazanıb.

Qeyd edək ki, digər təmsilçilərimiz Azərbaycan milli komandasının iki üzvü – Əfqan Bayramov və Elxan Əliquluzadə 77 kq çəki dərəcəsində, müvafiq olaraq C və B qruplarında çıxış ediblər. Əfqan Bayramov C qrupunda toplam 324 kq nəticə göstərib. Birdən qaldırmada 140, təkanla qaldırmada isə 184 kq-lıq ştanqın öhdəsindən gələn atlet öz qrupunda 10-cu yeri tutub.

“Lənkəran-Zirvə” atleti Elxan Əliquluzadə isə uğurlu çıxışla yadda qalıb. O, birdən qaldırma hərəkətində son yanaşmada 154 kq-ı ram edib və 7-ci olub. Ancaq təkanla qaldırma hərəkətində bütün rəqiblərini üstələyən 20 yaşlı atlet 203 kq-ı başı üzərinə qaldıraraq 1-ci yeri tutub. Toplamda 357 kq (154+203) nəticə göstərən Əliquluzadə B qrupunda 1-ci yerə çıxıb.

Uğurlu çıxışlardan biri də London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Valentin Xristova məxsusdur. Təmsilçimiz 62 kq çəki dərəcəsində kişilər arasında mübarizə aparıb. Valentin birdən qaldırma hərəkətində üç yanaşmasından ikisini uğurla yerinə yetirib. O, əvvəlcə 137, sonra isə 141 kq-lıq ştanqın öhdəsindən gəlib. Sonuncu olaraq sifariş verdiyi 143 kq-ı ram edə bilməsə də, Xristov bu hərəkətdə bürünc medala sahib çıxa bilib.

Təkanla qaldırma hərəkətində də Xristov yaxşı çıxış edib. O, əvvəlcə 171, sonra isə 176 kq-ı ram edib. Son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz olub. Ancaq buna baxmayaraq, Valentin bu hərəkətdə də 3-cü ola bilib.

Toplamda 317 kq (141+176 ) nəticə göstərən Valentin Xristov yekun sıralamada 3-cü yeri tutaraq dünya çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, adları çəkilən idmançıların hər biri “Zirvə” idman Klubunun üzvləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm