Xızıda velosiped yarışına start verilib
Bizi izləyin

İdman

Xızıda velosiped yarışına start verilib

Martın 22-də Xızı rayonunda velosiped idmanının şose növü üzrə Federasiya Kuboku yarışına start verilib.

Martın 22-də Xızı rayonunda velosiped idmanının şose növü üzrə Federasiya Kuboku yarışına start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunan yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edir. Üstəlik, Azərbaycanın Elit və U-23 milli komandalarının üzvləri, ölkəmizin ilk peşəkar kontinental velosiped klubu "Synergy Baku"nun üzvləri Aqşin İsmayılovla Tural İsgəndərovun da Federasiya Kubokunda iştirak etməsi yarışa olan marağı daha da artırıb.

Yürüş zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) qaydaları tətbiq olunur. Proqrama əsasən, ilk gündə Elit, U-23 və gənclər arasında 26 km, U-17 və qızlar arasında 15 km, U-15 yaş qrupu üzrə oğlanlar arasında isə 6 km məsafəyə vaxtla fərdi ötüşmədə ən güclülər müəyyənləşib.

Nəticələrə gəlincə, 25 km məsafəyə mübarizədə Tural İsgəndərov 37 dəqiqə, 59 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub. Aqşin İsmayılov Turala 1 dəqiqə, 34 saniyə uduzmaqla 2-ci olub. Azərbaycanın U-17 komandasının üzvü, "Lokomotiv" klubunun təmsilçisi Kərim Şirəliyev 15 km məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olub - 25 dəqiqə, 26 saniyə.

Ən kiçiklərin yarışına gəlincə, 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Xankişi İskəndərov 6 km məsafəni 11 dəqiqə, 22 saniyəyə başa vurmaqla ən yaxın izləyicisi, komanda yoldaşı Ravil Xıdırovu 2 saniyə qabaqlayıb.

Martın 23-də yarış saat 12: 00-da start götürəcək. Həmin gün Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x3,5 km), U-17 qızlar isə 3,5 km məsafədə yarışacaqlar.

Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm