• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

“Karatenin Maradonası” əsas hədəfini açıqladı

  • İdman
  • 6 Yanvar 2016 16:22
  • 927 Baxış
“Karatenin Maradonası” əsas hədəfini açıqladı

Artıq “meymun ili”ndə görəcəyi işlərin planlarını quran idmançılarımızdan biri də karatenin “brilyant”ı, Avropa Oyunlarının qalibi, 4 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayevdir. O, 2016-cı ildə baş tutacaq Avropa və Dünya çempionatlarına qatılaraq titullarının sayını daha da artırmaq fikrindədir.

Onun bu il üçün ən böyük arzusu 5-ci dəfə dünya çempionu tituluna sahib olmaqdır. Həmçinin onu başqa ölkələrdən dəvət ediləcəyi seminarlar da gözləyir.

Tanınmış karateçimiz özü bu barədə Publika.az-a bunları dedi:

“Təbii ki, formamı qorumalıyam. Çünki bu il məni çox yarışlar gözləyir. Əsas da Avropa və dünya çempionatları. Bu il üçün ən böyük istəyim təbii ki, 5-ci dəfə dünya çempionu tituluna sahib olmaqdır. Bundan əlavə bəzi ölkələrdən gələn seminar dəvətlərim var. Bu aydan və fevraldan 2 seminarda olacağam. Ondan sonra isə növbəti seminarım Moskvada olacaq”.

Məlumat üçün bildirək ki, hazırda 30 yaşı olan karatenin ulduzu karyerasını hələ davam etdirmək fikrindədir. Belə ki, o, karatenin 2020-ci ildə Tokiodakı Olimpiya Oyunlarının proqramına salınmasından sonra ən böyük arzusunu gerçəkləşdirməyi qarşısına məqsəd qoyub. Yaşından asılı olmayaraq, o, özünə inanaraq olimpiadada iştirak etmək istəyir.

R.Ağayev karyerasını Yaponiya olimpiadasından sonra başa vurmağı düşünür. Onun ən böyük arzularından biridir ki, Olimpiya oyunlarının medalını qazansın. Tokio olimpiadasında Rafaelin 35 yaşı olacaq.

Xatırladaq ki, Rafael Ağayev də 2015-ci ili uğurla başa vurub. Ən əsası o, “qoyun ili”ndə Avropa Oyunlarının qalibi adını qazanıb.

Aygün İlqarqızı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR