KÖLGƏ: 0:31 hesablı məğlubiyyətin “qəhrəman”ı - FOTOLAR
Bizi izləyin

İdman

KÖLGƏ: 0:31 hesablı məğlubiyyətin “qəhrəman”ı - FOTOLAR

Niki Salapanı tanıyırsız? Yəqin ki, yox. Bu sualı oxuyan hər kəsin üzündəki təəccüb dolu ifadə də başa düşüləndi. O, qapıçıdır. Özü də dünya futbol tarixinə adını yazdırıb. Necəsini bir azdan biləcəksiz. Bəlkə də bilənlər var, amma xatırlamır. Onu dəqiq deyə bilərik ki, futbol sahəsində külüng vuranların heç biri onun kimi tarixə düşmək istəməz.

Publika.az yeni “Kölgə” rubrikasında illər öncə bir oyunda 31 dəfə topu qoruduğu qapıdan çıxaran Salapanı daha yaxından tanıtmağa çalışacaq.

Az öncə qeyd etdiyimiz kimi, heç bir futbolçu və ya qapıçı Nikinin yaşadığı uğursuzluğu yaşamaq istəməz. Amerika Samoası millisini yəqin ki, eşitmisiz. Bu komandanın vaxtilə dünya çempionatının seçmə mərhələ oyununda Avstraliyaya 31:0 uduzduğu da stajlı futbolsevərlərin yadında olar. Bax həmin qarşılaşmada məğlub komandanın qapısını məhz Salapa “qoruyurdu”. Bəlkə də çoxları belə rüsvayçılıqdan sonra futboldan iyrənər, başqa peşəylə məşğul olardı. Amma Salapa hələ də sevimli oyunundan uzaqlaşmayıb.

Salapanın tarixçəsi geridönüşün və cəsarətin maksimum həddinin təcəssümüdür. Axı yalnız dəmir xarakterə malik insan onun adını tarixə qara hərflərlə yazan oyundan həzz ala bilər. Bəli, deyə bilərsiz ki, futbolu 11 nəfər oynayır. Amma 2001-ci ildə 0:31 hesablı rekord məğlubiyyətin yükü böyük ölçüdə onun çiyinlərinə düşür.

Dünya çempionatlarının iştirak etdiyi 12 seçmə mərhələsində 129 top buraxan Amerika Samoası uzun müddət FİFA-nın tərtib etdiyi milli komandaların reytinqində sonuncu olub. 17 il əvvəl beynəlxalq arenada debüt edən adalılar ilk qələbəsini 2011-ci ildə qazanıb. Məhz həmin dövrdə Salapa tədricən üzərindəki kabusdan yaxa qurtara bildi. Çünki ilk qələbənin iştirakçıları arasında 10 il əvvəlki faciəli oyundan qalan yeganə nümayəndə məhz Niki idi. Tarixi qələbədən sonra millinin baş məşqçisi Tomas Ronqen 35 yaşlı veteran qapıçı haqda bunları demişdi:

“Niki qələbədən sonra göz yaşlarını saxlaya bilmirdi və ağlaya-ağlaya deyirdi: “Bundan sonra uşaqlarıma “qalib gəlmişəm” deyə biləcəm”. Sözün düzü, bu məqam oyunun özündən daha vacibdir”.

Salapa nokdaundan sonra özünə gəlib ayaq üstə durmağı bacaran insanlardandır. FİFA-ya müsahibəsində o, həmin faciəli məğlubiyyəti belə xatırlayır:

“O oyunu xatırlamaq mənim üçün çox ağırdır. Amma düşünürdüm ki, yenidən yaşıl meydanlara qayıtmasam, heç vaxt milli ilə qələbə qazanmaq şansım olmayacaq. Bu fikir mənə inanılmaz güc, stimul verdi. Dünyanın ən pis milli komandası olmamaq üçün mübarizə aparmağa cəsarətləndirdi. Psixoloji baxımdan çox-çox çətin bir tapşırıq idi”.

Artıq Salapanın 35 yaşı var. Məğlubiyyətlərə baxmayaraq, hələ də futbolu dəlicəsinə sevir. Ötən ilin sentyabrında Amerika Samoası millisinin heyətində DÇ-2018-in seçmə mərhələ oyunlarında iştirak edib. Amma daha çox həvəskarların oyunlarında diqqət mərkəzində olur. Boş vaxtlarını tamamilə futbola həsr edən Niki Sietldə azı 7 komanda üçün oynayır. Oynamayanda da hakimlik edir. Təəssüf ki, DÇ-2018-in seçmə mərhələsi adalılar üçün sentyabrda başlamamış başa çatdı. Okeaniyanın aparıcı milliləriylə ikinci mərhələyə qalmaq üçün onlara 1 qol çatmadı. Komandanın tarixini nəzərə alsaq, bu, onlar üçün böyük uğur ola bilərdi.

Zaman heç kimi gözləmir. Ancaq Salapa ümid edir ki, 4 ildən sonra növbəti dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Nə fiziki forma, nə motivasiya, nə də 0:31 hesablı məğlubiyyət buna mane ola bilər...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm