Onların hegemonluğuna kim son qoyacaq? - ARAŞDIRMA
Bizi izləyin

İdman

Onların hegemonluğuna kim son qoyacaq? - ARAŞDIRMA

Bu həftə idman, əsasən də futbol aləmi üçün əlamətdar bir hadisəylə başladı. Bazar ertəsi “Qızıl top” 2015-ci ilin ən yaxşı futbolçusuna təqdim olundu. Əslində əvvəlcədən də mükafatın Lionel Messiyə çatacağına inanların sayı çox idi. Odur ki, seçim heç kimi, hətta onun əsas rəqibi Ronaldonu da təəccübləndirmədi. Argentinalı son illərdə olduğu kimi 2015-ci ili də sabit keçirmiş, xeyli mükafatlar qazanmışdı. Məni düşündürən məqam başqadır.

2008-ci ildən bəri “Qızıl top” mükafatı iki nəfərin arasında qalıb. Ya Messi, ya da Kristiano Ronaldo qənimətə sahib çıxır. Ədalət naminə deməliyik ki, hər ikisi futbol tarixinin ən maraqlı səhifələrini yazmaqla məşğuldur. İl ərzində 40-50 qol vumaq onlar üçün adi bir işdir. Seçimə hansının daha çox titul qazanması təsir edir desək, yanılmarıq (arada 1-2 dəfə narazılığa səbəb olan seçimi də unutmuruq). Bəs görəsən, bu hegemonluğa nə vaxt son qoyulacaq? Kim tacı Messi və Ronaldodan təhvil alacaq?

Mən indi desəm ki, artıq onlar yaşlanıb və gələn il “Qızıl top”u başqası qazanacaq, Messi və Ronaldo fanatları məni daşa basar. Həqiqətən də qarşıdakı 2-3 ildə də kiminsə bu superqəhrəmanların arasına girəcəyini düşünmək çətindir. Amma nə vaxtsa bu baş verəcək. Elə isə mümkün variantlara bir göz ataq...

Təbii ki, ildən-ilə “Qızıl top”a namizədlərin siyahısı dəyişir və bu gedişlə FİFA təkcə Canluici Buffonu yox, bir çox layiqli ulduzu məyus edəcək. Niyə? Bəlkə də kimsə Messi və Ronaldo səviyyəsində oyun göstərəcək. Ancaq 10 il eyni səviyyəni qorumaq mümkünsüz bir şeydir. Fikriniz argentinalı sehrbaza və portuqaliyalı “generator”a getməsin.

Gələcək namizədlər arasında kimisə fərqləndirmək hazırki dövr üçün çətindir. Poqba, Sterlinq, İsko, Lukaku, Koman, Marsial, Dibala, Depay, Roys, Müller – bunlardan hər biri gələcəkdə ən böyük fərdi mükafata sahib çıxa bilər. Amma bunun 2020-ci ildən tez olmayacağı dəqiqdir. Bunun da görünən səbəbləri var. Məsələ burasındadır ki, hazırda Messi və Ronaldonu daban-dabana izləyən, amma hələ ki, karyerasının zirvəsinə çata bilməyən ulduzlar var. Söhbət Neymar, Hazard, Beyl, Xames Rodriges kimi futbolçulardan gedir. Hərçənd real perspektiv haqda qəti söz söyləmək olmur. Nə bilmək olar, bəlkə bu il başqa bir “yadplanetli” peyda oldu, hər oyunda qolları sıraladı və ilin sonunda da Eritreya və Beliz kimi “əntiq ölkə” millilərinin kapitanlarını heyran elədi...

İki “diktator”dan sonra “Qızıl top”a namizəd axtarmaq üçün bir az saf-çürük etmək lazımdır. Bunu hansı kriteriyalara əsasən etməliyik? Deməli, son illərin təcrübəsindən yaralanmağa məcburuq. Qapıçı və müdafiəçiləri dərhal sərbəst buraxırıq: dünyanın ən yaxşı qapıçısı Manuel Noyer üçün son hədd 2014-cü ildə 3-cü yer oldu. Heç yarımmüdafiəçilərin də şansı çox deyil. Hətta Xavi, İnyesta, Riberi belə ən yaxşı vaxtlarında “Top”suz qaldı. Bəs o “üçlüy”ə düşmək üçün vacib olan nədir? Mümkün qədər çox qol vurmaq öz yerində...

Çempionatların nüfuzuyla bağlı da məsələ məlumdur: Almaniya, İtaliya və Fransanın şansı yoxdur. Qalır İngiltərə Premyer Liqası və İspaniya La Liqası. İngiltərənin nəhəng klublarında bombardir qıtlığı yaşanır. Deməli, ümid təkcə İspaniya çempionatınadır. Messi “Barselona”da qalırsa, Neymar ikinci olmağa məhkumdur (bu məsələyə az sonra qayıdacağıq). Suaresi isə əvvəlki günahlarına görə işıqlı sabah gözləmir.

“Real”da isə vəziyyət fərqlidir. Əvvəla, Ronaldo “yol üstündədir”: Avropa mətbuatı onu ya Parisə, ya Londona, ya da Mançesterə göndərir. İkincisi, portuqaliyalı ulduzun oyununda eniş hiss olunur. O, karyerasının zirvəsinə çatıb və artıq bu səviyyəni qorumaq yaş baxımından çətin olacaq. Odur ki, 2016-cı il məsələn, onun komanda yoldaşı Qaret Beyl üçün əhəmiyyətli ola bilər. Uelsli futbolçu hücum xəttində istənilən mövqedə oynaya bilir. Mütəxəssislərin hesablamalarına görə, o, cari mövsümdə 5 dəfə amplua dəyişib. Bundan başqa, qalmaqaldan uzaqdır, simulyasiyaya meylli deyil və klubu müqavilə şərtlərinin yenilənməsiylə təhdid etmir. İl Qaret üçün yaxşı başlayıb. Yanvarda keçirdiyi oyunlarda Beyl 4 qol vurub. La Liqanın 19-cu turunda “Deportivo” ilə matçda het-trik də qeydə alındı. Yayda isə onu Uels millisinin heyətində tarixi Avropa çempionatı gözləyir. Əgər Fransada keçiriləcək turnirdə də seçmə mərhələdəki kimi parlaq və faydalı oynasa, Uelsin rəqibləri üçün çox çətin olacaq. Belədə “Qızıl top”a namizədlər siyahısında Qaretə səs verənlərin sayı da arta bilər.

Qayıdaq Neymara. Messi və Ronaldonun xələfi haqda danışarkən ilk ağıla gələn braziliyalı top sehrbazı olur. Sözün həqiqi mənasında Neymar da top sehrbazıdır. Topla əla rəftar edir. Publikanı oyunuyla əyləndirir, gözəl qollar vurur. Bəzi hallarda komandanı təkbaşına qələbəyə də daşıyır. Gələn ay 24 yaşı tamam olacaq Neymarın artıq Avropa futboluna tam uyğunlaşdığını söyləyə bilərik. Yadımdadır, “Barselona”ya transfer olunan vaxt hamı onun müəyyən vaxta ehtiyacı olduğunu deyirdi. Bu gün isə o, dünyanın ən yaxşı 3 oyunçusundan biridir. Odur ki, uyğunlaşma söhbətini bağlamaq olar.

Və yaxud 24 yaşında Almaniya Bundesliqasını İngiltərə Premyer Liqasına dəyişməklə karyerasında yeni səhifə açan Kevin De Bruyneni də qeyd edə bilərik. Nə bilmək olar, bəlkə yaxın gələcəkdə belçikalı yarımmüdafiəçinin ulduzu daha çox parlamağa başladı. “Mançester Siti”nin aparıcı fiqurlarından birinə çevrilən Kevində bu potensial görünür.

Bütün bunlara rəğmən, 28 yaşlı Messinin hazırki mövqeyini asanlıqla təslim etməyəcəyi də məlumdur. Odur ki, bəlkə də onların xələfini daha azyaşlı ulduzlar arasında axtarmalıyıq. Belədə ağıla iki isim gəlir: 22 yaşlı Pol Poqba (Yuventus) və 19 yaşlı Koman (Bavariya).

Hamımızın dəfələrlə eşitdiyi bir misal var: zirvəyə çıxmaq daha asandır, nəinki orada qalmaq. Əlbəttə, Messi və Ronaldo da həmişə belə qalmayacaq. Nə vaxtsa dünya yeni superqəhrəmanlarını tanıyacaq. Planetin ən yaxşı futbolçusu üçün verilən “Qızıl top” 10 il əvvəl olduğu kimi yenə əldən-ələ keçəcək. Hərçənd bir müddət Neymarın hegemonluq etməsi də mümkün variantlar arasındadır. Amma burada bir məqam var. Braziliyalı futbolçu və sabitlik bir-birinə uyğun gəlmir.

Belçika futbolunun yeni nəslindən, məsələn, Hazard və De Bruynedən sıçrayış gözləməyə dəyər. Almanlar isə yəqin ki, hələ bir müddət “Qızıl top”a həsrətlə baxacaq. Yaxşıların yaxşısı olmaq üçün zəruri element, xarizma onlarda çatmadı. Robben və Riberi kimi əfsanələrin də qızıl dövrü geridə qaldı. Onların bəxtdən şikayətlənməyə haqqı var. İki dahiylə eyni dövrdə futbol oynamaq, parlamaq faydasız oldu.

Bu gün üçün Messiylə Ronaldoya bab axtarmaq mənasız işdir. Bir neçə il də bu iki dahinin oyunundan zövq almaq imkanımız var. Amma gələcəkdə yeni qəhrəmanlar üzə çıxacaq. Mütləq çıxacaq. Bizə isə Kuk adaları və ya Kamboca kimi ölkələrin də bundan xəbər tutmasını arzulamaq qalır. Sonda məşhur bir futbol kəlamının yeni versiyasını oxucuların diqqətinə çatdırmaq istəyirəm: “Futbolu hamı oynayır, amma həmişə almanlar qalib gəlir. “Qızıl top”u isə yalnız Messi və Ronaldo qazanır”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm