Türkiyədə dövlət futbola sahib çıxdı
Bizi izləyin

İdman

Türkiyədə dövlət futbola sahib çıxdı

Türkiyə futbolunu gündən-günə dərinləşən böhrandan çıxarmaq üçün tarixi bir addım atılır.

Publika.az xəbər verir ki, İdman Nazirliyi, Türkiyə Futbol Federasiyası və Klublar Birliyinin birgə hazırladığı layihə ilə klubların 3,5 milyard lirəlik (təxminən 1 milyard 841 min manat) borcları bağlanacaq.

Belə ki, 3 böyük dövlət bankı bu borcları 10 illik az faizli kreditlə bağlayacaq. Bu borcun 1 milyard lirəsi Sosial Müdafiə Fonduna və vergi orqanlarına, qalan 2,5 milyardı isə özəl banklara olan borclardı. Lakin klublar həmin borcları ödəməyə çətinlik çəkir ki, bu da futbol təsərrüfatında ciddi problemlərə səbəb olur.

Klubları borc böhranından çıxaracaq layihəyə Ziraat Bankı, XalqBank və VakıfBank qoşulacaq. Klubların özəl banklardan götürdüyü kreditlər üçün qoyduğu girovlar adıçəkilən banklara veriləcək. Klubların daşınmaz əmlakları, yayım, sponsorluq, bilet satışı gəlirləri dövlət bankları üçün təminat olacaq.

Layihə hələ tam hazır olmasa da, klubların yeni krediti ilk 1 və ya 2 ildə ödəməkdən azad olunacağı gözlənir. Bu müddətdə onlar özlərinə gələcək, maliyyə vəziyyətlərini bir qədər yaxşılaşdıracaqlar.

Qeyd edək ki, Türkiyə klublarının 2,5 milyard lirəlik bank borcunun yarısından çoxu 4 böyük klubun - "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"un payına düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm