İdmançılarımız etiraz etdi: "Zalda bədən şişirtməklə..."
Bizi izləyin

İdman

İdmançılarımız etiraz etdi: "Zalda bədən şişirtməklə..."

Bir neçə gün əvvəl yanacaqdoldurma mərkəzində baş verən insident mətbuatın gündəmini zəbt etdi. Dava-dalaş salıb, mühafizəçini döyən "idmançılar"ın hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Təbii ki, bu cür davranış sərgiləyən, özündən zəifə güc tətbiq edən birinin idmançıya bənzədilməsi haqlı narazılığa səbəb oldu. Buna həqiqi idmançılarımızın reaksiyası da mənfi oldu.

Xatırladaq ki, yanvarın 25-də gecə saat 04:00 radələrində Bakının Tiflis prospektindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinə 90-HN-999 dövlət nömrə nişanlı “Bentley” avtomobillə gəlmiş İsa Əzizovla məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və idmançı olduğu deyilən İsa Əzizov müəyyən edilərək saxlanıblar.

Publika.az olaraq əvvəlcə səbəbkarın idmançı olub-olmadığını araşdırmağa çalışdıq. Maraqlıdır ki, bu "idmançı"nın Avropa və dünya səviyyəsində hec bir nəticəsi yoxdur. Hətta yerli çempionatlarda belə adı çəkilməyib. Belədə onların idmançı adlandırılması Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında nəticə vermək üçün qan-tər tökənlərə sözün əsl mənasında haqsızlıqdır. Bu üzdən tanınmış idmançılarımızın və idman xadimlərimizin hadisəyə mənfi reaksiya verməsi başadüşüləndir.

Publika.az-a açıqlama verən idman adamları belələrinin idman aləminə və peşəkar idmançı adına xələl gətirdiyini dedilər.

Fərid Mansurov (Olimpiya və ikiqat dünya çempionu, AGF-nın gənclər üzrə vitse-prezidenti)

"Əgər biri gedib nəsə düzgün olmayan hərəkət edibsə, onu bütün idmançılara şamil etmək olmaz. Hər sahənin yaxşısı da var, pisi də var. Yaxşıları da pisə görə silmək olmaz. Mənim fikrimcə, zala gedib qolunu, bədənini şişirdərək kənarda adi bir insana şillə-təpik vurmaq idmançıya yaraşan hərəkət deyil. İkincisi də idmanda əziyyət çəkən adam hec vaxt bunu etməz. Belə deyərdim, bir-iki dəfə zala gedib dava-dərmanla bədənini şişirdən adını idmançı qoyur... Amma bunları Avropa, dünya çempionlarına, olimpiya oyunlarının qaliblərinə tay tutmaq düzgün deyil. Həmin hadisəni törədən şəxsi tanımıram. Sosial şəbəkədən oxudum, deyilənə görə, Adil Əliyevin qohumlarından biridir. Adil müəllim özü də "facebook"da bu barədə yazdı. Bu o demək deyil ki, həmin qohuma görə Adil müəllim cavabdehlik daşıyır. Bir də deyirəm, nəticəsi olan idmançılar belə hərəkət etməz".

Firdovsi Umudov (Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi)

"Belələrinin idmançı adlandırılması idmançılarımıza haqsızlıqdır. Biz hər birimiz bu dövlətin əsgərləriyik. Gecə-gündüz dövlətimizin qulluğunda durmağa hazır olmalıyıq. Biz gücümüzü başqa cür göstərməliyik. Düşmənimizlə savaşmalıyıq. İdmançı hərəkəti ilə başqalarına nümunə olmalıdır. İnsanlar bizə baxıb ibrət götürməlidir ki, övladımı idmana qoyum, sağlam ruhda, sağlam əqidədə böyüsün. Daha yanacaqdoldurma mərkəzində dava salıb kimisə döyməsin. Düzdür, dəqiq bilmirəm hadisə necə olub, kimin günahı var, kimin yoxdur. Onu hüquq-mühafizə orqanları araşdıra, təyin edə bilər. Amma mən həmişə dava-dalaşın əleyhinə olmuşam".

Eduard Məmmədov (Əməkdar idman ustası, əməkdar məşqçi, kikboksinq üzrə 22 qat dünya çempionu)

"Bu məsələdən məlumatım var. Əsl idmançı özünü bu tərzdə göstərməməlidir. Əsl idmançı gücünü ancaq qazandığı nailiyyətlərlə göstərə bilər. Zala gedib "ştanq" qaldırmaq idmançı olmaq deyil. İş başında mühafizəçini döymək, əzişdirmək idmançıya yaraşmayan bir hərəkətdir. Həvəskar idmançılar çoxdur, ancaq onları idmançı adlandırmaq olmaz. Onlar sadəcə trenajor zalına gedib, idmanla məşğul olan insanlardır. Bayrağı qaldıranlarımız çox yaxşı anlayır ki, özündən zəiflərlə əllə qolla danışmaq olmaz".

Rəhman Hətəmov (Karate federasiyasının birinci vitse-prezidenti)

"İdmançılar iki qrupa bölünür: peşəkar və qeyri-peşəkar. Peşəkar idmançıların dava etməyə nə halı, nə də həvəsi olur. Hətta mübahisəli vəziyyət olanda çalışır yola versin. Çünki onun fikri-zikri idmanda nəticə qazanmaqdadır. Çempion olandan sonra o adı qorumağa çalışır. Yəni bütün gücü, istəyi, amalı, həyat tərzi bu olur. Ancaq qeyri-peşəkar idmançılar o nəticələri qazana bilmədiyi üçün acığını belə davalardan çıxarır".

Ramin İbrahimov (London Paralimpiya Oyunlarının qalibi)

"Onlar bədən tərbiyəsilə məşğul olublar. Böyük idman başqa şeydir. Böyük idmanla məşğul olan biri sıravi vətəndaşa müqavimət göstərməz".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm