Fariz Məmmədov: “Mən çempion olmalıyam”
Bizi izləyin

İdman

Fariz Məmmədov: “Mən çempion olmalıyam”

Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov fevralın 6-da peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxacaq.

Boksçumuz Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşacaq. Uzun müddətdir bu vacib döyüşə hazırlaşan Məmmədov qarşılaşma öncəsi açıq məşqə çıxıb.

Publika.az xəbər verir ki, Məmmədov məşqin ardından jurnalistlərin suallarını cavablandırıb:

"2001-ci ildən bir hədəfim var idi - mən çempion olmalıyam. Bu yola çıxmışamsa, bunu tamamlamaq lazımdır. 15 illik həsrətə son qoymaq istəyirəm. Şəxsi agentim Yaşar Niftəliyevə təşəkkürümü bildirirəm. Hər zaman yanımdadır. Karyeramı ona etibar etmişəm. "Qəbələ" İdman Klubuna da sonsuz təşəkkürlərimi bildirirəm. 15 illik həsrətimi gerçəkləşdirməyimə imkan yaratdılar. Bu, Azərbaycan boks tarixində yeni səhifədir. Belə bir söz var - güclü olanların bəxti gətirir. İnanıram ki, mənim də bəxtim gətirəcək. Hesab edirəm ki, peşəkar boks üzrə dünya titulu uğrunda Azərbaycanda vuruşmağımın özü də bəxt amilidir".

Fariz Məmmədov rəqibi haqda da qısa məlumat verib:

"Artıq 6 aydır ki, Badrunu tanıyıram. Bu işlə məşğul olan məşqçilər var. Solaxay olduğunu deməliyəm ki, bu da boksda çətinlik yaradır. Ancaq mənim üçün çətinlik yaradacağını düşünmürəm. Çünki artıq 6 aydı ona qarşı hazırlaşıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm