Mübariz Mənsimov “Xəzər Lənkəran” və “Palsüd”dən imtina edir?
Bizi izləyin

İdman

Mübariz Mənsimov “Xəzər Lənkəran” və “Palsüd”dən imtina edir?

Mübariz Mənsimov bundan sonra "Xəzər Lənkəran"a pul ayırmayacaq.

Publika.az "komanda.az"a istinadən xəbər verir ki, "Palmali" şirkətlər qrupunun prezidenti Azərbaycandakı digər biznesinə - "Palsüd"ə də maliyyə ayırmaqdan imtina edib. Bu yaxınlarda vətəndə olan Mənsimov yaxın qohumları, "Xəzər Lənkəran" və "Palsüd" rəhbərliyi ilə görüşüb.

Mənsimovlar ailəsinə yaxın olan və görüşdə iştirak edən şəxsin saytımıza verdiyi məlumata görə, Mübariz Mənsimov olduqca əsəbi olub. O, bundan sonra nə "Xəzər Lənkəran"a, nə də "Palsüd"ə maliyyə ayırmayacağını bildirib. Mənsimov xüsusən də "Xəzər Lənkəran" rəhbərliyinin fəaliyyətindən gileylənib:

"Bu illər ərzində 300 milyon dolların başına daş saldız. Götürün, o "Xəzər Lənkəran", o da "Palsüd". Bundan sonra məndən pul istəməyin. Necə bacarırsızsa, eləcə də saxlayın".

Mənbə onu da bildirdi ki, Mübariz Mənsimov Masallı stadionuna müştəri tapılması ilə bağlı yaxın qohumlarına göstəriş də verib.

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu isə bizə açıqlamasında bütün bu məlumatları təkzib etdi:

"Yazıda gedən faktlar həqiqəti əks etdirmir. İlk olaraq qeyd edim ki, yaxın zamanlarda "Palmali" Şirkətlər Qrupunun prezidenti deyilən tərkibdə ümumiyyətlə hansısa görüş, iclas və ya tədbir keçirməyib. Şirkətimizə məxsus "Palsüd" şirkəti artıq özünü tam olaraq idarə edəcək bir duruma gəlib və buraxdığı məhsullar üzrə ölkədə lider brenddi. Təkcə onu qeyd edim ki, son aylar məhsullarının qiymətini qaldırmayan yeganə şirkət olan "Palsüd"ün təkcə qablaşdırması bütün Avropa standartlarına cavab verir və bu sahədə həmin göstəricini təkrarlayan rəqib yoxdu. Hazırda adıçəkilən zavod klubumuzun sponsor tərəfdaşlarından biridir.

Digər yazılanlar da həqiqəti əks etdirmir. Çünki belə irad və ittihamlar səslənməyib.

Sonda qeyd edim ki, şirkət prezidenti belə toplantı keçirsəydi, orada bunları mətbuata açıqlayacaq birinin olması tamamilə absurd olardı".

Hazırda ciddi maliyyə problemləri olan "Xəzər Lənkəran"ın Azərbaycan Premyer Liqasında da işləri yaxşı getmir. Komanda 19 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm