Taekvondoçularımız Antalyaya yollanır
Bizi izləyin

İdman

Taekvondoçularımız Antalyaya yollanır

Fevralın 14-20-də Antalyada taekvondo üzrə beynəlxalq turnirlər keçiriləcək.

Publika.az xəbər verir ki, əvvəlcə fevralın 14-dən 16-dək Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən G1 kateqoriyalı üçüncü “Turkish Open” beynəlxalq turniri təşkil olunacaq. Ötən il İstanbulda keçirilən turnirdən Olimpiya Oyunlarına 1 lisenziya ilə Vətənə qayıdan və təlim-məşqləri davam etdirən kişilərdən ibarət yığma komandamız yarışlarda iştirak etmək üçün bu gün qardaş ölkəyə yollanacaq. Komandamız reytinq xalları uğrunda mübarizəyə 15 idmançı ilə qatılacaq.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi, əməkdar məşqçi Elnur Amanov yarışda millinin üzvlərindən Məcid Sofiyev, İlham Əliyev (hər ikisi 54 kq), Zəlimxan Rəşidov, Məmmədalı Quliyev (hər ikisi 58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami, Maqomedyassin İbragimov (hər üçü 63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikisi 68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü 74 kq), Seyid Əziz Bədirxanlı (80 kq) və Bayraməli Vəliyevə (87 kq) etimad göstərib.

Gənclər yığması isə turnirdə 6 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayevin sərəncamında olan idmançılardan 48 kiloqram çəki dərəcəsində Cavid Məmmədov, Qaşım Maqomedov (55 kq), Ələsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Orxan Tağızadə (78 kiloqramdan yuxarı) və Gülsüm Gültekin (63 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Bir günlük fasilədən sonra fevralın 18-20-də dördüncü klublararası Avropa çempionatı təşkil olunacaq. Respublikamızda fəaliyyət göstərən taekvondo klublarından “Gilan” 26, “Sumqayıt” 3, “Təhsil” Respublika İdman Mərkəzi 21 idmançı ilə qitə çempionatına qatılacaq. Çempionatda yığma komandanın heyətində yer alan taekvondoçular öz klublarını təmsil edəcəklər.

Yarışlarda ədalət təmsilçilərimizdən isə Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi komanda vətənə fevralın 20-də qayıdacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm