Çempionlar Liqasında pley-off mərhələsi başlayır
Bizi izləyin

İdman

Çempionlar Liqasında pley-off mərhələsi başlayır

Böyük futbol həyəcanı nəhayət ki, geri dönür. Səbrsizliklə gözlədiyimiz avrokuboklarda fasilə başa çatmaq üzrədir. Çempionatlar öz yerində, amma Çempionlar Liqası və ya Avropa Liqasının oyunlarını izləmək başqa zövq verir.

Publika.az xəbər verir ki, bu qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün start veriləcək. İlk oyun günündə PSJ “Çelsi”ni qəbul edəcək. “Zenit” isə “Benfika”nın qonağı olacaq.

Qrup mərhələsi başa çatandan bəri bu komandalardan ən çox dəyişikliyə məruz qalan “Çelsi” olub. İlk növbədə baş məşqçi dəyişikliyini qeyd etmək lazımdır. Joze Mourinyonun gedişindən sonra onun yerinə Quus Hiddink gətirildi. 2008/09 mövsümündə də “Zadəganlar”ı çalışdıran Holland mütəxəssis ÇL-də məğlub olmamışdı. O zaman onların yolunu yarımfinalda səfər qolu hesabına “Barselona” kəsmişdi.

İndi yenə Hiddinki çətin pley-off mərhələsi gözləyir. Bu dəfə komandadakı vəziyyət də fərqlidir. “Çelsi” 1/4 finala çıxmaq üçün hazırda yaxşı formada olan PSJ səddini keçməlidir. Paris klubu Fransa çempionatında 44 oyundur məğlubiyyət tanımır. Elə Hiddinkin gəlişindən sonra “Çelsi” də 12 oyundur uduzmur.

Portuqaliyada da maraqlı oyun gözlənilir. Heyətində zədəli futbolçular olan “Zenit” uzunmüddətli qış tətilini sığortalamaq üçün 3 təlim-məşq toplanışında olub. Qətərdə, Portuqaliyada və İspaniyada hazırlıq keçən piterlilər bu arada “Atlantic Cup” turnirinin qalibi olub. Bundan başqa, yeni transferlər – Joze Maurisio, Yuri Jirkov və Aleksandr Kokorinin adı iştirak ərizəsinə salınıb.

İndiki məqamda “Benfika” rəqibindən daha şanslı görünür. Elə “Zenit”in baş məşqçisi Andre Villaş-Boaş da bunu gizlətmir. Lissabonluların məğlubiyyətsiz oyunlar seriyasından onun da xəbəri var. Ancaq qarşıda “Qartallar”ı ağır qrafik gözləyir. “Portu”, “Zenit”, “Sportinq”lə qarşılaşmalardan maksimum nəticəylə çıxmaq çətin olacaq.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

16 fevral

23:45 PSJ (Fransa) – Çelsi (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

Paris. “Park de Prens” stadionu

23:45 Benfika (Portuqaliya) – Zenit (Rusiya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Lissabon. “Da Luj” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm