Qaliblər mükafatlandırıldı
Bizi izləyin

İdman

Qaliblər mükafatlandırıldı

Bu gün fevralın 21-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku finalının ikinci hissəsində kişilər arasında halqalarda, gimnastika atında və sərbəst hərəkətlərdə, qadınlarda isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü, Yaponiya Gimnastika Assosiasiyasının baş katibi Morinare Vatanabe, bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti, Olimpiya çempionu Nelli Kim, FIG-nin Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin üzvü Holqer Albrext və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.

Qeyd edək ki, azərbaycanlı gimnast Oleq Stepko Dünya Kuboku çərçivəsində qızıl, gümüş və bürünc medal qazanıb.

Digər Azərbaycan gimnastı Marina Nekrasova isə bürünc medal əldə edib.

Azərbaycan Gimnastika Federasiyasının ən yaxşı icra etməyə görə xüsusi təsis etdiyi "AGF Trophy" mükafatı da təqdim olunub. Kişilər arasında mükafata yaponiyalı Kenzo Şirai, qadınlar arasında isə özbəkistanlı Oksana Çusovitina layiq görülüb. Mükafatları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva təqdim edib.

Qeyd edək ki, İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatıb. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edib.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm