Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi – FOTO/VİDEO
Bizi izləyin

İdman

Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi – FOTO/VİDEO

Türkiyə Superliqasının 22-ci turunda "Qalatasaray"la "Trabzonspor" arasında baş tutan oyunda qeyri-adi olay baş verib.

Publika.az xəbər verir ki, baş hakim Deniz Ateş Bitnelə qonaq komandanın futbolçusu Salih Dursun 86-cı dəqiqədə qırmızı vərəqə göstərib.

Bu, referinin "Trabzonspor"un qapısına şübhəli penalti təyin etməsindən sonra yaşanıb. Qaydanı pozduğu iddia edilən Luis Pedro Kavanda baş hakimin üzərinə cumaraq, onu itələyib. Əvəzində o, önündə qırmızı vərəqə görüb. Etirazlar davam etdiyi vaxt referinin əlindən qırmızı vərəqəni alan Dursun onu Deniz Ateşə göstərərək, başı ilə "çıx meydandan" işarəsi verib. Təbii ki, onun bu hərəkəti cavabsız qalmayıb və hakim ona da “qırmızı” göstərib.

Ümumilikdə, baş hakim "Trabzonspor"un əleyhinə 4 qırmızı vərəqə göstərib. Luis Pedro Kavanda və Salih Dursundan əlavə, Özer Hurmacı və Aykut Demir də meydandan qovulub. Eyni zamanda 2 penalti qərarı verilib. "Trabzonspor" 25-ci dəqiqədə Erkan Zenginin qolu ilə bu imkandan yararlanıb. Lakin 63-cü dəqiqədə Lukas Podolski, 89-cu dəqiqədə isə mübahisəli penaltidən Selçuk İnan fərqlənərək, "Qalatasaray"ın qələbəsini təmin edib - 2:1.

Oyundan sonra "Trabzonspor" azarkeşləri Türkiyə Futbol Federasiyasının Trabzondakı binasına hücum edərək şüşələrini qırıb və federasiya əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" xal sayını 37-yə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Trabzonspor" isə 27 xalla 9-cu sırada qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm