Qurban, Qurbanov və qarşısıalınmaz zirəlilər
Bizi izləyin

İdman

Qurban, Qurbanov və qarşısıalınmaz zirəlilər

Azərbaycan Premyer Liqasının 22-ci turunda bir sıra maraqlı rekordlar və yubileylər qeydə alınıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov “Neftçi”nin heyətində 50-ci oyununu keçirib. O, yubileyini “Qarabağ”la matçda qeyd edib. Qurbanov bu qarşılaşmalarda 13 qol vurub. 2010/11 mövsümündə debüt etdiyi ağ-qara formada 6 matça çıxan hücumçu 2013/14 mövsümündə 15 oyunda 3 qol vurub. Ötən çempionat 11 görüşdə 3 dəfə fərqlənən milliləşən legioner cari mövsümdə məhsuldarlığı ilə seçilib. 18 oyunda 7 qola imza atan Qurbanov hesabını 13 topa çatdırıb. “Neftçi”dən başqa yalnız “Sumqayıt”da oynamış Qurbanovun hesabında ümumilikdə Premyer Liqada 103 matçda 22 qol var.

“Neftçi” ilə oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün də əlamətdar olub. 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb (2:0). O, buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub. Qurbanov 150-ci qələbəsini qazandığı oyundakı rəqib “Neftçi”də başladığı məşqçilik karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-07-ci illərdə baş məşqçisi olduğu “Neftçi”dən fərqli, “Qarabağ”da daha uzun müddət – 2008-ci ildən indiyədək çalışan Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. Qurbanov Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.

Premyer Liqanın debütantı “Zirə” ardıcıl 4-cü qələbəsini qazanıb. 2016-cı ildə xal itirməyən paytaxt klubu mövsümün ikinci yarısında 2 qolla 3 xal qazanmaq seriyasını davam etdirib. 19-cu turda “İnter”i, 21-ci turda “Rəvan”ı eyni 2:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri ilin ikinci səfərində də 2:0-a sevinib. 20-ci turda “Sumqayıt”ı bu hesabla məğlub edən zirəlilər bu dəfə “Xəzər Lənkəran”ın meydanında 3 xalı 2 cavabsız qolla əldə edib. Çempionatın I dövrəsində - 5-7-ci turlarda 3 qələbədən ibarət seriyası olan “Zirə” özünün yeni rekordunu müəyyənləşdirib. Ümumiyyətlə, cari mövsümdə ən uzun qələbə seriyası məhz 4-ə bərabərdir. Bu rekordu təkrarlayan debütantadək iki dəfə “Qarabağ” (2-5 və 10-13-cü turlarda), hərəyə bir dəfə “Qəbələ” (5-8-ci turlar) və AZAL (16-19-cu turlar) belə seriyaya imza atmışdı. 23-cü turda “Neftçi”ni qəbul edəcək qəsəbə təmsilçisi qalib gəlsə, mövsümün mütləq rekorduna yiyələnəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm