UEFA-dan RƏSMİ AÇIQLAMA: “Zirə”nin avrokuboka yolu bağlandı? - FOTO
Bizi izləyin

İdman

UEFA-dan RƏSMİ AÇIQLAMA: “Zirə”nin avrokuboka yolu bağlandı? - FOTO

Hazırda Premyer-Liqada ikinci pillədə qərarlaşan, hətta çempionluq mübarizəsində olan “Zirə”nin avrokubokda oynayıb-oynamama məsələsi çoxdandır müzakirə mövzusudur. 2014-cü ildə yaranan və cəmi bir ilə I diviziondan elitaya yüksələn komandanın yayla bağlı perspektivləri yeni qaydalar səbəbindən dumanlıdır.

Əvvəlcə qeyd edək ki, bütün bu məsələlər “UEFA Klubların Lisenziyalaşması və Maliyyə Feyr-pleyi qaydaları”nın 2-ci bölüm (Lisenziya tələbkarı və lisenziya), 12-ci maddəsi (lisenziya tələbkarının müəyyən edilməsi və 3 il qaydası) ilə bağlıdır. Bu maddənin ikinci bəndində deyilir: “Lisenziya istəyən klubun üzvlüyü və (varsa) müqavilə daxilində münasibətləri lisenziya verilən mövsümün başlanğıcına qədərki ardıcıl 3 il ərzində fəal olmalıdır”.

Yəni bu o deməkdir ki, “Zirə” bu qaydalara uyğun gəlmək və avrokuboklarda iştirak üçün lisenziya almaq istəyirsə, minimum daha 1 il gözləməlidir. Ən yaxşı halda bu icazə 2017-ci ilin yayında verilə bilər. Ancaq məsələnin mənəvi və idman etikası tərəfi də var. “Zirə” həm təşkilati işləri, həm də nümayiş etdirdiyi oyunu ilə bu yay məsələn, Avropa Liqasının seçmə mərhələsində çıxışı haqq edir. Belə çıxır ki, cəmi 2 yaşı olsa da, sabit maliyyə gəlirli, güclü, rəqabətədavamlı komanda layiq olduğu şansı əldə etməyəcək.

Məsələ ilə bağlı UEFA-ya məktub yazmaq qərarına gəldik. Avropanın ali futbol qurumuna göndərdiyimiz sorğu belə idi: “2014-cü ildə yaranan və hazırkı çıxışı ilə böyük ehtimalla avrokuboklara getmə şansı qazanacaq “Zirə”, “UEFA Klubların Lisenziyalaşması və Maliyyə Feyr-pleyi qaydaları”nın 2-ci bölüm, 12-ci maddəsinə əsasən bu imkandan məhrum edilə bilər. Bu qaydanın “Zirə”yə tətbiq olunma ehtimalı necədir?”

UEFA-dan Rekord.az-a daxil olan cavab özünü çox gözlətməyib: “UEFA-ya üzv assosiasiyalar (və ya müəyyən şərtlər altında törəmə liqaları) lisenziya verənlər kimi fəaliyyət göstərir və öz klublarına lisenziya verib-verməməyə qərar verir. Belə bir lisenziya UEFA klub yarışlarında iştirak etmək üçün lazım olan qəbul meyarlarından biridir. Hər bir UEFA üzv assosiasiyası “UEFA Klubların Lisenziyalaşması və Maliyyə Feyr-pleyi qaydaları”nda (CL&FFP) mövcud bütün tətbiq olunan müddəaların, lisenziya verilən klubların yerli lisenziya qaydalarına inteqrə olunmasını təmin etməlidir. Odur ki, birbaşa Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət etməyinizi xahiş edirik”.

Cavab çox diplomatikdir. Bir tərəfdən yerli assosiasiya “ötürmə verərək” məsuliyyəti onların üzərinə qoyur, digər tərəfdən isə üstüörtülü də olsa, “bu qaydalardan kənara çıxmaq olmaz” mesajını verir. Bir sözlə, UEFA bu məsələdə məsuliyyəti AFFA-nın üzərinə atıb. Son instansiya olaraq AFFA-ya da müraciət etdik. Qurumun Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla söhbətimiz zamanı, “Zirə” üçün sevindirici çox az xəbər eşitdik. Hətta deyərdik ki, komandanın avrokubok şansının minimumdan da az olduğu fikri formalaşdı. Məmmədov qeyd etdi ki, “UEFA-nın sizə verdiyi cavabda lisenziya məsələlərində qərar vermə ixtiyarının bizdə olduğunu qeyd edib. Bu, həqiqətən də belədir. Ancaq nəzərə almaq lazımdır ki, biz kluba lisenziya verib sonradan bunu niyə, hansı əsasla etdiyimizi, qaydalara uyğun edib-etmədiyimizi UEFA-nın hər il göndərdiyi xüsusi audit qarşısında əsaslandırmalıyıq. Yəni qərarı biz veririk, qaydaları ölkə daxilinə inteqrasiyasını təmin edirik, amma nə olursa-olsun müvafiq UEFA qaydalarından kənara çıxmağımız mümkün deyil”.

Məsələ aydındı: UEFA diplomatik şəkildə yaxasını kənara çəksə də, “qaydalara riayət edin” göstərişini də AFFA-ya verib. Qaydalar isə “Zirə”yə şans vermir.

Məmmədovun kiçik bir əlavəsi də oldu: “Təbii ki, istisna hallar var. Bu, “UEFA Klubların Lisenziyalaşması və Maliyyə Feyr-pleyi qaydaları”nın 4-cü əlavəsində - “ANNEX IV: Extraordinary application of the club licensing system”, yəni “Klub lisenziyalaşma sisteminə xüsusi əlavələr” – göstərilir. Bu əlavəni əsas götürərək biz mart-aprel aylarında bir masa arxasına otura, müzakirə edə və məhz klubunun özünün UEFA-ya müraciətini hazırlaya bilərik. Orada “Zirə” avrokuboklarda iştirakı üçün istisna addımın atılmasına səbəb verəcək məqamları göstərməli, Avropa ali futbol qurumunun qərarını gözləməlidir”.

Ancaq Elçin bəyin səsləndirdiyi daha bir fikir, çox da ümidlənməməyimizə rəvac verdi: “Zirə” kimi müraciət edənlər də olub, ancaq UEFA-dan mənfi cavab alıb”.

Bütün bu danışıqlar, aldığımız cavablar, oxuduqlarımız, qaydalarda yazılanlara əsasən formalaşan fikir bir oldu: çox təəssüf, amma “Zirə”nin avrokuboklarda çıxış etmək şansı demək olar ki, yoxdur! Hətta 1 faiz civarındadır.

AFFA müvafiq köməyi göstərəcəyini, UEFA-ya müraciət etməyə, lazımi sənədlərin hazırlanmasında bütün dəstəyi verməyə hazır olduğunu bəyan edib. Ancaq bunun müsbət nəticə vermə ehtimalı çox azdı. Ümid edək ki, UEFA ilk istisnasını bizim üçün edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm