“Ərəb baharı”, keçmiş məhbus, 1 milyon dollarlıq vəd
Bizi izləyin

İdman

“Ərəb baharı”, keçmiş məhbus, 1 milyon dollarlıq vəd

Sabah FİFA-ya prezident seçkiləri keçiriləcək. Əslində, FİFA prezident seçkiləri keçən il, mayın 29-da keçirilmiş və 1998-ci ildən bu quruma rəhbərlik edən Yozef Blatter prezident seçilmişdi. Ancaq ötənilki seçkilərdən öncə FİFA-da yaranmış korrupsiya qalmaqalı və bu qurumun bir neçə yüksək vəzifəli əməkdaşının həbs edilməsindən sonra Blatter istefa vermiş və təkrar seçkilərin keçiriləcəyi açıqlanmışdı.

İsveçrəli futbol funksioneri yeni seçkilərdə də namizədliyini versə də, korrupsiya ilə bağlı yeni faktların meydana çıxması və FİFA Etika Komitəsi tərəfindən 8 il müddətinə (sonradan FİFA Apellyasiya Komitəsi bu cəzanı 6 ilə endirdi) futboldan kənarlaşdırılmasından sonra builki seçkilərdən kənarda qaldı. Onun əsas rəqiblərindən olan UEFA-nın sabiq prezidenti Mişel Platini də prezidentliyə namizədliyini versə də, FİFA Etika Komitəsinin onu da cəzalandırmasından sonra Blatterin aqibətini yaşamışdı.

Sabah isə FİFA-nın yeni prezidentinin kimliyinə aydınlıq gələcək. Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə, UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, CAR-lı iş adamı Tokyo Seksvale və FİFA baş katibinin keçmiş müavini Jerom Şampan FİFA prezidenti olmaq uğrunda mübarizə aparacaqlar.

Seçkidən bir gün öncə namizədlərlə yaxından tanış olaq.

Canni İnfantino

2000-ci ildən çalışdığı UEFA-da 2009-dan baş katib kimi fəaliyyət göstərən Canni İnfantino çoxumuza Çempionlar Liqasının və Avropa Liqasının püşkatmasından tanışdır. UEFA-da Mişel Platininin "sağ qolu" olan italyan əsilli isveçrəli futbol funksioneri, Avropanın ali futbol qurumunun sabiq prezidentinin yuxarıda vurğuladığımız səbəbdən FİFA prezident seçkilərindən kənarda qalmasından sonra namizədliyini verdi. İnfantino açıqlamalarında prezident seçiləcəyi təqdirdə, dünya çempionatının final mərhələsində iştirak edən komandaların sayını 32-dən 40-a çatdıracağını deyib. O, həmçinin AÇ-2016-da, Çempionlar Liqasında, Avropa Liqasında "qol xətti" texnologiyasının tətbiqinin tərəfdarı olduğunu dəfələrlə vurğulayıb.

İnfantino prezidentliyə namizədliyini verdikdən sonra ailəsinin və özünün ölüm təhdidləri aldığını deyib.

İngiltərə, Xorvatiya və Hollandiya kimi ölkələrlə yanaşı, Avropa Klublar Birliyi (ECA), Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) kimi qurumlar İnfantinonu dəstəklədiklərini açıqlayıblar.

Salman bin İbrahim Əl-Xəlifə

İnfantinonun əsas rəqibi isə Asiya Futbol Konfederasiyasının prezidenti, uzun illərdi futbol sferasında çalışan bəhreynli Şeyx Salman bin İbrahim Əl-Xəlifədir. 50 yaşlı futbol funksioneri əvvəllər futbolçu olub. Belə ki, Bəhreyn kral ailəsinə mənsub olan Salman 80-ci illərdə ölkəsinin "Riffa" komandasında top qovub. 1996-cı ildən Bəhreyn Futbol Federasiyasında müxtəlif vəzifələrdə çalışan Əl-Xəlifə, 2002-ci ildə həmin federasiyanın prezidenti seçilib. O, müəyyən dövrlərdə FİFA İntizam Komitəsində də yüksək vəzifələrdə çalışıb. 2013-cü ildən AFK-nın prezidenti olan şeyxin FİFA prezidenti olmasına əsasən, Bəhreynin insan haqları təşkilatları qarşı çıxır. Sözügedən təşkilatlar 2011-ci ildə gerçəkləşmiş "Ərəb baharı" hadisələrində yaxından iştirak etmiş 150-yə yaxın idmançının məhz Salmanın göstərişiylə həbsə atılaraq, işgəncəyə məruz qaldıqlarını qeyd edirlər. Əl-Xəlifə isə bu iddiaların doğru olmadığını deyib.

Salman seçiləcəyi təqdirdə, FİFA-nı iqtisadiyyatla bağlı departament və futbol bölməsi olmaqla iki yerə böləcəyini bildirib.

Şeyxi əsasən, rəhbərlik etdiyi Asiya Futbol Konfederasiyası ölkələri və Afrika təmsilçiləri dəstəkləyir. Ümumilikdə, Salmanı 100-dən artıq ölkənin dəstəklədiyi deyilir. Şeyx Salman FİFA prezidenti seçiləcəyi təqdirdə, FİFA-nın tarixi ərzində Avropa və Amerika qitələrindən kənarda seçilən ilk prezident olacaq.

Əli bin Əl-Hüseyn

İnfantino və Salmandan sonra üçüncü ən şanslı namizəd sayılan Əli bin Əl-Hüseyn İngiltərə və ABŞ-da təhsil alıb. 40 yaşlı şahzadə 1999-cu ildən 2008-ci ilə kimi İordaniya kralı 2-ci Abdullahı qorumaq vəzifəsini yerinə yetirən kral qvardiyasına rəhbərlik edib. 2008-ci ildə isə İordaniya Milli Təhlükəsizlik və Böhran Mərkəzinin rəisi kimi çalışıb. Bir müddət sonra o, İordaniya Futbol Federasiyasına rəhbər təyin edilib. O, həmçinin 13 ölkənin üzv olduğu Qərbi Asiya Futbol Konfederasiyasının da rəhbəridir.

Əl-Hüseyn ötən il də FİFA prezidentliyinə namizədliyini vermiş və ilk turda Blatterə 133-73 hesabıyla məğlub olduqdan sonra namizədliyini geri götürmüşdü. O, seçiləcəyi təqdirdə FİFA-dakı korrupsiya əməllərinin araşdırılması üçün ABŞ və İsveçrə hökumətləriylə sıx əlaqədə çalışacağını bildirib. Şahzadə həmçinin FİFA-nın dəyişikliklərə ehtiyacı olduğunu və bunun üçün 10 illik layihə hazırladığını qeyd edib. O, prezident seçiləcəyi təqdirdə, BMT-nin sabiq katibi Kofi Annanın başçılığı altında Müşahidə Şurası yaradacağını və görülən işlərə nəzarət olacağını qeyd etmişdi. Şahzadənin əsas istəyi FİFA-da şəffaflığın təmin edilməsidir.

O, bir neçə gün öncə, fevralın 26-da keçiriləcək seçkilərdə səsvermə kabinələrində şəffaflığın təmin edilməsi üçün dünyanın ali futbol qurumuna təklif vermişdi. FİFA şahzadənin etdiyi təklifə seçkilərin keçiriləcəyi tarixə qədər baxmağın mümkünsüz olduğunu bildirmiş, şəffaflığın təmin edilməsi üçün kabinələrə mobil telefonlarla girilməsinin qarşısının alınacağını açıqlamışdı. Şahzadə bundan sonra seçkinin təxirə salınmasıyla bağlı CAS-a müraciət etsə də, qurum onun müraciətinə "yox" cavabı vermişdi.

Əl-Hüseyn də İnfantino kimi dünya çempionatına qatılacaq komandaların sayının artırılmasının tərəfdarıdır. 40 yaşlı futbol funksioneri prezident seçiləcəyi təqdirdə, hər il üzv federasiyalara 1 milyon dollar məbləğində yardım edilə biləcəyini qeyd edib.

Jerom Şampan

FİFA prezidentliyinə namizədlərdən biri də 1999-2010-cu illər aralığında dünyanın ali futbol qurumunda Blatterlə birgə çalışmış fransalı Jerom Şampandır. Şampan ötən il keçirilmiş seçkilərdə namizəd olsa da, qaydalara əsasən, ən azı 5 federasiyanın dəstəyini ala bilmədiyinə görə seçkiyə qatıla bilməmişdi.

1983-88-ci illər aralığında Fransa Xarici İşlər Nazirliyində çalışmış Şampanın futbol fəaliyyəti 1998-ci ildə Fransada təşkil edilmiş dünya çempionatından sonra başlayıb. O, DÇ-1998-in Təşkilat Komitəsindən sonra 1999-cu ildən etibarən FİFA-da müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə FİFA-dan ayrılan 57 yaşlı futbol funksioneri bu qurumda köklü dəyişikliklərə ehtiyac olduğunu desə də, korrupsiyada ittiham olunan Blatteri tənqid etməkdən boyun qaçırıb.

Şampan Avropanın və digər qitələrin, həmçinin varlı və kasıb klubların arasında balans yaradılmasının tərəfdarıdır. Dünya çempionatlarında komanda sayının 40-a qaldırılmasına qarşı çıxan fransız, federasiyalara ayrılan büdcələrə təkrar baxılmasını istəyir.

Tokyo Seksvale

FİFA prezident seçkilərində Şampanla yanaşı, seçilmək şansı ən az görülən namizədlərdən biri də cənubi afrikalı iş adamı Tokyo Seksvaledir. O, ölkəsinin tanınmış şəxslərindən biridi. Həmişə irqçiliyə qarşı çıxışlarıyla tanınan Seksvale 1977-ci ildə hökuməti yıxmaq və terror fəaliyyətinə görə həbs edilmiş, barəsində 18 illlik iş kəsilmişdi. Ancaq o, 13 il sonra azad edilmişdi. Bu müddətdə məhkumların da futbolla məşğul olmasına yardım edən Makana Futbol Birliyinə yaxından dəstək verən Seksvale, FİFA-nın fəxri üzvü seçilmişdi. CAR-ın ilk qaradərili prezidenti olan Nelson Mandelanın dövründə cəmi 4 il siyasətlə məşğul olan Seksvale, sonradan iş adamı kimi fəaliyyət göstərməyə başlayıb.

Almaz, neft, mədən ticarətiylə məşğul olan Seksvale, 1998-ci ildən etibarən ölkəsinin ən varlı şəxslərindən sayılır. Onun futbola marağı isə 2010-cu ildə, ölkəsində təşkil edilən dünya çempionatından sonra yaranıb. O, həmin dünya çempionatının Təşkilat Komitəsində də yer almışdı.

Seksvale Blatterin əsas müdafiəçilərindən biridir. Məhz buna görə, Blatter korrupsiyada ittiham olunan zaman Seksvale də, ABŞ prokurorları tərəfindən dindirilmişdi.

Yuxarıda vurğuladığımız kimi, 62 yaşlı Seksvalenin şansları o qədər də yüksək dəyərləndirilmir. Belə ki, hətta Afrika ölkələrinin çoxunun Seksvaleyə səs verməkdən imtina edəcəyi deyilir.

Tokyo FİFA prezidenti seçiləcəyi təqdirdə, irqçiliklə mübarizə aparacağını deyib. O, açıqlamalarında Avropada bu cəhətdən problemin daha çox olduğunu, buna görə bu ölkələri qınamadığını, ancaq bəzi səhlənkarlıqlara yol verildiyini vurğulayıb.

O, açıqlamalarından birində "nəhayət ki, FİFA-da da rəhbərliyə qaradərili gəlməlidir" deyib.

FİFA prezidenti necə seçiləcək?

FİFA prezident seçkilərinin səsverməsində quruma üzv olan 209 futbol federasiyası iştirak edəcək. İlk mərhələdə namizədlərdən heç birinin səslərin ən azı 2/3-ni almayacağı təqdirdə, növbəti mərhələyə keçiləcək. Hər mərhələ arxada qalan zaman bir namizəd mübarizəni dayandıracaq. Sonda iki namizəd qalacağı halda isə, səslərin yarıdan çoxunu toplayan namizəd yeni FİFA prezidenti olacaq. (komanda.az)

Sonda FİFA prezidentlərinin siyahısını təqdim edirik:

Robert Qeren (Fransa) 1904-1906

Daniel Vulfoll (İngiltərə) 1906-1918

Jül Rime (Fransa) 1921-1954

Rudolf Seldreyers (Belçika) 1954-1955

Artur Dryuri (İngiltərə) 1955-1961

Stenli Rouz (İngiltərə) 1961-1974

Joao Avelanj (Brazilya) 1974-1998

Yozef Blatter (İsveçrə) 1998-2015

Oxumağa davam et
Reklam
Reklam

Gündəm