Olimpiya çempionlarımız nə işlə məşğuldur? – Polislər və idmançılar...
Bizi izləyin

İdman

Olimpiya çempionlarımız nə işlə məşğuldur? – Polislər və idmançılar...

İdmançının əsas məqsədi qatıldığı yarışlarda çempion olmaq və ya yer tutmaqdır. Olimpiya və paralimpiya çempionu olmaq isə demək olar ki, hər kəs üçün zirvə nöqtəsidir. Bəs ən uca zirvəyə çatandan sonra?

Publika.az Azərbaycanın olimpiya və paralimpiya çempionlarının bu gün nə işlə məşğul olması barədə kiçik bir araşdırma edib.

Sidney Olimpiya Oyunlarının atıcılıq üzrə qızıl medalçısı Zemfira Meftəhəddinova idmançı karyerasını bitirib. Ancaq xanım atıcımız 1994 ildən işlədiyi polis orqanlarında fəaliyyətini davam etdirir. Hazırda polis polkovnik-leytenantıdır.

Sidney Olimpiya Oyunlarının güləş üzrə qızıl medalçısı Namiq Abdullayev də idmançı kimi karyerasını başa vurub. O, hazırda keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycan əməkdar idman ustası, polis polkovnikidir.

Azərbaycanın ilk olimpiya çempionu, cüdoçu Nazim Hüseynov illərdir ki, karyerasını başa vurub. 1992-ci ildə Barselonada keçirilən olimpiya oyunlarında qızıl medal qazanmış keçmiş cüdoçu məşqçi kimi fəaliyyət göstərir.

Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov idmançı kimi karyerasını başa vurub. Hazırda o, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir. F.Mansurov həmçinin Vergilər Nazirliyinin əməkdaşıdır.

Londonda XXX Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında, 84 kq çəki dərəcəsində Olimpiya çempionu olmuş Şərif Şərifov idmançı kimi karyerasını davam etdirir. Onun idmançı kimi karyerasının hələ uzun müddət davam edəcəyi guman edilir. Çünki ona növbəti qələbələr üçün ümidlər böyükdür.

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış sərbəst güləşçimiz Toğrul Əsgərov da karyerasını davam etdirir. Bir müddət karyerasında geriləmə hiss olunan güləşçimiz məşqçilərin səyi nəticəsində özünü yenidən doğrultdu. O, ilk Avropa Oyunlarındakı qələbəsi ilə bunu sübut etdi.

2008-ci il Pekin Olimpiya Oyunlarının cüdo üzrə qızıl medalçısı Elnur Məmmədli də karyerasını başa vurub. O, hazırda həm Azərbaycan cüdo federasiyasında vitse-prezident kimi fəaliyyət göstərir, həm də polis orqanlarında çalışır. E.Məmmədli polis baş leytenantıdır.

İkiqat Paralimpiya çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev də karyerasını davam etdirən idmançılarımızdandır. Onun hələ uzun müddət ölkəmizə qələbələr gətirəcəyinə ümidlər böyükdür. Hər yarışdan qələbə ilə gələn idmançımız növbəti Paralimpiya Oyunlarına hazırlaşır.

London Paralimpiya Oyunlarının qızıl medalçısı, cüdoçu Ramin İbrahimov da karyerasını davam etdirir. O da ikiqat paralimpiya çempionu adını qazanmaq üçün çalışır.

Biz də öz növbəmizdə növbəti Paralimpiya və Olimpiya Oyunlarında medallar qazanmaq istəyən hər bir idmançımıza uğurlar arzulayırıq...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm