AFİŞA: “Neftçi” üçün son şans
Bizi izləyin

İdman

AFİŞA: “Neftçi” üçün son şans

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları eyni gündə - fevralın 27-də keçiriləcək. Oyunlar Respublika stadionunun sabiq direktoru Akif İsmayılovun xatirəsinə 1 dəqiqəlik sükutla başlayacaq.

Publika.az xəbər verir ki, lider "Qarabağ" "İnter"in qonağı olacaq. "Bankirlər" qış fasiləsindən sonra üzləşdikləri uğursuzluğa ötən həftə "dur" desə də, indi "Qarabağ"ın qarşısını kəsmək o qədər də asan deyil. "Qarabağ"a yalnız süni örtüklü meydança mane ola bilər.

Turun prinsipial qarşılaşmalarından biri Zirə qəsəbəsində baş tutacaq. "Zirə" "Neftçi"ni qəbul edəcək. Əslində bu qarşılaşma meydan sahiblərindən çox "Ağ-qaralar" üçün həyati əhəmiyyət kəsb edir. Çünki “Qartallar” hazırda medallara ən yaxın olan komandalardan biridir. "Neftçi" isə avrokubok zonasına yaxınlaşmaq üçün yalnız qələbə haqda düşünməlidir.

Ötən tur "İnter"ə məğlub olmaqla turnir cədvəlindəki mövqeyini itirən "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Gəncəlilər "Bankirlər"ə məğlubiyyəti unutdurmaq üçün bu qarşılaşmadan qalib ayrılmalıdır. Heç bir iddiası olmayan "Sumqayıt"la qarşılaşmada xal itkisi "Kəpəz"in baş məşqçisi Şahin Diniyevə başucalığı gətirməyəcək.

Böhrandan çıxan "Qəbələ" üçün bu tur “yüngül gəzinti” olmalıdır. Roman Qriqorçukun yetirmələri yaxşı günlərini yaşamayan "Xəzər Lənkəran"ı qəbul edəcək. Yox, "Ağ-yaşıllar"ın gənc futbolçularını aşağılamaq istəmirik. Əksinə, onların əzmkarlığını, meydanda var qüvvələrini sərf etmələri alqışalayiqdir. Amma bəzən sadəcə əzmkarlıq nəticə qazanmağa kifayət etmir.

Turun daha bir qarşılaşması Şüvəlanda baş tutacaq. AZAL "Rəvan"ı qəbul edəcək. İkinci dövrədə ardıcıl olaraq xallar itirən "Təyyarəçilər" avrokubok zonasından xeyli uzaqlaşdı. Amma Tərlan Əhmədovun yetirmələri "Rəvan"a qalib gəlməklə təsəlli tapa bilərlər.

Azərbaycan Premyer Liqası. 23-cü tur

27 fevral

14:00 Kəpəz – Sumqayıt

Statistika: 10 oyun, 3 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 13:14.

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

Komandaların son iki oyununda 4 qol vurulub. Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf məğlub olmayıb. "Kəpəz" ardıcıl iki ev matçında qələbə qazanıb.

15:00 Zirə – Neftçi (canlı, CBC Sport)

Statistika: 2 oyun, 1 qələbə, 1 heç-heçə, top fərqi – 3:1.

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu

Yalnız cari mövsümdə üz-üzə gələn komandaların hər iki oyununda 2 qol vurulub. "Neftçi" rəqibinə qalib gələ bilməyib. "Zirə" evdə qol buraxmadan qələbə qazanıb.

15:00 AZAL – Rəvan

Statistika: 14 oyun, 5 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 17:17.

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Murad Məmmədov

AZAL Arena

Son 4 qarşılaşmada qonaq komanda qol vurmayıb. Bu matçlarda 1-dən çox qol qeydə alınmayıb. "Rəvan" son 8 qarşılaşmada yalnız 1 qələbə qazanıb. AZAL son 3 matçda qol buraxmayıb.

17:00 Qəbələ – Xəzər Lənkəran

Statistika: 28 oyun, 9 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət, top fərqi – 31:36.

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Qəbələ şəhər stadionu

Son 4 qarşılaşmada "Qəbələ" qalib gəlib. "Xəzər Lənkəran" 3 oyundu qol vura bilmir. Qəbələdəki son 6 görüşdə ən azı 2 qol qeydə alınıb.

18:00 İnter – Qarabağ (canlı, CBC Sport)

Statistika: 45 oyun, 10 qələbə, 15 heç-heçə, 20 məğlubiyyət, top fərqi – 28:50.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Gülağa Cabarov

“İnter Arena”

"Qarabağ" ardıcıl 2 oyunda "quru hesablı" qələbə qazanıb. "İnter" son 21 matçda yalnız 1 dəfə qalib gəlib.

Bombardirlər: Riçard Almeyda (Qarabağ) – 8, Ruslan Qurbanov (Neftçi), Dani (Qarabağ), Nelson Bonilla (Zirə) – 7, Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ), Samuel Armenteros (Qarabağ) – 6.

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 01.26.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm