Əcnəbilər yenə Bakıya axışır
Bizi izləyin

İdman

Əcnəbilər yenə Bakıya axışır

Uğurla keçən idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun ardınca Bakı artıq yeni gimnastika bayramına hazırlaşır.

Publika.az xəbər verir ki, həftəsonu möhtəşəm Milli Gimnastika Arenası öz qapılarını 18 ölkəni təmsil edən batutçuların üzünə açacaq. İştirakçı coğrafiyasını ABŞ-dan tutmuş Avstraliyaya kimi hər iki yarımkürəni əhatə edən yarışlarda “havada pərvazlanan” gimnastlar həm fərdi, həm də sinxron çıxış proqramı üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar.

Yeri gəlmişkən, Abşeron yarımadasına ilk qədəmi məhz ada qitəsinin idmançıları atacaq. İqlimə uyğunlaşma və Kuboka planlı surətdə hazırlaşma məqsədilə, yaşıl qitənin idmançılarının ölkəmizə gəlişi martın 1-nə təyin olunub. Lakin bunu türkdilli ölkələr Qazaxıstan və Özbəkistanın komandalarına şamil etmək olmaz, çünki bu ölkələrin batutçuları artıq çoxdan təlim-məşq toplanışı üçün əlverişli şəraiti olan Bakı arenasının təəssüratı altındadır.

Şəhərimizə təşrif buyuran ən çoxsaylı nümayəndə heyətləri isə Slavyan yığmalarının triosu – Rusiya (14 nəfər), Belarus və Ukrayna (hər bir komanda 12 nəfərdən ibarət olmaqla) və həmçinin ABŞ-dır (11).

Bakı Kuboku dünya gimnastika təqvimində mühüm tədbirdir. Məhz bu səbəbdən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz texniki nümayəndəsini Azərbaycana ezam edəcək. Bu, dəfələrlə Avropa və Dünya çempionu Dmitriy Polyaruşdur (Belorus). Yeri gəlmişkən, o, 4 vintlə geriyə ikiqat salto icra edən ilk idmançıdır. O cümlədən, yarışların gedişatını FIG-nin batut gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Horst Kunze dəyərləndirəcək.

AGF-in baş katibi Fərid Qayıbovun sözlərinə görə, turnirin keçirilməsi üçün artıq hər şey hazırdır – arena, idmançılar və bütün xidmət sahələri. “Yenidən azarkeşləri tribunaları doldurmağa və batutçularımızı dəstəkləməyə çağırıram. Əminəm ki, onlar layiqli nəticə göstərəcəklər və ölkəmizdəki növbəti gimnastika bayramı hələ uzun müddət idman azarkeşlərinin yadında qalacaq”, deyə, o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm