Dünya parçalanır: MSN BBC-yə qarşı
Bizi izləyin

İdman

Dünya parçalanır: MSN BBC-yə qarşı

Sabah böyük oyun var. Bu oyunun böyüklüyünü sübut etmək üçün kitablara müraciət etməyə ehtiyac yoxdur. Heç statistikanı da incələməyə dəyməz. Boşuna vaxt itirmiş olarsız. Adlar hər şeyi deyir: “Barselona” və “Real” oynayacaq. Dünyanın iki ən güclü oyunçusu, son 5-6 ildə “Qızıl top”u öz aralarında bölüşdürən Lionel Messiylə Kristiano Ronaldo yenə eyni meydanda üz-üzə gələcək. Azarkeşlər əsl futbol izləyəcək.

Dünyanın hər yerindən futbol aşiqləri sabah gözünü “Nou Kamp”a dikəcək. Biz də bu nəhəng oyuna rəqəmlərin gözü ilə baxmaq qərarına gəldik.

Bu dəfəki “El-Klasiko” böyük ölçüdə cari mövsümün çempionunun adına da aydınlıq gətirə bilər. 3-cü pillədə qərarlaşan Madrid klubu bu oyunda məğlub olsa, kataloniyalılardan 13 xal geri qalacaqlar və finişə 7 tur qalmış bu fərqin azalması çox çətin olacaq.

* "Barsa" turnir cədvəlinə başçılıq etdiyində və ya "Real"dan azı 10 xal irəlidə olduqda heç vaxt qalib gələ bilməyib (1 heç-heçə, 2 məğlubiyyət).

* "Kataloniyalılar" öz evində "Real"a qarşı oynadığı son yeddi oyunda bir dəfə məğlub olaraq beş oyunda qələbə qazanıb. Sonuncu dəfə 2012-ci ilin aprelində 2:1 hesabı ilə məğlub olublar.

* 171 dəfə qarşılaşan əzəli rəqiblərin hər oyununda orta hesabla üç qol vurulur. Bu oyunlarda ən çox rast gəlinən hesab 2:1-dir. "Kral klubu" 18 dəfə bu hesabla qalib gəlib.

* 4 - Komandalar arasındakı görüşlərdə göstərilən son dörd qırmızı vərəqənin hamısı "Qalaktikos"a aiddir.

* Sabah Luis Enrike və Zinəddin Zidan baş məşqçi kimi ilk dəfə üz-üzə gələcək.

* Zidan bütün turnirlər daxil olmaqla "Real"ın futbolçusu olarkən "Barselona"nın qapısına üç dəfə yol tapa bilib və bu qollardan ikisi məhz Luis Enrike "Barsa"da oynayarkən vurulub.

* Luis Enrike və Zidan futbolçu karyeralarında bir-birinə qarşı beş oyun keçirib və hərəyə bir dəfə qələbə qazanıblar (3 heç-heçə).

* Messi, Luis Suarez və Neymar birlikdə 20 dəfə "Madrid klubu"na qarşı fərqlənib. Qaret Beyl, Kərim Benzema və Ronaldo isə 12 dəfə fərqlənə bilib.

* Suarez bu mövsüm La Liqada ən faydalı futbolçudur (26 qol, 12 ötürmə). Ronaldo 28 qol və 9 ötürmə ilə ikinci pillədədir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm