Hafiz Məmmədov: “Lans”ı çətin gündə satmaq üçün almamışıq”
Bizi izləyin

İdman

Hafiz Məmmədov: “Lans”ı çətin gündə satmaq üçün almamışıq”

“Bakı”nın prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransanın “Lans” klubunun səhmlərinin böyük hissəsinin tezliklə satılacağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.

Futbolxeber.az saytına açıqlamasında H. Məmmədov yayılan xəbərləri təkzib edib.

Tanınmış iş adamı “Lans”ı satmaq fikrinin olmadığını bildirib: “Lans”ın satılması ilə bağlı heç bir danışıq olmayıb. Komandanın kiməsə satılmasına razılıq verməmişəm. Jerve Martel isə mənimlə bu məsələ haqda danışmayıb. Oradakı əsas adamlara da demişəm ki, “Lans”ı satmaq fikrimiz yoxdu. Bu komanda alver obyekti deyil. “Lans”ı çətin gündə satmaq üçün almamışıq”.

Hafiz Məmmədov “Lans”la bağlı yalnız digər “Land of fire Azerbaijan” brendinin daşıyıcısı olan “Atletiko” ilə danışıqlar apardığını söyləyib: “Bu günə kimi “Lans” haqda yalnız “Atletiko" ilə danışığımız olub. Madrid klubunun “Lans”a dəstək verməsi müzakirə edilsə də, sonradan bu plan baş tutmadı. “Atletiko” variantı “Lans” üçün faydalı olardı. 2 klub arasında birlik olmasını istəyirdik. Bu variant hər iki tərəfə sərf edirdi”.

Tanınmış iş adamı hazırda Fransa klubunun maliyyə çətinlikləri ilə üzləşdiyini gizlətməyib: “Bu, əvvəldən başlamış çətinliklərdi. Problem “Lans”ın büdcəsindədi. Komandanın illik büdcəsi 5 milyon avrodu. Ötən mövsüm “Arsenal”a 2 oyunçu satıldı və komanda bu vəsaitlə özünü dolandırdı. Lakin hazırda komandada maaşla bağlı çətinliklər var. “Lans”ın üzvlərinin əmək haqqı almaması yaxşı hal deyil.Sanki azərbaycanlı fransıız ailəsinin maaşını vemir. Belə hal müsbət qarşılana bilməz. Fransada bizə qarşı daim hörmətlə yanaşıblar.

Klub heç vaxt müflis olmayacaq. Tezliklə problemlər birdəfəlik həll olunacaq. Hansısa çətinliyimiz olanda “Lans”ı satmaq barədə düşünməmişik. Bu komanda mənə çox əzizdi, öz klubumuzdu. “Lans” mənim yox, Azərbaycanın komandasıdı. Odur ki, xüsusi şəkildə vurğulayıram - “Lans”ı satmaq üçün almamışıq”.

Hafiz Məmmədov son zamanlar yaşadığı çətinliklərin artıq yekunlaşmaq üzrə olduğunu qeyd edib: “Çətinliklərimiz 2 il əvvəl başladı. Amma problemlər artıq geridə qalıb. Hər şeyə aydınlıq gəlib. Qısa zamanda haqq-ədalət öz yerini tutacaq. Hazırkı məqamda yalnız kiçik vaxta ehtiyac var”.

Məmmədov “Lans” kimi “Bakı”nın da problemlərinin başa çatmaq üzrə olduğunu vurğulayıb: “Futbolu həyatımdan ayırmıram. Bütün vacib məsələlər kimi futboldakı çətinliklərimiz də qısa zamanda həll olunacaq. “Bakı” yenidən həmin “Bakı” olacaq. Komanda 2 il çətinliklərlə üzləşdi. Artıq hər şey geridə qalmaq üzrədi. Komanda əvvəlki kimi iddialı olacaq. Maliyyə baxımından işimiz daha stabil şəkildə qurulacaq”.

“Bakı”nın prezidenti tezliklə klubun bazasında təmir başlayacağını deyib. Bundan sonra “zolaqlılar”ın bazasından “Zirə” də yararlana biləcək: “Bakı” və “Zirə” arasında əməkdaşlıq müqaviləsi var. Növbəti mövsümdən “Zirə”nin formasının üzərində bizim şirkətlərdən birinin adı qeyd oluna bilər. Bu klubun rəhbərliyi ilə çox gözəl münasibətimiz var. Ona görə də bazanı yarıya bölmək qərarına gəlmişik. Tezliklə “Bakı”nın bazasında təmir işlərinə başlanacaq. Plan artıq hazırdı. Ərazi daha da genişlənəcək, şərait yaxşılaşacaq. Təmir yekunlaşdıqdan sonra bazadan “Bakı” kimi “Zirə” də yararlana biləcək”.

Hafiz Məmmədov son zamanlar mətbuatda görünməməsinə də aydınlıq gətirib: “Hazırda çox geniş danışmıram. Tezliklə işlər qaydasına düşəndən sonra daha geniş müsahibə verəcəyəm və 2 il ərzində yaşadıqlarımızın səbəblərini açıqlayacağam. Qoy, insanlar özləri kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirsinlər. Jurnalistlərlə danışanda hər zaman hansısa yeni fikir söyləyirik. Adam özü də istəyir ki, ətraflı danışsın. Lakin son zamanlar vəziyyət fərqli idi. Proseslər çox sürətlə dəyişirdi. Ona görə də nəyisə deyib, sonradan fikrimi dəyişməkdənsə, susmağa üstünlük verirdim. Bu, o demək deyil ki nəyisə gizlətməyə çalışırdım. Yox, sadəcə baş verənlər qəliz, çox uzun proses idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm