“Hədəf ikiqat olimpiya çempionu kimi tarixə düşməkdir”
Bizi izləyin

İdman

“Hədəf ikiqat olimpiya çempionu kimi tarixə düşməkdir”

"Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına məqsədyönlü şəkildə hazırlaşırıq. Bizim üçün bütün şərait yaradılıb".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan sərbəst güləş millisinin üzvü Xetaq Qazyumov Göygöldəki təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

Dünya və 3 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi bildirib ki, yaradılmış şəraitdən maksimum yararlanırlar. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevin də komanda ilə birgə olduğunu deyən X.Qazyumov onun hər an güləşçilərin hazırlığına köməklik göstərdiyini vurğulayıb: "Məşqçilər, tibbi personal və biz məqsədə doğru 100 faiz köklənmişik".

Avropa və Olimpiya çempionu, həmçinin "Bakı 2015"-in qalibi Toğrul Əsgərov isə bildirib ki, məşqlər aylardır intensiv şəkildə davam edir:

"Olimpiadaya çox az vaxtımız qalıb. Məşqçilər və federasiya rəhbərliyi üzərimizdə çox çalışır. Hər şeylə təmin olunmuşuq. Arzumuz Rio-de-Janeyrodan vətənə qızıl medallarla qayıtmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaqdır".

T.Əsgərov hədəfini də açıqlayıb: "Ölkəmizdə ikiqat olimpiya çempionu yoxdur. İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm. Olimpiadada qızıl medal qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün də çalışırıq".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm