APL-də Azərbaycan derbisi - AFİŞA
Bizi izləyin

İdman

APL-də Azərbaycan derbisi - AFİŞA

Azərbaycan Premyer Liqasında 30-cu tur sabah Qəbələdə start götürəcək. Ümumiyyətlə, bu turun oyunları üç gün ərzində keçiriləcək.

Publika.az xəbər verir ki, ilk oyun Qəbələdə olacaq. Burada yerli komanda “Rəvan”ı qəbul edəcək. Hazırda hər iki komandanın durumu pisdir. "Qəbələ" artıq bütün rəqiblər üçün potensial xal mənbəyinə çevrilib. Roman Qriqorçukun yetirmələri Premyer Liqada 5 oyundur qələbə sevinci yaşaya bilmir. "Qəbələ" "Rəvan"a da qalib gələ bilməsə, bunun bircə adı olacaq: biabırçılıq.

"Qarabağ" ikinci oyun günündə meydana çıxacaq. Aprelin 16-da "Neftçi" lideri qəbul edəcək. Cari mövsümdə baş tutan Azərbaycan derbilərində "Neftçi" "Qarabağ"la keçirdiyi üç qarşılaşmadan ikisində məğlub olmayıb. Birində qalib gəlib, birində isə heç-heçə edib. Ancaq "Neftçi"nin yenə boyundan yuxarı tullanması inandırıcı deyil.

Günün digər qarşılaşmasında Gəncədə "Kəpəz" "İnter"i qəbul edəcək. Şahin Diniyevin komandası son turlar nəinki qələbə qazana bilmir, heç qol da vurmağı bacarmır.

Son oyun günündə - aprelin 17-də də iki qarşılaşma baş tutacaq. "Qarabağ"ın çempionluğu rəsmiləşdirməsinə ciddi-cəhdlə mane olan "Zirə" "Xəzər Lənkəran"ı qəbul edəcək. Böyük ehtimalla, "Köhlən atlar" yenə də qəsəbə komandasından aralana bilməyəcək. "Xəzər Lənkəran"ın "Zirə"dən xal alacağı inandırıcı deyil. Amma əvəzində "Bankirlər"in Gəncəyə səfər edəcəyini nəzərə alsaq, "Zirə" gümüş medallar uğrunda mübarizədə əsas rəqibindən - "İnter"dən aralana bilər.

Tura Şüvəlanda yekun vurulacaq. “AZAL Arena”da AZAL "Sumqayıt"ı qəbul edəcək. Avrokuboklara iddialı olan "Təyyarəçilər"in durumu yaxşılaşdırmaq üçün əla imkanları var. AZAL-ın avrokuboklar yolunda əsas rəqibi "Neftçi" "Qarabağ"ın önünə çıxacaq və bu oyunda xal itkisi gözləniləndir. "Təyyarəçilər" öz meydanında məğlubedilməzdir.

Azərbaycan. Premyer Liqa, 30-cu tur

15 aprel

16:00 Qəbələ – Rəvan

Cari mövsümdə: 3:0, 1:1, 1:0

Statistika: 11 oyun, 7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 21:9.

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

"Rəvan" son 8 qarşılaşmada qalib gəlməyib. "Qəbələ" son 4 matçda qol vurub. "Rəvan" son iki səfər oyununda heç-heçə edib.

16 aprel

16:00 Neftçi – Qarabağ

Cari mövsümdə: 1:1, 1:0, 0:2

Statistika: 63 oyun, 18 qələbə, 24 heç-heçə, 21 məğlubiyyət, top fərqi - 59:62.

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Rövşən Əhmədov

“Bakcell Arena”

Ölkə çempionatında ən çox qarşılaşan rəqiblər 64-cü dəfə üz-üzə gələcək. Komandaların son 4 oyununda meydan sahibi olan tərəf uduzmayıb. "Neftçi" son 11 matçda cəmi 1 dəfə qalib gəlib.

13:30 Kəpəz – İnter

Cari mövsümdə: 0:1, 0:0, 0:1

Statistika: 21 oyun, 4 qələbə, 3 heç-heçə, 14 məğlubiyyət, top fərqi – 18:40.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

"Kəpəz" 7 oyundur qələbə qazanmır. "İnter" 4 matçdır qol buraxmır. Gəncə təmsilçisi son 3 ev qarşılaşmasında da qol sevinci yaşamayıb.

17 aprel

16:30 Zirə – Xəzər Lənkəran

Cari mövsümdə: 1:0, 1:0, 2:0

Statistika: 3 oyun, 3 qələbə, top fərqi – 4:0.

Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Zirə İdman Kompleksinin stadionu

"Zirə" əvvəlki oyunların hamısında qalib gəlib. "Xəzər Lənkəran" keçirilən 3 matçda qol vura bilməyib.

19:00 AZAL – Sumqayıt

Cari mövsümdə: 1:1, 2:0, 0:2

Statistika: 19 oyun, 7 qələbə, 8 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 26:20.

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Gülağa Cabarov

“AZAL Arena”

Son 4 oyunda qapılara 2 qol vurulub. AZAL indiyədək evdə uduzmayıb.

Qeyd: Turun bütün oyunları CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bombardirlər: Nelson Bonilla (Zirə) – 13, Dani (Qarabağ), Ruslan Qurbanov (Neftçi) -10, Riçard Almeyda (Qarabağ) – 9.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm