Qurban Qurbanov: "Onunla maraqlanmırıq"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Onunla maraqlanmırıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 31-ci turunda Bakı "İnter"inə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, çox vacib 3 xal qazandıqlarını deyib:

"Bəzi futbolçular istədiyim oyunu sərgiləməsə də, nəticə istdiyimiz kimi oldu. "İnter"ə növbəti oyunlarda uğurlar arzulayıram. Düzü, bu komandaya qarşı daha iki matçımız var. Bəlkə də buna görə rəqib öz gücünü gizlətdi. Düşünürəm ki, bu oyun bizi rahatlaşdırmamalıdır".

- "İnter" Azərbaycanın ən samballı klublarından biridir. Bu gün "Qarabağ" bu kluba tək ayaqla qalib gəldi...

- Avrokuboklara qatılmaq üçün ilk öncə Azərbaycan çempionatında yüksək yerlər tutmalıyıq. Komandamızda bəzi çatışmazlıqlar var. Çalışacağıq, bunu aradan qaldıraq.

- Heyət sarıdan korluq çəkmədiyinizi, hətta əsas heyəti tərtib edərkən çətinlik çəkdiyinizi demişdiz...

- Vacib olan odur ki, əlində olan oyunçuları qoruyub saxlayasan. Mövsümün sonuna doğru futbolçuların bir çoxunda yorğunluq olacaq. O ki qaldı sistem dəyişikliyinə, fikrimcə, bunun üçün vaxtımız olacaq. Mövsüm bu il bir az tez bitəcək. Bu da bizə yaxşı istirahət etmək üçün yaxşı imkan verəcək.

- Bu yaxınlarda "Zirə"nin prezidenti Vüqar Astanov avrokuboklara gedəcək klublara öz oyunçularını icarəyə verə biləcəyini deyib...

- Bu barədə düşünməmişdik. Düşünmürəm ki, hansısa klub yalnız avrokubok üçün oyunçu götürsün. Bunu düzgün saymıram. İnanmıram ki, hansısa məşqçi buna razı olsun. Əlbəttə, o, bunu yaxşı niyyətlə deyib. Ancaq mənim fikrimcə buna ehtiyac yoxdur.

- Ümumiyyətlə, Bonillanın komandaya keçməsi mümkündür? Nəzərə alaq ki, mövsümün sonunda klubla müqaviləsi bitir.

- Bonilla bu mövsüm yaxşı çıxış edir. Ancaq hələ ki, onunla maraqlanmırıq. Biz əsasən, əlimizdə olanları qoruyub saxlamağa çalışırıq. İndiki heyətə bir neçə futbolçu əlavə etməyi düşünürük.

- Reynaldo bu gün də fərqləndi. Baxmayaraq ki, uzun müddət zədəli qalmışdı..

- Reynaldo hələ ki, tam hazır deyil. Əsasən, son zərbələri vurmaqda çətinlik çəkir. Reynaldo sürətli futbolçudur. Bunun üçün də əzələləri daim güclü olmalıdır. Bu oyunda isə onun öz formasından bir qədər uzaq olduğunu gördük. Ancaq o öz üzərində çalışır. Zədədən sonra daha həvəslə çalışır.

- Aqolli oyun epizodalarından birində hakimə etiraz etdi. Deyəsən, onun bu hərəkətinə əsəbiləşdiz.

- Bəli, oyundan öncə futbolçulara hakimlə mübahisə etməməyi tapşırmışdım. Həmin epizodda Aqolli hakimə etiraz etdiyi üçün əsəbiləşdim. Həm də Kintana və Miçelə də əsəbiləşdim. Çünki hakim xırda epizodalara görə oyunu çox saxlamır, açıq oyuna üstünlük verən biridir. Ona görə də adi epizodlara görə onunla mübahisə etməyə gərək yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm