Azərbaycan kuboku: Bu gün finalçılar məlum olur
Bizi izləyin

İdman

Azərbaycan kuboku: Bu gün finalçılar məlum olur

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, qarşılaşmalardan biri Masazırda, digəri isə Qəbələdə baş tutacaq.

İlk olaraq "Qəbələ" Bakının "Neftçi" klubunu qəbul edəcək. Qarşılaşmanın ədalət təmsilçisi Fariz Yusifov olacaq. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alındığından, meydan sahiblərinə qələbədən əlavə qolsuz bərabərlik də sərf edir. "Ağ-qaralar" isə finala yüksəlmək üçün səfərdən ya qələbə, ya da ən azından 2:2 hesablı bərabərliklə dönməlidirlər. Komandalar bugünədək Azərbaycan Kubokunda son oyun istisna olmaqla, cəmi bir dəfə üz-üzə gəlib. İki il əvvəl finalda görüşən klublar meydanı bərabərliklə tərk edib - 1:1. Oyunun taleyini penaltilər seriyası həll edib və daha dəqiq olan "Neftçi" kuboka sahib çıxıb.

Bakının "İnter" klubu isə səfərdə "Qarabağ"la qarşılaşacaq. Ramil Diniyevin idarə edəcəyi oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki "Əlincə Arena"da keçiriləcək. Demək olar ki, Premyer Liqada çempionluğu təmin etmiş Qurban Qurbanovun rəhbərlik etdiyi komanda finala yüksələcək. "Qarabağ" ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirib. Yarımfinal mərhələsinin ilk oyunu istisna olmaqla, komandalar bugünədək Kubok oyunlarında 5 dəfə qarşılaşıb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər. Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununa görə "İnter" qalib gəlib. Yeganə final matçında isə "Qarabağ" üstün olub.

Azərbaycan kuboku. 1/2 final, cavab oyunları

16:00 Qəbələ – Neftçi

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu (CBC Sport)

19:00 Qarabağ – İnter

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

"Əlincə Arena" (CBC Sport)

Qeyd edək ki, final oyunu mayın 25-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm