• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Oğru idmançılar – Videokamera, tualet suyu, qadın alt paltarı... - FOTOLAR

  • İdman
  • 14 Fevral 2017 02:45
  • 13 470 Baxış
Oğru idmançılar – Videokamera, tualet suyu, qadın alt paltarı... -  FOTOLAR

Onlar hər il yüz minlərlə, hətta milyonlarla pul qazanırlar. Bu üzdən yüz minlərlə, hətta milyonlarla insan onlara həsəd aparır. Müasir zamanda bu qədər pul qazanmaq heç də hər idmançıya qismət olmur. Lakin elə idmançılar var ki, qazandıqları milyonlar onlara bəs etməmiş kimi görünürlər. Belə olmasaydı...

Dünyada məşhur olan və hər il yüz minlərlə, hətta milyonlarla qazanc götürən, lakin qazandıqları ilə qane olmayaraq, başqalarının əmlakına göz dikən bəzi idmançılardan bəhs edəcəyik. Yəni, oğru idmançılardan.

Naoya Tomita (Üzgüçülük)

Yaponiyalı Naoya Tomita Cənubi Koreyada keçirilən Asiya Oyunlarında özünü əməlli-başlı biabır etdi. 2010-cu ildə qısa məsafədə dünya çempionu olan üzgüçü koreyalı jurnalistin videokamerasını oğurlamaqda günahlandırıldı. Onun günahını sübut etmək o qədər də çətin olmadı. Oğurluq baş verən məkanda quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntülərdə Naoyanın “qəhrəmanlığ"ı açıq-aşkar əks olunmuşdu. Nəticədə o, 1200 dollar cərimələnməklə yanaşı, komandadan uzaqlaşdırıldı. Üstəlik, idmançı 18 aylıq diskvalifikasiyaya da məruz qaldı. Naoya nə qədər çalışsa da, günahsız olduğunu sübut edə bilmədi. Qızın sözlərinə görə, o, oğurluq etməmişdi. Kimsə kameranı qəsdən çantasına qoymuşdu və Naoya bundan idmançıların istirahət otağında xəbər tutmuşdu. Amma nə fayda?

Cennifer Kaprianti (Tennis)

16 yaşında Barselonada keçirilən Olimpiya Oyunlarında çempion olan Cennifer qısa zamanda ulduz xəstəliyinə tutuldu. Nəticədə “yolunu azan" idmançı tezliklə narkotik maddə aludəçisinə çevrildi. Az sonra isə narkotikin təsiri altında Floridanın ticarət mərkəzlərinin birində oğurluq edərkən ələ keçdi. Həm oğurluq, həm də narkotik maddə saxladığına görə 1994-cü ilin mayında həbs olunan Kaprianti kortlarda bir daha 1996-cı ildə göründü.

Cozef Rendl (Amerika futbolu)

ABŞ Milli Futbol Liqasının 23 yaşlı oyunçusu Cozef Rendl mağazaların birindən tualet suyu və qadın alt paltarı oğurlayarkən ələ keçib. Maraqlıdır ki, ilinə 600 min dollar qazanan idmançının oğurladığı malın dəyəri 50 dollardan çox deyildi. Texas polisi əvvəlcə Cozefi həbs edib. Daha sonra isə girov qarşılığında azadlığa buraxıb. Görünür, məhkəmənin Rendlə verdiyi yüngül cəza ona dərs olmayıb. Bu ilin fevralında “Dallas"ın keçmiş üzvü yenidən həbs olunub. Özü də son ilyarımda 5-ci dəfə. Oğurluq əməliyyatından sonra daha 3 dəfə müxtəlif ittihamlarla polisə düşən Rendl sonuncu halda narkotik maddə qəbulu, adam döymək və başqasının əmlakına ziyan vurmaq ittihamı ilə həbs edilib.

Bernard Hopkins (Boks)

Peşəkar boksçu, məşhur Bernard Hopkins hələ gənc yaşlarından “az aşın duzu" olmayıb. Bir dəfə o, eyni vaxtda 8 müxtəlif oğurluq hadisəsində ittiham olunaraq tutulub və 18 il həbs cəzasına məhkum edilib. Həbsxanada özünü nümunəvi aparan, idmanla məşğul olan Bernard 5 il sonra vaxtından əvvəl azadlığa buraxılıb. Azadlıqda isə onu parlaq karyera gözləyirdi. Sonralar gəncliyini yada salarkən peşmanlıq hissi keçirdiyini deyən boksçu məhz boksun onun həyatını dəyişdiyini söyləyirdi.

Soni Liston (Boks)

Əfsanəvi Məhəmməd Əlinin əsas rəqiblərindən biri olan Soni Listona polislər qeyri-adi ləqəb vermişdilər - “Sarı paltarlı Bandit B”. Soni tez-tez yaşadığı ərazidə müxtəlif iaşə obyektlərindən oğurluq edirmiş. Bu üzdən bir neçə dəfə həbs olunan boksçu üst-üstə 5 il həbsxana həyatı yaşayıb. Bernard Hopkinsdən fərqli olaraq, nə həbsxana, nə də boks onu dəyişə bilməyib. Azadlığa çıxdıqdan sonra narkotik maddə aludəçisinə çevrilən Soni 1971-ci ildə narkotik maddə qəbul edərkən dozanın artıq olması üzündən həyatını itirib.

Eddi Conson (Basketbol)

Eddi ötən əsrin 70-80-ci illərində NBA-nın ən yaxşı basketboçularından biri hesab olunurdu. “Atlanta Houks"un sabiq üzvü basketbol meydançasında xarüqələr yaradırdı. Lakin adi həyatda o, əsl əclaf idi. Təəccüblənməyin, Eddi dəfələrlə qanunu pozmaqla bu ada layiq olduğunu sübut edib. Əvvəlcə o, narkotik aludəçisi olması üzündən parlaq karyerasını məhv etmiş oldu. Ardınca bir neçə dəfə qısa müddətə həbs olundu. Eddinin “fəaliyyət siyahısı"nda oğurluq, adamdöymə, quldurluq və hətta 9 yaşlı qız uşağını zorlama faktı da var. 2008-ci ildə 12 yaşından kiçik uşağı zorlamaqda ittiham olunan və məhkəmə qarşısına çıxarılan Conson ömürlük həbs cəzasına məhkum edilib. Hazırda Santa-Rosa həbsxanasının “sakini"dir.

Roy Ceyms (Avtoidman)

Ötən əsrin 60-cı illərində Formula 1 pilotu olmuş Roy Ceymsin deyəsən, “xırda" işlərlə arası olmayıb. O, 1963-cü ildə bir qrup cinayətkar tərəfindən sərnişin qatarının qarət edilməsində iştirak edib. Az sonra məlum olub ki, qarətçilər 2,6 milyon funt-sterlinq oğurlayıblar. Cinayət hadisəsinin üstü açılandan sonra hakim müttəhimlərə ağır cəza verib. Ceymsin payına 30 il düşüb. Lakin o, 1975-ci ildə şərti olaraq azadlığa buraxılıb.

İqor Belanov (Futbol)

Sovet futbolunun məşhur simalarından biri, Kiyev “Dinamo"sunun keçmiş hücumçusu, 1986-cı ildə Avropanın ən yaxşı futbolçusu seçilmiş İqor Belanov SSRİ dağıldıqdan sonra karyerasını bir müddət Almaniyada davam etdirib. Bu ölkədə Münhenqladbax “Borussiya"sında oynayan İqor heyətə düşmədiyinə görə Braunşveyq “Ayntraxt"ına satılıb. Məhz “Ayntraxt"da oynadığı vaxt alman mətbuatı onu oğurluqda ittiham edib. Doğrudur, Belanovun günahını sübut etmək mümkün olmayıb. Futbolçu ona qarşı yönələn ittihamı qəbul etməyib və oğurluğu həyat yoldaşının qohumlarının etdiyini bildirib. Hər halda, atalar demiş, “adamın adı çıxınca, canı çıxsa yaxşıdır".

Artyom Dzüba (Futbol)

Daha bir oğru futbolçu. Və ya futbolçu oğru. Bəri başdan qeyd edək ki, İqor Belanovda olduğu kimi Artyomun da günahı tam sübut olunmayıb. Hər halda, onun nədə və necə ittiham olunması barədə qısaca məlumat verək. 2009-cu ildə Moskva “Spartak"ı Avstriyada təlim-məşq toplanışında olarkən komandanın futbolçusu Vladimir Bıstrovun 23 min rubl pulu itdiyi məlum olub. Axtarışdan sonra pul Dzübanın cibindən tapılıb. Artyom oğurluq etmədiyini sübut etməyə çalışıb. Onun sözlərinə görə, kimsə qəsdən həmin pulu onun cibinə qoyubmuş. “Spartak" rəhbərliyinin Artyomun sözlərinə inanıb-inanmadığını deyə bilmərik. Məlum olan isə budur ki, rəhbərlik az sonra komandanın əsas hücumçusu olan Dzübanı “Tom"a icarəyə verdi və bunu futbolçular arasında gələcəkdə hansısa konfliktin olmaması üçün etdiklərini bildirdi. Deməli... (“Het-trik news” qəzeti)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR