Faşist diktatorun nüfuzunu yüksəldən çempionat - FOTOLAR
Bizi izləyin

İdman

Faşist diktatorun nüfuzunu yüksəldən çempionat - FOTOLAR

Faşist diktatorun nüfuzunu yüksəldən çempionat - FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Planetin bütün diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı İtaliyada keçirilən 2-ci dünya çempionatına həsr olunub.

«Duçe»nin ideyasının təntənəsi

FİFA-nın 1933-cü ildə Stokholmda keçirdiyi konqresində ikinci dünya çempionatını keçirmək hüququ İtaliyaya verildi. Turnirdə iştirak etmək istəyən ölkə sayı da çoxaldı. Bu səbəbdən seçmə mərhələnin keçirilməsinə ehtiyac duyuldu. Ancaq bir şey də var ki, ilk dünya çempionu olan Uruqvay yarışa qatılmadı. Onlar avropalıların dörd il əvvəlki hərəkətindən - mundiala az sayda iştirakçı ilə qatılmalarından incimişdilər. Ona görə də əks addım ataraq Apennin yarımadasına səfərdən imtina etdilər. Bu, tarixdə ilk və son dəfə idi ki, dünya çempionu öz titulunu müdafiə etmirdi. Maraqlıdı ki, seçmə mərhələdə ev sahibləri də iştirak edirdilər. Ancaq yunanlar üzərindəki qələbə (4:0) yeganə matç oldu, çünki elladalılar cavab matçından imtina etdilər. «Skuadra adzurra» turnirin favoriti sayılırdı və elə bu oyunla da statuslarını təsdiqlədilər. Bu komandanın qələbələrinin əsas memarı, ruhu və təşkilatçısı o vaxtın ən güclü futbol mütəxəssislərindən sayılan Vittorio Potso oldu. Bu məşqçi - “Duçe” Benito Mussolininin dostu idi. Faşist diktator futbol yığmasının mundialdakı qələbəsindən öz nüfuzunu möhkəmləndirmək üçün yaxşıca yararlandı. Potsonun rəhbərliyi altında italyanlar beş il ərzində cəmi üç matçda məğlub oldular. Bu yenilgilərdən biri avstriyalılarla (2:4) qarşılaşmada yaşanmışdı. Bu komanda “skuadra”nın DÇ-dəki əsas rəqibi sayılırdı. Qapıda əfsanəvi Planiçka və superforvard Neyedlı ilə möhtəşəm görünən Çexoslovakiya da təhlükəli opponent idi.

Yalnız avropalılar qaldı

Yarışı bu dəfə kubok sistemiylə keçirmək qərarı qəbul olunur. Start mərhələsindən sonra “qızıl ilahə”yə namizədlərin hamısı Avropa nümayəndələri olur. Bir çoxları bu durumu görərək DÇ-34-ü ilk AÇ adlandırmaqdan da çəkinmirlər. Ancaq “günah”ı yalnız “köhnə dünya” ölkələrində görmək də lazım deyil. Çünki məsələn, Braziliya tərəfi Avropaya aşkar zəif komanda gətirmişdi. Heyətdə “Botafoqo”dan 8, üstəlik, heç kimin tanımadığı 9 oyunçu top qovurdu. Əsl gərgin məqamlar ev sahiblərinin ispanlarla qarşılaşmasında yaşandı. İlk 1/4 final matçlarından sonra məlum oldu ki, pireneylilərin qolkiperi Samoranın beyin silkələnməsi var və üç qabırğası da sınıb. Belçikalı hakim Bauerin “köməyi” sayəsində italyanlar onu demək olar ki meydanda döyürdülər. Ancaq qələbə üçün bir görüş yetmədi. Əlavə matç da lazım oldu. Təbii ki, Samoranın bu oyunda iştirakından söhbət belə gedə bilməzdi. İspanlar yeddi, apenninlilər isə dörd oyunçunu əvəzləməli oldular. Matç bitəndə bir çox futbolçular ayaq üstə güclə dayanırdılar. İtalyanların isə avstriyalılarla yarımfinala hazırlaşmaq üçün cəmi iki günü vardı.

Bu görüşü erkən final adlandırırdılar və yanılmamışdılar. O vaxtlar Mayzlın yetirmələrinin ifasındakı “Vyana ilgəkləri” bütün dünyanı heyrətə gətirirdi: yerdəyişmələrlə müşayiət olunan sürətli, dəqiq, qısa ötürmələr istənilən müdafiəni çaş-baş qoyurdu. Ancaq 1934-cü ilin yayına doğru Avstriyanın gücü zəifləməyə doğru gedirdi. Komanda qocalmış və yorulmuşdu. Zədə üzündən turnirdə bundestimin əsas yarımmüdafiəçisi Nauş və bombardir Binder iştirak edə bilmirdi. Oyundan əvvəl Mayzl etiraf etmişdi: “İtalyanların daha balanslaşdırılmış və hazırlıqlı yığması var. Üstəlik, tamaşaçılar onların tərəfindədi”. Məşqçi düz deyirdi. Meydan sahibləri tam bərpa olunmasalar da, özlərini əmin və etibarlı hiss edirdilər.

Oyunun taleyini künc zərbəsindən sonra Quaitanın vurduğu yeganə qol həll etdi. Buna baxmayaraq, “skuadra adzurra”nın qələbəsini heç kim şübhə altına salmadı.

Eyniylə digər yarımfinaldakı kimi. Çexoslovakiya yığması matçdan əvvəl “göylə gedən» və özlərini artıq finalda görən almanları yenərək son matça vəsiqə qazandılar. Planiçkanın möhtəşəm oyunu və Neyedlının het-triki oyunun taleyini həll etdi. Bu komanda həlledici qarşılaşmada da az qala sürprizə imza atacaqdı. İtalyanlar qələbəni yalnız əlavə vaxtda, Meatsa-Quaita-Skyavio üçlüsünün iştirakı ilə həyata keçirilən və sonuncunun dəqiq zərbəsiylə bitən hücumda qazana bildilər. Bu dünya çempionatındakı zəfər yerli qəzetlərdə “Duçe”nin fiziki mükəmməllik sahəsindəki ideyalarının təntənəsi” başlıqları altında təqdim edildi. Mussolininin özü qalibləri fəxri qonaq kürsüsündən salamlayır, Potso isə əlində ölkə bayrağı, kolonun önündə gedir, faşist mahnıları ifa edirdi. Oyunçulara “İdman cəsarətinə görə” medallar və pul mükafatları verildi, FİAT konserni isə futbolçulara yeni avtomobillərin açarlarını təqdim etdi.

DÇ-34. İtaliya

Final mərhələsi. 27 may-10 iyun

16 komanda 1/8 finaldan olimpiya sistemiylə mübarizə aparıblar.

17 oyun, 395000 tamaşaçı (orta hesabla hər oyunda 23235)

70 qol (orta hesabla hər oyunda 4,12)

Ən yaxşı futbolçu - Planiçka (Çexoslovakiya), Meatsa (İtaliya)

Bombardirlər: Konen Edmund (Almaniya), Neyedlı Oldrjix (Çexoslovakiya), Ancelo Skyavio (İtaliya) - 4.

Bütün oyunlar

1/8 final

1. İtaliya - ABŞ 7:1

2. Çexoslovakiya - Rumıniya 2:1

3. İspaniya - Braziliya 3:1

4. İsveçrə - Hollandiya 3:2

5. İsveç - Argentina 3:2

6. Almaniya - Belçika 5:2

7. Avstriya - Fransa 3:2, ə.v.

8. Macarıstan - Misir 4:2

1/4 final

9. Almaniya - İsveç 2:1

10. Çexoslovakiya - İsveçrə 3:2

11. Avstriya - Macarıstan 2:1

12. İtaliya - İspaniya 1:1, ə.v.*

13. İtaliya - İspaniya 1:0*

1/2 final

14. Çexoslovakiya - Almaniya 3:1

15. İtaliya - Avstriya 1:0

Təsəlliverici final

16. Almaniya - Avstriya 3:2

Final

17. İtaliya - Çexoslovakiya 2:1, ə.v.

Qeyd: 1/4 finalda İtaliya - İspaniya oyununun əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm