Türkiyənin göz bəbəyi danışdı: “O, kraldır!” - FOTOLAR
Bizi izləyin

İdman

Türkiyənin göz bəbəyi danışdı: “O, kraldır!” - FOTOLAR

Avropa çempionatı Türkiyə millisi üçün bitdi. Ancaq Çexiya ilə son oyunda 18 yaşlı Əmrə Morun sərgilədiyi futbol gələcək üçün böyük ümidlər verdi. Bütün dünya mətbuatının diqqətini çəkən bu bəstəboy oğlan o anlarda nələr hiss etdiyindən danışıb. “İnanılmaz dərəcədə sevincliyəm. Elə bil yuxudayam” deyən Əmrə Xorvatiya ilə oyundan sonra Modriçlə çəkdirdiyi selfiyə görə onu tənqid edənlərin də cavabını verib.

Çexiya ilə qarşılaşmada start heyətində yer alan Əmrə böyük potensialını bir daha ortaya qoydu. AÇ-2016-nın ən gənc ulduzları arasında yer alan 18 yaşlı yarımmüdafiəçi atasının həbsxanada atdığı imza sayəsində Türkiyə vətəndaşı oldu və iki yoldaşlıq oyununda üst-üstə 90 dəqiqə oynayaraq Türkiyə millisinin AÇ-2016 üçün iştirak ərizəsinə daxil edildi. Daha sonra toplanışdan xüsusi təyyarəylə Dortmunda gedərək “Borussiya” ilə müqavilə imzaladı.

Çexiya üzərindəki qələbədə payı olan Əmrəni oyundan sonra miks-zonada xeyli jurnalist gözləyirdi. Türkiyənin “Sabah” qəzeti də 18 yaşlı gəncin hisslərini öyrənə bilib:

“Çox sevinirəm. Çexiyaya qarşı əla oynadıq. Bütün komanda mübarizə apardı. Meydanda bir-birimizə kömək etdik və yekunda qələbə qazandıq. Hələ tribunalarda adımı eşidəndə sevincdən nəfəsim kəsilirdi. Çox həyəcanlanmışdım. Ardadan topu alanda Burakı gördüm. Məşqlərdə çalışdığımız epizodlardan biri idi. Sadəcə topu ən doğru yerə göndərməyə çalışdım. Burak abinin lazımi anda dəqiq zərbəsi möhtəşəm oldu. Qolun ötürməsini vermək və ya fərqlənmək önəmli deyil. Qələbəyə kömək etdiyim üçün sevincliyəm. Hər kəsin məni sevdiyini və qoruduğunu hiss edirəm. Həqiqət budur”.

Əmrə Xorvatiya ilə oyundan sonra Modriçlə selfi çəkdirməsinə lağ edənlərə də mesaj göndərib:

“Bu, sadəcə axmaqlıqdır. Modriçlə şəkil çəkdirməyimə komanda yoldaşlarım heç bir reaksiya vermədi. Onlar məni çox istəyirlər. Mənə kiçik qardaşları kimi davranırlar. 18 yaşım var və ilk dəfə belə böyük turnirdə iştirak edirəm. Əlbəttə, dünyanın ən yaxşı futbolçularından biri ilə şəkil çəkdirməyim normal qarşılanmalıdır”.

Bir sıra dünya ulduzlarına bənzədilən Əmrə Mor özü olmaq istədiyini vurğulayıb:

“Cəmi 18 yaşım var. Hələ çox öyrənməliyəm. Mən Əmrə Moram. Sadəcə Əmrə Mor... Özüm olmaq istəyirəm. Beylmi? O da yaxşı futbolçudur. Ancaq mən Ronaldo deyərdim. O, həmişə mənim favoritimdir. O, kraldır!”

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm