“Qəbələ”nin Avropaya səs salan qələbəsi – REKORDLAR, FAKTLAR
Bizi izləyin

İdman

“Qəbələ”nin Avropaya səs salan qələbəsi – REKORDLAR, FAKTLAR

Builki Avropa macəramız pis başlamayıb. Hətta bir az eyforiyaya qapılıb fantastik başlanğıc da deyə bilərik. Avropa Liqasında mübarizəyə başlayan 3 klubumuzdan heç birinin ilk oyunlarda uduzmaması belə yüksəkdən danışmağa əsas verir. Yəqin ki, ən pis halda iki klubumuzu növbəti mərhələdə görəcəyik. “Neftçi”nin səfərdən üzüağ dönməsi, “Qəbələ”nin isə cütün taleyini evdə həll etməsi nikbin əhval-ruhiyyə bəxş edir. Bircə “Kəpəz”dən narahatıq. Gəncələlilərə də Moldova səfərində uğurlar arzulayırıq.

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin görüşlərində qeydə alınan 3 darmadağından birində “Qəbələ”nin imzası var. Buna sevinməmək ədalətsizlik olardı. Roman Qriqorçukun yetirmələri “Samtredia” ilə oyunda sözün əsl mənasında şou göstərdi. Xüsusilə də yeni transfer Teo Uiksin publikanı gözəl qolları ilə əyləndirməsini qeyd etməyə dəyər. Etiraf edək ki, Azərbaycan azarkeşi belə hisləri həmişə yaşamır.

“Qəbələ”nin 5:1 hesablı qələbəsi bir sıra əlamətdar məqamlarla zəngin oldu. Əvvəla bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb. Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan “Qırmızı-qaralar” əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlmişdi. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qalib gələn “Qəbələ” Azərbaycan futbolu tarixinə də düşüb. Komandamız ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib. Bunadək heç bir Azərbaycan klubu öz meydanındakı avrokubok görüşündə 4-dən artıq qol vurmamışdı ki, bunu gerçəkləşdirən ilk klub “Qəbələ” oldu. “Qırmızı-qaralar” həm də ən böyükhesablı ev qələbəsinə - 4 top fərqilə qalib gəlmək rekorduna da şərik olub.

“Qəbələ” – “Samtredia” qarşılaşmasında qeydə alınan digər rekordlar və faktlar

- Debüt oyununda het-trikə imza atan Teo Uiks “Qəbələ”nin tarixinə avrokubok matçında 3 qol vuran ilk futbolçu kimi düşüb. Ümumilikdə isə liberiyalı Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə 3-cü het-trikinin müəllifidir.

- Teo həm də “Qəbələ”nin tarixində 3-cü het-trik müəllifi olub. Bu oyunadək futbolçularımız yalnız 2 dəfə - 1 dəfə Azərbaycan kuboku, 1 dəfə Premyer Liqada bunu bacarıblar.

- “Qəbələ”nin 4-cü, Uiksin 2-ci qolu klub tarixinin avrokuboklarda ümumilikdə 15-ci, evdə 10-cu topu olub.

- “Qəbələ”nin 2-ci qolunun müəllifi Sergey Zenyov “Qırmızı-qaralar”ın Roman Qriqorçukun rəhbərliyi altında 100-cü topuna sevinib. Komandamız ukraynalı mütəxəssisin baş məşqçiliyi altında 103 qol vurub, 65-ni buraxıb.

- Roman Qriqorçuk “Qəbələ” ilə 15-ci avrokubok matçına çıxıb. Bu qarşılaşmalarda 4-cü qələbəsini qazanan komanda 5 heç-heçə edib, 6 məğlubiyyət alıb, 16 qol vurub, 19-nu buraxıb.

- Vojislav Stankoviç “Qəbələ”də 40-cı oyununu keçirib.

- Start heyətində meydana çıxan 4 futbolçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Baqali Dabo, həmçinin meydana sonradan daxil olan Tellur Mütəllimov “Qəbələ”də ilk rəsmi oyununu keçirib. Klubun 11 illik tarixində “qırmızı-qara” forma geyinənlərin sayı 207-yə çatıb.

- Uiks ilk liberiyalı, Ozobiç ilk xorvatiyalı olub. Bununla da “Qəbələ”də təmsil olunan ölkələrin sayı 37-yə çatıb. Bu matçadək 35 ölkədən 99 legioner rəsmi matçlarda “Qırmızı-qaralar”ın heyətində çıxış etmişdi. Kvekveskiri, Dabo, Uiks və Ozobiç 37 ölkədən olan legionerlərin sayını 103-ə çatdırıb. Digər 104 oyunçu isə yerli futbolçulardır.

- Kvekveskiri 10-cu gürcüstanlı, Dabo 2-ci fransızdır.

- Bu matçadək “Qəbələ”nin 104 futbolçusu qol vurmuşdu. Qol hesablarını açan Vojislav Stankoviç və Teo Uiks bu rəqəmi 106-ya çatdırıb. Sergey Zenyov isə “qırmızı-qara” formada qol sayını 5-ə çatdırıb.

- “Qəbələ”nin heyətində 15-ci avrokubok matçına çıxan Sergey Zenyov klub tarixinin rekorduna şərik olub. Bunadək yalnız Dodo qitə kuboklarında “qırmızı-qara” formada 15 görüşə çıxmışdı.

- Sergey Zenyov avrokuboklarda 3-cü qolunu vurmaqla, Teo Uiks bir matçda 3 dəfə fərqlənməklə klub tarixinin qitə kuboklarındakı ən məhsuldar oyunçuları siyahısında Cavid Hüseynova çatıblar. Hərəyə 3 qola imza atan “üçlük” yalnız Dododan (4 qol) geri qalır. Stankoviç və Uiks qol hesabını açmaqla avrokuboklarda “Qəbələ” üçün fərqlənənlərin sayını 7-yə çatdırıb.

- 7 oyunçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç, Baqali Dabo, Rəşad Eyyubov, Qismət Alıyev, Tellur Mütəllimov avrokuboklarda ilk dəfə “Qəbələ”nin şərəfini qoruyub. Qitə kuboklarında “qırmızı-qara” forma geyinənlərin sayı 42-yə çatıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm