Paris finalı və ya “Qızıl top” savaşı
Bizi izləyin

İdman

Paris finalı və ya “Qızıl top” savaşı

Daha bir Avropa çempionatı tarixin yaddaşına köçmək üzrədir. Dava-dalaşla, insidentlərlə, darıxdırıcı oyunlarla başlayan Fransa-2016-nın bitməsinə bir oyun qalıb. Deyə bilmərik ki, hamı finalı gözləyir, ya yox. Ancaq o dəqiqdir ki, çoxları Portuqaliya – Fransa finalını təsəvvürünə belə gətirmirdi.

Portuqaliya və Fransa indiyə qədər 24 dəfə üz-üzə gəliblər. Fransa 18, Portuqaliya 5 qələbə qazanıb. Cəmi 1 matç heç-heçə bitib. Son 10 oyunda Portuqaliya Fransaya qalib gələ bilməyib. Sonuncu dəfə 1975-ci ildə qələbə qazanan pireneylilər 1978-ci ildə keçirilən görüşdən bu tərəfə qalibiyyətə həsrətdirlər. Maraqlıdır ki, Portuqaliya bu matçların hamısını uduzub.

Portuqaliya Avropa çempionatının finalına 12 il sonra vəsiqə qazanıb. 2004-cü ildə öz ölkələrində qalib olmaq şansı qazanan, lakin Yunanıstana 1:0 hesabı ilə uduzan yarımada təmsilçiləri bu dəfə qızıl medallara sahib çıxmaq istəyir. Portuqalların ulduz futbolçusu Kristiano Ronaldo da evə kubokla birlikdə dönmək istədiyini bildirib. Bu qarşılaşma həm də “Qızıl top”un namizəd seçiminə təsir edəcək. Portuqaliya çempion olsa, Ronaldo aşkar favorit olacaq. Bu yaxınlarda başa çatan Amerika kubokunda Lionel Messinin Argentina millisiylə qalib ola bilməməsi də onun şansını artırır. Əgər Fransa çempion olsa, onda Antuan Qrizmann da “Qızıl top”a iddialılardan birinə çevriləcək. Bu turnirdə o, Fransa millisinin heyətində ən yaxşılardan biridir.

Almaniya üzərində qələbədən sonra fransızlar çempionluq ab-havasına girib. Azarkeşlər çempionluq mahnılarını oxumağa başlayıb. Maraqlıdır ki, “Xoruzlar” sonuncu dəfə qitə turnirinin qalibi olanda indiki baş məşqçi Didye Deşam komandanın kapitanı idi. İndiyədək fransızlar 2 dəfə Avropanın ən güclüsü olub. Bu, onların üçüncü cəhididir.

Yeri gəlmişkən, Braziliyada keçirilən mundialda fransızların qarşısını 1/4 finalda məhz Bundestim kəsmişdi. Fransızların əvəz çıxdığını düşünmək olar. Bununla da Fransa millisinin Almaniya üzərində böyük turnirlərdə 58 illik qələbə həsrətinə son qoyuldu.

Fransa bunadək 3 dəfə böyük turnirlərə ev sahibliyi edib. İlk dəfə 1960-cı ildə Avropa çempionatını təşkil edən “Xoruzlar” yarımfinala qədər irəliləsə də, çempion ola bilməmişdi. 1980-ci illərdə Fransa millisinin heyətində xeyli ulduz futbolçu vardı. AÇ-1984 yenə də “Xoruzlar”a həvalə edildi. Heyətində Platini, Tiqana, Bellon, Lyakomb kimi ulduzlar olan Fransa millisi bu dəfə doğma divarlar arasında rəqib tanımadı və tarixində ilk dəfə Avropa çempionatının kubokunu qazandı. Məhz bu uğurun ardından Fransa futboluna yatırılan sərmayə zirvə həddinə çatdı. Bəhrəsi də artıqlaması ilə gəldi: Zidan, Anri, Trezege, Viltord, Desayi, Pires kimi növbəti onilliklərin ulduzları yetişdi və onlar “qızıl nəsil” adlandı. Məhz “qızıl nəsil”in performansı sayəsində Fransa millisi daha bir tarixi uğura imza ataraq, o vaxta qədər heç kimin bacarmadığını etdi - dünya və Avropa çempionatını ardıcıl qazandı.

1998-ci ildə Fransada təşkil olunan dünya çempionatında fırtına kimi əsən fransızlar finalda Ronaldo, Dunqa, Rivaldo, Kafu, Bebeto kimi əfsanələrin cəmləşdiyi Braziliyanı da mat etdi – 3:0. Sonralar dahilik zirvəsinə ucalan Zinəddin Zidan həmin oyunda dublla yadda qalmışdı.

2 il sonra Hollandiya və Belçikada düzənlənən Avropa çempionatında yenə fransızların biləyini bükən olmadı. İndi yenə Avropa çempionatı Fransada keçirilir və yenə Fransa finaldadır.

Finalda İngiltərədən olan FIFA referisi Mark Klattenburq fit çalacaq. O, bu il Çempionlar Liqasının da final oyununu idarə edib.

21-ci əsrdə 5 dəfə üz-üzə gələn komandaların duelində fransızların aşkar üstünlüyü var.

28.06.2000. Fransa – Portuqaliya – 2:1

25.04.2001. Fransa – Portuqaliya – 4:0

05.07.2006. Fransa – Portuqaliya – 1:0

11.10.2014. Fransa – Portuqaliya – 2:1

04.09.2015. Portuqaliya - Fransa – 0:1

Bu üzdən Fransanı Portuqaliya üçün arzuolunmaz rəqib saymaq olar. Odur ki, Ronaldo və yetirmələri Paris finalında həm də uğursuzluq tilsimini qırmalıdır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm