GECƏNİN QƏHRƏMANI: Ağ əlcəkli oğlan - FOTOLAR
Bizi izləyin

İdman

GECƏNİN QƏHRƏMANI: Ağ əlcəkli oğlan - FOTOLAR

AÇ-2016-nın final matçında vurulan yeganə qolun müəllifi Eder oldu. Bir qolla Portuqaliyanın qəhrəmanına çevrilən hücumçu söz verdiyi kimi qoldan sonra ağ əlcək geyinib. Bu əlcək ona uğur gətirir. Eder “Lill”də də qol vuranda hər dəfə bu hərəkəti təkrarlayır. Fransa ilə final qarşılaşmasından əvvəl də söz vermişdi ki, qol vursa, əlcək geyinəcək.

Ronaldonun zədələnməsindən sonra meydana çıxan Eder çoxları üçün “qara qutu”dur. O kimdir? 1,88 m boya malik hücumçunun maraqlı həyat hekayəsi var. 1987-ci il dekabrın 22-də Qvineya Bissauda dünyaya gələn Eder futbolçu karyerasına 2007-ci ildə Portuqaliyanın “Oliveyra do Hospital” klubunda başlayıb. Bir neçə aşağı dəstə komandalarında püxtələşəndən sonra 2012-ci ildə “Braqa” onu havayı ələ keçirib. Elə futbol ictimaiyyəti də onu məhz “Keşişlər”in heyətində oynayandan sonra tanımağa başladı. Ötən il “Suonsi” Ederin transferinə 6,7 milyon avro pul saydı və sonradan futbolçunu “Lill”ə icarəyə verdi. Bir neçə gün əvvəl isə Fransa klubu Avropa çempionatında ulduzu parlayan forvardın transfer hüququnu 4,5 milyon avroya satın aldı.

Maraqlıdır ki, “Braqa”dakı ilk mövsümündə sərgilədiyi performansla Avropanın nəhəng klublarının diqqətini çəkən Eder “Fənərbağça”nın da maraq dairəsində olub. Ancaq adətən “işlənmiş materiallar”a böyük pullar xərcləməyi xoşlayan türklər onun istedadını sezə builməyib və transferdən vaz keçib. Yəqin ki, indi İstanbul klubunun seleksiya işlərinə cavabdeh şəxslər iki əliylə başına döyür.

Eder Avropa çempionu olandan sonra ilk təəssüratlarını da bölüşüb:

“Qələbə qazandığımız üçün çox sevincliyəm. Qələbə qolunu vurmağım isə tam başqa hissdir. Bu kuboka layiq idik”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm