• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

ŞOK İDDİA: Portuqaliya finala vəsiqəni Avstriya ilə oyunda qazanıb - FOTOLAR

  • İdman
  • 12 İyul 2016 17:38
  • 2 331 Baxış
ŞOK İDDİA: Portuqaliya finala vəsiqəni Avstriya ilə oyunda qazanıb - FOTOLAR

Futbol teatrdır, hər oyun da bir tamaşa. Yaxşı futbolçular böyük aktyorlardır. Amma teatrda böyük aktyorlar rolunu oynaya biləndə ağladır, böyük futbolçular oynaya bilməyəndə... Lap elə Ronaldo kimi...

Bu sətirləri çox dəyərli bir dostumuzun statusunda gördüm. “Doqquzluğ”a vurulan top necə zövq verirsə, bu sözlərin də qiyməti o dəyərdədir. Birbaşa finaldan başladıq söhbətə. Çünki Portuqaliyanın qələbəsi hələ də ciddi müzakirə mövzusudur. Əsasən də azarkeşlərin ürək sözlərini rahat yaza bildiyi sosial şəbəkələrdəki hərəkətlilikdən bunu anlamaq çətin deyil.

Əvvəlcədən deyim ki, Portuqaliyanın oyununu tənqid edənlərin fikrini müzakirə etməyəcəm. Adətən mən nəyisə bəyənməyəndə “ZÖVQLƏR müxtəlifdir” deyib keçirəm. Biz bu gün saatlarla Portuqaliyanın oyununu “ortaya qoyub” mübahisə etsək də, Portuqaliya xalqı xoşbəxtdir. Bizim verəcəyimiz qərar onların xoşbəxtliyinə zərrə qədər xələl gətirməyəcək. Odur ki, qəbul edin. Nəticəni qəbul edin və Portuqaliyanın qələbəsiylə barışın.

Bütün fikrinizi cəmləyib bir ay əvvələ qayıdın. İzlədiyiniz ilk oyundan üzü bəri bütün qarşılaşmaları xatırlayın. Çoxu Fransadakı Avropa çempionatının darıxdırıcı keçdiyini iddia edir. Düzdür, ilk turlarda məhsuldarlığın aşağı olması bu iddiaların gücünü möhkəmləndirir. Məyər qol vurulmayan oyun maraqlı olmur ki? Əlbəttə, olur. Sadəcə olaraq, futbola yalnız qola görə baxmaq lazım deyil: mübarizə, taktika savaşı, ağıllı addımlar, düzgün əvəzetmələr, lazımsız penaltinin vurulmaması... Burda stop! Heç bilirsiz ki, qrup mərhələsinin 2-ci turunda Portuqaliya - Avstriya oyununda Ronaldo penaltini bilərəkdən (və ya bilməyərəkdən) vurmayıb? Bəli, həmin oyunda Portuqaliya qələbə qazansaydı, pley-offda onları Almaniya, İngiltərə və Fransa ilə 3 çətin oyun gözləyirdi. Bu “Bermud üçbucağı”ndan isə salamat çıxmaq inandırıcı görünmürdü. Buradan belə qənaətə gəlmək olar ki, Portuqaliya millisi finala qədər irəliləmək üçün hər addımı ölçüb-biçib.

Ümumiyyətlə, mənə görə, qarşısına ciddi hədəflər qoyan komanda böyük turnirdə hər oyuna maksimum güc sərf etməməli, gücünü düzgün bölüşdürməlidir. Lap elə Portuqaliya kimi... Razıyam ki, turnirdən əvvəl heç kim bu finalı proqnozlaşdırmırdı. Ancaq futbolun gözəlliyi də elə bundadır. Azarkeşlik bir tərəfə, ancaq heç kim öncəgörən deyil. Kimin ağlına gələrdi ki, Portuqaliya qrupda 3-cü yeri tutub pley-offa çıxacaq və finala kimi irəliləyəcək? Bəlkə komandanın əsas qol ümidi olan Ronaldonun finalda zədələnəcəyini hiss edən olub? Bəlkə onun oynamadan sonda kubok qaldıracağını bilirdiz? Bəlkə turnirin ən önəmli qolunu bu vaxta qədər milli komandada 13 dəqiqə oynamış hansısa Qvineya-Bisaudan çıxan Eder adlı oğlanın vuracağını təxmin etmişdiz? Bütün suallara təsdiq cavabı verən varsa, onda onu təbrik edirəm. Yəqin ki, o, indiyə qədər bukmeker kontorlarını müflis edən varlı biridir. Ağ-qara zolaqlı dünyada yaşayan insanlarla danışmaq çox çətindir. Azarkeşlik etdiyi komanda məğlub olursa, mübarizəni erkən dayandırırsa, bütün turnirin üstündən xətt çəkir. Ancaq gəlin qiymət verməyi bacaraq. Şaqirinin və Nainqqolanın vurduğu qollar hər bir turnirin bəzəyidir. İslandiya xalqının tarix yazdığı, Uelsin yarımfinala yüksəldiyi, İtaliya millisinin son illərdə ən yaxşı oyunlarını keçirdiyi turnirə pis demək ədalətsizlikdir. Hələ uzun müddət AÇ-2016-da baş verən maraqlı məqamlara təkrar-təkrar baxacaqsız.

Pərviz Hikmət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>