Bir ayağı olmadığı üçün AİLƏSİ ONU ATDI
Bizi izləyin

İdman

Bir ayağı olmadığı üçün AİLƏSİ ONU ATDI

Futbol sadəcə oyun deyil. Bu ifadəni çox eşitmisiz yəqin ki. Ancaq təkrarlamaqda məqsəd bu oyunun sadəcə insanlara bəxş etdiyi sevinc, kədər, emosiya hislərini xatırlatmaq deyil. Futbol kasıbçılıq içində böyüyən neçə-neçə uşağı səfalətdən qurtarıb. Futbolu oynayanlar yaşam tərzini dəyişib. Elə bu sahədə çalışan digər insanlar da futbolun sayəsində həyat tərzini yaxşı istiqamətdə dəyişə bilir. Düzdür, bəzən əks effektlərə də rast gəlirik. Böyük pullardan başı gicəllənənlər axmaq-axmaq işlərə qurşanır, karyerasını puç edir, həbsxanalara düşür...

Böyük futbol daim diqqət mərkəzindədir, kimin necə oynadığını bütün dünya izləyir. Ancaq evsizlər üçün keçirilən dünya çempionatından yəqin ki, çoxunuz xəbərdar deyilsiz.

2003-cü ildən UEFA-nın bayrağı altında keçirilən evsizlər arasında dünya çempionatı bir növ xeyriyyə məqsədi daşıyır. Statistikaya görə, hər çempionatda orta hesabla 100 iştirakçıdan 77-si həyatını yaxşılığa doğru dəyişir.

Evsizlərin növbəti futbol bayramı iyulun 10-da Qlazqoda start götürüb. Budəfəki yarışda hər kəs İndoneziyanın 27 yaşlı qapıçısı Eman Sulaemandan danışır. O, əsl qəhrəman və insanlıq nümunəsidir. “Emanın anadangəlmə bir ayağı yoxdur. Uşaq ikən valideynləri əlil olduğu üçün ondan imtina ediblər. O vaxtdan onun evi küçələrdir”, - deyə İndoneziya millisinin baş məşqçisi Riyuki Kurniavan danışır.

Qrup mərhələsində protezlə oynayan Eman bir neçə fantastik seyvləriylə alqış qazanıb. Onun qəhrəmanlığı sayəsində komandası Hindistanı 6:3, Kambocanı isə 10:3 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. İndoneziya millisinin digər qapıçısı, 44 yaşlı Vir Dan 16 il narkotik aludəçisi olub. Onu 3 il əvvəl Cakartada evsizlərə yardım edən “Street Soccer” (küçə futbolu) təşkilatı xilas edib.

Evsizlər arasında dünya çempionatı keçirmək ideyası 14 il əvvəl şotlandiyalı sahibkar Mel Yanq və Avstraliyada küçə qəzetinin redaktoru Harald Şmidtin ağlına gəlib. 2003-cü ildə Avstriyanın Qrats şəhərində baş tutan ilk turnirdə məqsəd evsiz insanlara diqqət ayırmaq və onların cəmiyyətə inteqrasiyası üçün münbit şərait yaratmaq olub. UEFA-nın dəstəyi ilə hər il təşkil edilən yarış klubların və milli komandaların quruma ödədiyi vəsait hesabına maliyyələşir.

Ən maraqlı şərtlərdən biri odur ki, turnirdə yalnız bir dəfə iştirak etmək mümkündür. Həmçinin iştirak edən şəxs ən azı 1 il evsiz qaldığını təsdiqləyən sənəd göstərməlidir.

Qaydalar belədir: 3 futbolçu və bir qapıçıdan ibarət komandalar (komandalar qarışıq da ola bilər, turnirdə qadınlar da iştirak edir) ölçüsü 22x16 metr olan asfalt örtüklü meydançada hərəsi 7 dəqiqədən ibarət iki hissə oynayırlar. Qapıçı cərimə meydançasını tərk edə bilməz. Qayda pozuntularına görə iki cür vərəqə var: mavi (2 dəqiqəlik qovulma) və qırmızı (əvəzetmə hüququnu itirmək şərtilə oyunun sonuna kimi qovulma). Qayda pozuntusundan sonra zərərçəkəndən üzr istəmək və onun əlini sıxmaq isə mütləqdir.

İndiyədək Çili, Şotlandiya, Braziliya və İtaliya iki dəfə çempion olub. Avstriya, Rusiya, Meksika, Ukrayna və Əfqanıstan hərəyə 1 dəfə kuboku qazanıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu turnir neçə-neçə insanın həyatını dəyişməsinə vəsilə olub. Spirtli içkiyə qurşananlar, narkotik qəbul edənlər pis vərdişlərindən əl çəkir, iş, ev tapır. Hətta peşəkar futbolla yoluna davam edənlər də olur. Buna ən bariz nümunə kimi, 2010-cu ildə “Mançester Yunayted”in 7,4 milyon funta “Gimarayeş”dən transfer etdiyi Bebeni göstərmək olar.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm