Özünü xəstəliyə vuran, 960 km gəzən... – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Özünü xəstəliyə vuran, 960 km gəzən... – FOTOLAR/VİDEO

Kiməsə və ya nəyəsə həddən artıq heyranlıq göstərənlərə fanat deyilir. Fanatlar heyranı olduqları müğənninin, idmançının, siyasətçinin, aktyor və ya aktrisanın fəaliyyətini təqib edər, imkan düşdükcə onlarla şəkil çəkdirməyə çalışar, əli çatmayanda isə sevgi dolu mesajlar göndərərlər. Bəzən fanatizm o qədər güc gələr ki, kimlərsə uzun məsafə qət edər, özünü min bir əziyyətə salıb kumirinin yanında olmağa can atar. Əsasən futbol sahəsində fanatizm daha çox yayılıb.

Publika.az futbol ulduzlarına görə ağlasığmaz əziyyətlərə qatlaşan ən maraqlı fanatların əl atdığı üsulları təqdim edir.

Üzə-üzə yaxtaya çatdı

Bugünlərdə maraqlı bir insident yaşandı. Yay tətili üçün İspaniyanın İbitsa adasını seçən “Barselona”nın hücumçusu Lionel Messi yaxta icarəyə götürərək ailəsi ilə birlikdə istirahətə yollanıb. Bir neçə gündən sonra yaxtanın bir azarkeş tərəfindən izlənildiyi məlum olub. O, üzərək Messinin “gəmi”sinə yaxınlaşıb. Nə üçün? Sadəcə onunla şəkil çəkdirmək üçün... Fanat bunun üçün hətta əvvəlcədən dostlarına fotoaparatı hazır saxlamağı tapşırıb.

Futbolçunun otağına soxulmaq?

2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatında 15 yaşlı Yaqo Leal Portuqaliya millisinin məskunlaşdığı otelə soxulub. Yeniyetmə azarkeş otel binasının damına çıxaraq su borusu vasitəsi ilə Kriştiano Ronaldonun qaldığı otağın eyvanına düşüb. Sonradan açıqlama verən Leal kumirinin yatdığı çarpayıda uzanmaqdan həzz aldığını bildirmişdi. Həmin vaxt otağına gələn Ronaldonun gözləri bərəlsə də, mühafizəçiləri çağırmayıb. Bircə fanatına onu deyib ki, otağımı tərk elə...

Meydana qaçmaq dəbə minib

Sonuncu Avropa çempionatında Ronaldoyla bağlı daha bir maraqlı hadisə yaşandı. Portuqaliya – Avstriya oyunundan sonra ulduz hücumçuyla şelfi çəkdirmək istəyən bir azarkeş meydana şığıdı. Təbii ki, stüardlar da onun arxasınca. Ancaq portuqaliyalı futbolçu stüardlardan azarkeşə toxunmamağı istədi və onun arzusunu yerinə yetirdi. Eyni hadisə CAR-la Braziliya arasında keçirilən yoldaşlıq oyununda da baş vermişdi. Oyundan sonra afrikalı uşaq meydana qaçsa da, futbolçulara çata bilmədi. Stüardlar onu tutub meydandan çıxarmaq istəyəndə işə Braziliya millisinin gənc ulduzu Neymar qarışdı. Onunla bir neçə şəkil çəkdirəndən sonra digər braziliyalı futbolçular da gələrək balacanı atıb-tutmağa başladılar. Bu anı çətin ki, afrikalı uşaq unutsun...

2400 km məsafə qət edib ki...

Məşhur serbiyalı səyahətçi Draqan Şişbaliç sevimli klubu “Partizan”ın yanında olmaq üçün bütün Avropanı velosipedlə dolaşıb. O, klubun futbol və basketbol komandalarının qatı fanatıdır. O, hətta 2400 km məsafə qət edərək Moskvaya da gəlib çıxmışdı. 15 gün çəkən həmin səfər zamanı iki dəfə velosipedi yolda sınmışdı.

17 saat gözləyib

“Yovil Taun” futbol klubunun azarkeşi Ceyms Krjijanovski 17 saat kassanın qabağında keşik çəkib ki, komandasının İngiltərə kubokunun 1/32 final mərhələsində “Mançester Yunayted”lə oyununa bilet alsın. Ajiotaj böyük olduğu üçün o, biletsiz qalmaqdan qorxub və kassanın yanında gecələməli olub. “Yovil Taun”un MY-yə 0:2 hesablı məğlubiyyəti də onun əhvalını pozmayıb.

960 km ayaqla gedən də olub

“Bavariya”nın bosniyalı fanatı Vahid Çexay evindən “Alyans Arena” stadionuna qədər 960 km məsafəni piyada gedib. 5 ölkədən – Bosniya və Herseqovina, Xorvatiya, Sloveniya, Avstriya, Almaniya – keçən Vahid iyunun 10-da Buqoynodakı evindən çıxıb və iyulun 22-də (təxminən 40 gün) “Bavariya”nın ev oyunlarını keçirdiyi arenaya çatıb. Bütün yolu da Münhen klubunun formasıyla gedib. Bu təşəbbüs ona 12,5 kq arıqlamaq bahasına başa gəlib. Geriyə isə avtobusla qayıtmalı olub.

Özünü xəstəliyə qoyub stadiona girdi

“Napoli”nin azarkeşi Covanni Mannini “Roma” ilə oyuna bilet ala bilmədiyini görəndə “ürəyini tutub”. Yaxınlıqdakı tibb mərkəzindən köməyə gəliblər və onu xərəklə tribunanın altındakı məkana aparanda Mannini “dirilib” və tribunaya qaçaraq azarkeşlərin arasında “gözdən itib”.

Bu hər adamın ağlına gəlməzdi

Futbol tarixinə düşəcək bir addımı Karl Pauer adlı “Mançester Yunayted” fanatı atıb. Çempionlar Liqasının 2000/01 mövsümündə MY meydana 11 yox, 12 futbolçu ilə “çıxmışdı”. Məhz Pauerin sayəsində... Çəkiliş briqadasının üzvü kimi stadiona daxil olan fanat sonradan formanı geyinərək komandayla birlikdə şəkil çəkdirib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm