Gəldilər, göründülər, getdilər, amma sevildilər - FOTOLAR
Bizi izləyin

İdman

Gəldilər, göründülər, getdilər, amma sevildilər - FOTOLAR

“Beşiktaş” 7 illik fasilədən sonra azarkeşlərinə Türkiyə çempionu olmağın sevincini yaşatdı. 2015/16 mövsümündə “Qara qartallar”ın finişə 1-ci çatmasında ən çox payı olanlardan biri də Almaniya millisinin hücumçusu Mario Qomeş idi. Məhz onun meydana çıxdığı 33 oyunda vurduğu 26 qol çempionluğu şərtləndirən əsas amillərdəndir. Alman forvard həm də Superliqanın bombardiri oldu. Ancaq qəhrəman artıq yeni mövsümdə ağ-qara formada olmayacaq. Futbolçu özü bu gedişin siyasi motivlərə bağlı olmadığını desə də, ictimaiyyət əsasən bu qənaəti qabardır. Hər halda, Qomeş “Beşiktaş” azarkeşlərinin yaddaşında həmişə çempion kimi qalacaq.

Türkiyə klubları üçün bu tip ayrılıq ilk dəfə deyil. Vaxtilə çox ulduz olub ki, Superliqada bir mövsüm oynayıb və azarkeşlərin qəlbinə yol tapıb. Ancaq sonradan Türkiyəni tərk edib.

Publika.az Superliqada birmövsümlük külək kimi əsib keçən ulduzları xatırladacaq.

Les Ferdinand (Beşiktaş)

KPR-də ulduzu yenicə parlayan vaxtlarda Qordon Milnin sayəsində “Beşiktaş”da icarə əsasında bir mövsüm oynadı. 26 oyuna 14 qol vuraraq, adını əfsanələr arasına yazdırdı. Türkiyədən ayrıldıqdan sonra İngiltərədə “Nyukasl”, “Tottenhem”, “Vest Hem” klublarında top qovdu.

Mario Jardel (Qalatasaray)

“Qalatasaray”ın UEFA kubokundakı tarixi qələbəsindən sonra komandaya qoşulan Jardel Avropa Superkubokunun finalında “Real”a iki qol vuraraq “Sarı-qırmızılılar”ı qələbəyə daşıdı. 2000/01 mövsümündə sarı-qırmızı formayla 42 rəsmi oyuna çıxan braziliyalı forvard 32 qola imza atdı və komandasının ÇL-in 1/4 finala çıxmasında böyük pay sahibi oldu. 2001-ci ilin yazında isə o, artıq Lissabon “Sportinq”inin futbolçusu idi.

Ariel Orteqa (Fənərbağça)

Bir vaxtlar Argentinada dahi Dieqo Maradonanın xələfi hesab olunan Orteqa 2002-ci ildə “Fənərbağça”da peyda oldu. Mövsümün ilk dövrəsində 14 Superliqa oyununda meydana çıxaraq 5 qol müəllifi olan Ariel xüsusilə “Qalatasaray” üzərində qazanılan 6:0 hesablı qələbə matçında performansı və aldığı qırmızı vərəqəylə gündəmə düşdü. Ancaq ikinci dövrədə qalmaqallı şəkildə klubdan ayrıldı.

Sebastyan Perez (Qalatasaray)

“Marsel”in heyətində özünü Avropaya tanıtdıran Sebastyan 2001/02 mövsümünü icarə əsasında “Qalatasaray”da keçirdi. Sarı-qırmızı formada 33 rəsmi oyuna çıxan fransız müdafiəçi çempionluqla bitən mövsümdə pay sahibi olmaqla “Qalatasaray” tərəfdarlarının qəlbinə yol tapmağı bacardı.

Con Karyu (Beşiktaş)

Norveç futbolunun yetişdirdiyi ən önəmli futbolçulardan idi. “Rusenborq” və “Valensiya”da çempionluq sevinci yaşayan Con 2004/05 mövsümünün əvvəlində “Beşiktaş”a transfer olundu. Burada 28 rəsmi oyunda meydana çıxdı və 14 qola imza atdı. Ancaq azarkeşlərin qəlbində taxt quran forvard Türkiyə mediasıyla heç cür yola getmədi. Mövsümün sonunda 8 milyon avroya “Lion”a transfer edildi.

Frank Riberi (Qalatasaray)

2005-ci ilin dekabrında “Qalatasaray” “Mets”dən “doşab” aldı. Mövsümün ikinci hissəsində 17 rəsmi oyun keçirən Riberi xüsusilə də Türkiyə kubokunun finalında “Fənərbağça”ya vurduğu qolla “Com-Bom” azarkeşlərinin sevimlisinə çevrildi. Ancaq mövsümün sonunda nə baş verdisə, Riberi gözlənilmədən “Marsel”ə yollandı. Bir neçə ildən sonra dünya ulduzuna çevrildi və “Bavariya” kimi nəhəng klubun lideri oldu. Ancaq “Qalatasaray” bu “balın dadını bilmədi”.

Nikolya Anelka (Fənərbağça)

Əzəli rəqiblər transfer mübarizəsində də bir-birindən geri qalmırdı. Riberi “Qalatasaray”a gələndə “Fənərbağça” da həmin vaxt dünya ulduzu sayılan Nikolya Anelkanı İstanbula gətirdi. 6 ay sonra Türkiyə çempionu olan Anelka 2005/06 mövsümünü də “Fənər”də keçirdi, 37 oyunda 12 qol vurdu. Sonra “Bolton”a üz tutdu.

Quti Hernandes (Beşiktaş)

“Real” yetirməsi olan Quti əfsanələrlə bir heyətdə də oynadı. 15 illik Madrid karyerasından sonra ilk dəfə legioner həyatı yaşamağa qərar verən yarımmüdafiəçi 2010/11 mövsümünə “Beşiktaş”da başladı. İlk gündən “Qara qartallar”ın azarkeşlərindən böyük dəstək alan ispan futbolçu növbəti mövsümün əvvəlində o vaxtkı baş məşqçi Karlos Karvalhalla yola getmədi və komandadan ayrılan kimi karyerasını bitirdiyini elan etdi.

Tomas Uyfaluşi (Qalatasaray)

“Qalatasaray” rəhbərliyinin ulduz heyət yığdığı 2011/12 mövsümündə “Atletiko”dan transfer edilən çexiyalı futbolçu İstanbulda iki mövsüm oynadı. İkinci mövsümdə zədələr ona rahatlıq verməsə də, çempionluqla yekunlaşan ilk mövsümündə ortaya qoyduğu oyun onu azarkeşlərə sevdirməyə kifayət etdi.

Mamadu Nyanq (Fənərbağça)

2010/11 mövsümündə “Fənər”ə transfer olunan seneqallı ulduz ilk mövsümdə oynadığı 33 oyunda 15 qola imza atdı. Çempionluqda böyük pay sahibi olan hücumçu Türkiyədə tüğyan edən oyun-alqı satqısı qalmaqalı zamanı klubdan ayrılsa da, azarkeşlərin qəlbində “taxt qurdu”. Sonradan Nyanq 2012/13 mövsümünün ikinci dövrəsini “Beşiktaş”da keçirdi.

Demba Ba (Beşiktaş)

“Nyukasl”da ulduzu parlayan və “Çelsi”yə transfer olunan Demba Ba 2014/15 mövsümünə “Beşiktaş”da başladı. Burada vurduğu qollara görə azarkeşlər ona mahnılar bəstələdi. Ancaq o da Türkiyədə çox qalmadı və ötən mövsümün əvvəlində Çinə üz tutaraq “Beşiktaş” azarkeşlərini məyus etdi. “Beşiktaş”da 44 oyuna 27 qol vurmuşdu. Bir neçə gün əvvəl isə Çin Superliqasında ağır zədə alan Ba karyerasını bitirmək təhlükəsiylə üz-üzə qalmışdı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm