İlk zərbə Rusiyaya dəydi – TARİXDƏ 8 FAKT - FOTOLAR
Bizi izləyin

İdman

İlk zərbə Rusiyaya dəydi – TARİXDƏ 8 FAKT - FOTOLAR

Braziliyada keçiriləcək Olimpiya Oyunları başlamamış tarixə düşüb deyə bilərik. Rusiya atletlərinin planetin ən mühüm idman bayramına buraxılmaması doğrudan da kiçik hadisə deyil. Olimpiadaların daimi favoriti sayılan Rusiyanın 67 idmançıdan məhrum olması ağır zərbədir. Bunun səbəbi haqda ötən ilin noyabrından bəri silsilə yazılar yazılıb. Səbəb dopinqlə bağlıdır. Ancaq “qurunun oduna yaşların yanması”nı deyə bilmərik. Fakt odur ki, Rusiya Rio-2016-ya yarımcan heyətlə gələcək. Və ilk dəfə dopinqə görə hansısa yığma olimpiadadan kənarda qalacaq.

İndiyədək Olimpiada tarixində bir neçə dəfə müxtəlif səbəblərdən hansısa millilər yarışa buraxılmayıb.

Publika.az tarxidə baş verən bu tip halları araşdırıb.

Antverpen-1920. Yay Olimpiya Oyunları (YOO)

İlk dəfə Beynəlxalq Olimpiya Komitəsi (BOK) siyasi səbəblər üzündən bir neçə ölkənin olimpiadada iştirakından imtina etmişdi. Almaniya, Avstriya, Macarıstan, Türkiyə və Bolqarıstan 1-ci Dünya müharibəsi ilə əlaqədar olaraq yarışdan kənarlaşdırılmışdı. Bununla yanaşı, Sovet hökumətini tanımayan təşkilatçılar SSRİ idmançılarına da dəvət göndərməmişdilər.

Berlin-1936. YOO

BOK 1-ci Dünya müharibəsindən sonra idman arenasına qayıtmaq üçün Almaniyaya şans verdi. 3-cü Reyxin paytaxtındakı Oyunları boykot etmək istəyənlərin çağırışı cavabsız qaldı. Nasist Almaniyasının rəqiblərinin alternativ yarış – Barselonada Xalq Olimpiadası keçirmək planı baş tutmadı. Orada Vətəndaş müharibəsi başladı və İspaniya Olimpiadadan kənarda qaldı.

London-1948. YOO

2-ci Dünya müharibəsinə görə 1940 və 1944-cü illərdə Olimpiada baş tutmadı. Müharibə başa çatandan sonra BOK nasist liderləriylə əməkdaşlığa və Olimpiadanın 3-cü Reyxin paytaxtında keçirilməsinə görə üzrxahlıq etdi. Münaqişəni alovlandıran Almaniya və Yaponiya isə Oyunlarda iştirak hüququnu itirdi.

Melburn-1956. YOO

Könüllü şəkildə Olimpiadada iştirakdan imtina kütləvi xarakter aldı. Misir Süveyş kanalı münaqişəsi zamanı Fransa-Britaniya-Israil təcavüzünə etiraz olaraq Oyunları boykot etdi. İraq, Livan və Kamboca da onlara qoşuldu. Çin Tayvanın Olimpiadaya dəvət olunmasına qarşı çıxdı. Niderland, İspaniya və İsveçrə isə Macarıstanda sovet qoşunlarına qarşı qiyamın yatırılmasına etiraz etdi.

Münhen-1972. YOO

Almaniyanı dünyaya sülhsevər ölkə kimi göstərmək üçün rəhbrəlik bilərəkdən Olimpiya kəndində nəzarəti zəiflətdi. Nəticədə terror aktı baş verdi: fələstinli döyüşçülər İsrail millisinin 11 üzvünü qətlə yetirdi. Ancaq BOK Olimpiadanı təxirə salmadı. Etiraz edən qalan israilli idmançılar özləri yarışı tərk etdi. Qisas qorxusu Misirin nümayəndə heyətini də Münhendən getməyə məcbur etdi.

Moskva-1980. YOO

Avropanın şərqində və Sosialist ölkəsində keçirilən ilk Olimpiadanı ABŞ boykot etdi. Rəsmi səbəb kimi Sovet qoşunlarının Əfqanıstana girməsi göstərildi. Ancaq faktiki olaraq, bu, ABŞ-la SSRİ arasında gedən soyuq müharibənin növbəti hissəsi idi. Amerikanı 50-dən çox ölkə dəstəkləsə də, heç kim idmançılarının Moskvada yarı.masına qadağa qoymadı.

Los-Anceles-1984. YOO

Taleyin ironiyasından növbəti Olimpiadaya ev sahibliyi məhz ABŞ-a - Los-Ancelesə həvalə olundu. Bu dəfə də Çin, Rumıniya və Yuqoslaviya istisna olmaqla, SSRİ və bütün sosialist ölkələri Olimpiadanı boykot etdi. Bu dəfə rəsmi səbəb kimi idmançıların təhlükəsizliyi göstərilsə də, əsl həqiqət Moskva oyunlarındakı boykota cavabı idi. Nəticədə zəif rəqabət fonunda ABŞ medal sayında rekorda imza atdı.

Seul-1988. YOO

BOK birlik nümayiş etdirmək üçün Cənubi Koreyanın Oyunların bir hissəsini KXDR-da keçirmək təklifini rədd etdi. Bu qərardan etiraz edən Pxenyan idmançılarını yarışa buraxmadı. Albaniya, Kuba, Vyetnam, Nikaraqua, Seyşel adaları və Efiopiya da Şimali Koreyanı dəstəklədi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm