Azərbaycanda futbolçuların üsyanı gözlənilir
Bizi izləyin

İdman

Azərbaycanda futbolçuların üsyanı gözlənilir

Azərbaycanda futbolçuların üsyanı gözlənilir

Azərbaycan futbol təsərrüfatında maliyyə böhranı yaşanması ilə bağlı söz-söhbət yayılıb. Yayılan söz-söhbətlərdə bildirilir ki, maliyyə böhranı Premyer Liqada çıxış edən bir neçə klubu əhatə edir.

Publika.Az bu yöndə araşdırma apararkən maraqlı məlumatlar əldə edib. Maraqlı məqam ondan ibarətdir ki, maliyyə böhranı yaşayan klublar arasında “Neftçi”nin də adı çəkilir.

Azərbaycanda futbol meneceri kimi çalışan, adının açıqlanmasını istəməyən şəxsin saytımıza verdiyi məlumata görə, “Neftçi” iki aydır futbolçuların pulunu vermir. “Neftçi”də maliyyə böhranı təxminən 5 aydır ki, yaşanır. Buna qədər futbolçuların 3 aylıq məvacibi verilməyib.

İki ay bundan əvvəl borclar ödənilərkən klub rəhbərliyi futbolçulara söz verib ki, bir daha belə hal yaşanmayacaq. Ancaq futbolçular son iki ayın da məvacibini ala bilməyiblər.

Çempionatın daha bir iddialı klubu “Bakı” da 2 aydır ki, futbolçuları pul üzünə həsrət qoyub. Belə ki, Hafiz Məmmədovun Fransadakı “Lans”ına baş o qədər qarışıb ki, Azərbaycan Premyer Liqasındakı “Bakı”nı unudub.

Bundan əlavə, eyni mənbədən maliyyələşən iki klub - “İnter” və “Simurq” da 3 aydır ki, futbolçularına maaş vermir.

Məlumatda bildirilir ki, pulsuzluqdan bezən “Simurq”un futbolçuları ötən həftə keçirilən “İnter”lə oyunu boykot etmək fikirində olublar. Ancaq rəhbərlik onlara söz verib ki, “qardaş”la oyundan sonra maaşlar ödəniləcək. Amma hələ də vəd yerinə yetirilməyib.

Məlumatda AZAL klubunda da maliyyə baxımından sıxıntılar olduğu vurğulanır. Komanda üzvləri 3 aydır maaş üzünə həsrətdirlər. Vaqif Sadıqovdan sonra komandanı çalışdıran Tərlan Əhmədov da futbolçuların bu durumuna əlac tapa bilmir.

Çempionatın autsayderi “Rəvan”da da durum ciddidir. Futbolçular 4 aydır ki, məvacib almırlar. Klub rəhbərliyi Güvenc Kurtara, o isə futbolçulara vəd verir.

Birdən birə bir neçə klubda yaşanan maliyyə böhranının nədən qaynaqlandığı barədə məlumat əldə edə bilmədik. Bu yöndə araşdırmalarımızı davam etdiririk.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm