"Bu dövlətin idmana qayğısının və dəstəyinin nəticəsidir" - RƏYLƏR
Bizi izləyin

İdman

"Bu dövlətin idmana qayğısının və dəstəyinin nəticəsidir" - RƏYLƏR

Millimiz XXXI Yay Olimpiya Oyunlarında 17 günlük gərgin mübarizəsini 18 medalla (1 qızıl, 7 gümüş və 10 bürünc) başa vurdu.

Azərbaycan Rio-2016-da 56 idmançı ilə təmsil olundu. Bu oyunlarda medallarımızın sayı London-2012 nəticəsindən daha çoxdur. Belə ki, London Olimpiya Oyunlarını millimiz 10 medala başa vurmuşdu.

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev Publika.az-a açıqlamasında bu nəticəni Azərbaycanın ən böyük uğuru hesab etdiyini deyib:

“Bu vaxta qədər heç bir olimpiya oyunlarında 18 medal qazanmamışdıq. Rio-2016 oyunlarında 200-ə yaxın ölkə iştirak edirdi. Medalların sayına görə bu ölkələr arasında 15-ci yerdə, əyarına görə 34-cü yerdə qərarlaşdıq. Bunu Azərbaycan idmançılarının ən böyük uğuru hesab etmək olar. Əvvəldən bu oyunlarda 14-15 medal gözləyirdik, lakin 18 medal düşünmürdük. Əldə olunan bu nəticə Azərbaycanda idmana dövlət səviyyəsində yüksək dəstək və qayğı göstərildiyinin sübutudur. İdmançılarımız yüksək qəhrəmanlıq göstərərək, 18 medalla yarışları başa vurdular. Oyunların keçirildiyi Braziliyanın əhalisinin sayı bizdən dəfələrlə çox olsa da, onlar 19 medal götürə bildilər, Azərbaycan idmançıları isə 18 medal qazandı. Hətta bir gümüş medal son 3 saniyədə idmançımızın hesabı saxlaya bilməməsi hesabına qızıl ola bilmədi. Hesab edirəm ki, boksçu Lorenso Sotomayorun döyüşündə qərar doğru olmadı. Özbək boksçu ilə olan döyüşdə nəticələr bərabər idi, Sotomayor uduzmamışdı. Lakin qərar özbək boksçunun xeyrinə verildi. Buna baxmayaraq, biz dünya səviyyəsində Azərbaycan idmanının nəyə qadir olduğunu göstərdik”.

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Rio-2016 oyunlarında idmançılarımızın belə bir nəticə göstərəcəyinə əvvəldən inandığını deyib:

“Rio olimpiadasında Azərbaycan adına medal qazanan, bütün idmançılarımızı təbrik edirəm. Təbii ki bu olimpiadadan böyük ümidlərim var idi. Qızıl medalları boksdan Teymur Məmmədovdan, yunan roma güləşindən Rəsul Çunayevdən və sərbəst güləşdən Hacı Əliyevdən gözləyirdim. Cəmi bir qızıl medal olmasına baxmayaraq, ümumi nəticəmiz gözlədiyimdən də artıq oldu. Başda Milli Olimpiya Komitəsinin prezidenti olmaqla, bütün zəhməti keçənlərin hamısını təbrik edirəm”.

Tanınmış şahmatçı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva Rio-2016 oyunlarında azərbaycanlı idmançıların çox yüksək nəticə göstərdiyini bildirib:

“Hər bir azərbaycanlı kimi mən də bu nəticəyə görə çox sevinirəm. Hesab edirəm ki, bu uğuru dövlətin və prezidentin bu sahəyə göstərdiyi qayğı, görülən işlərin nəticəsi kimi dəyərləndirməliyik. İlk dəfədir ki, olimpiya oyunlarında Azərbaycan idmançıları bu qədər medal qazanıb. Hətta bildiyim qədəri ilə iştirakçıların sayına nisbətdə qazanılan medallara görə Azərbaycan birinci yerdədir. Çünki 60-a yaxın idmançının iştirak etdiyi yarışda 18 medalın qazanılması böyük nəticədir. Bu qələbəyə görə həm idmançıları, həm də xalqımızı təbrik edirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm