İdman
Rioda tarix yazan AZƏRBAYCAN - FOTO
Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirildi və 4 il həsrətlə gözlədiyimiz böyük idman bayramı tarixin yaddaşına köçdü. Ancaq Rio Olimpiadasının təəssüratından hələ uzun müddət çıxa bilməyəcəyik.
Avqustun 5-də start götürən XXXI Yay Olimpiya Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirmək olar. Düzdür, başlanğıcda bəzi xoşagəlməz hadisələr yaşansa da, ölkənin hüquq-mühafizə orqanları vaxtında müdaxilə edərək təhlükəsizliyi təmin etdi. Dostluq rəmzi sayılan Olimpiya Oyunlarında bütün yarışların, mübarizələrin dostluq ab-havasında getdiyini söyləyə bilərik.
Rio-2016 bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçildi. Belə ki, bu, Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunları oldu. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edən Olimpiadada 306 yarış keçirildi və ümumilikdə 2102 medal sahibini tapdı. Rioda rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə apardı. İştirakçılar arasında 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da var idi. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer aldı. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Kongo Demokratik Respublikasından, 1-i isə Efiopiyadan idi. Olimpiadaya ən çox idmançı ilə qatılan ABŞ dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulmuşdu. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilə qatıldı. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış etdi. XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə apardılar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salındı. Bütün yarışlar 37 arenada təşkil olundu.
Ölkə prezidenti İlham Əliyevin xeyir-duasıyla yola düşən Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatıldı. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olundu. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı oldu. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olundu.
Geridə qalan 17 günlük Olimpiya həyəcanından sonra qürurla deyə bilərik ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu. Rio-2016-da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanmaqla, medal sayı baxımından London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırdı. Ötən Olimpiadada millimiz 10 medala (2 qızıl, 2 gümüş, 6 bürünc) sevinmişdi.
Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırdı. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib oldular. Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləndilər. Medal sıralamasında Azərbaycan 39-cu oldu.
Rioda komanda olaraq ən yaxşı nəticəni taekvondoçularımız göstərdi. Mötəbər yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazandı. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atdı. Azərbaycana bu Olimpiadada ilk və yeganə qızıl medalı da məhz taekvondoçu qazandırdı. Azərbaycan yığması Rio-2016-nın taekvondo yarışlarında dördüncü pillədə qərarlaşdı. Millimiz yalnız Koreya Respublikası, Çin və Böyük Britaniyadan geri qaldı. Avropada ikinci olan komandamız keçmiş Sovet İttifaqında birincidir. Xatırladaq ki, taekvondo yarışlarında 64-ü kişi və 64-ü qadın olmaqla, ümumilikdə, 64 ölkədən 128 idmançı 8 çəki dərəcəsində mübarizə apardı.
Braziliyaya 14 idmançı ilə yollanan güləş yığması isə qızıla həsrət qalarkən, müxtəlif əyarlı 9 medal sevinci yaşadı. Toğrul Əsgərov (66 kq) və Xetaq Qazyumov (97 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətləndilər. Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) da bir yenilgi ilə fəxri kürsünün 3-cü pilləsinə qalxdı. Mükafatsız qalan yeganə təmsilçimiz isə ilk görüşündə uduzan Camaləddin Məhəmmədov (125 kq) oldu. Yunan-Roma və qadın güləşinin hərəsində 2 medal qazandığımızı da nəzərə alsaq, ümumilikdə bu idman növündə 9 idmançımız fəxri kürsüyə qalxdı. Bu, say baxımından Olimpiadanın ən yüksək göstəricisi oldu. Bu da ümumilikdə Azərbaycan idmanına göstərilən qayğının nəticəsidir. Qeyd edək ki, güləş millimiz Olimpiadalar tarixində ümumilikdə 23 medal qazanıblar.
Boks yarışlarında da ilk dəfə Olimpiadada final döyüşü keçirdik. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atdı. Ümumilikdə isə boksçularımız iki dəfə fəxri kürsüyə çıxmağı bacardılar. 75 kq çəkidə yarışan Kamran Şahsuvarlı da bürünc medal qazandı. Azərbaycan boks millisi Rio-2016-da final həyəcanı yaşayan 12 ölkədən biri oldu. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınadı. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbəkistanlı rəqibinə uduzsa da, gümüş mükafata layiq görüldü. Nəticədə, Olimpiya Oyunlarını bir gümüş və bir bürünclə başa vuran komandamız Rio-2016-da 10-cu yerə şərik oldu. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada dördüncüdür. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb.
207 ölkə arasında 15-ci olmaq həqiqətən də fəxredicidir. Statistikaya nəzər yetirsək görərik ki, 28 idman növündə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib. Nə xoşdur ki, Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer alıb. Komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Yəni hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo, həmçinin kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.
Artıq qəhrəmanları qarşılamaq vaxtıdır. Olimpiyaçılarımız avqustun 23-də vətənə qayıdacaqlar. Riodan səmaya qalxan təyyarə sabah saat 18:20-də Bakıya çatacaq. Təbii ki, həmişə olduğu kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda qalib və mükafatçı olimpiyaçılarımız milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli surətdə qarşılanacaq.
Son illər Azərbaycanın idman ölkəsi kimi inkişafını sözdə yox, əməldə göstərmək üçün Rio-2016-dakı nəticəyə baxmaq kifayətdir. Hər olimpiadada medal sayının artması dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğının gücünü göstərir. Növbəti Yay Olimpiya Oyunlarında – Tokio-2020-də həm medal sayımızın, həm də əyarın yüksək olması diləyi ilə...
Sonda Rio-2016-da yarışan bütün idmançılarımızın nəticələrini təqdim edirik:
Boks
Rüfət Hüseynov (49 kq) – ilk döyüşdə uduzub
Albert Səlimov (60 kq) – 1/4 finalda məğlub olub
Kamran Şahsuvarlı (75 kq) – bürünc medal qazanıb
Teymur Məmmədov (81 kq) – 1/4 finalda məğlub olub
Abdulqadir Abdulayev (91 kq) – 1/4 finalda məğlub olub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda məğlub olub
Cavid Çələbiyev (56 kq) - ilk döyüşdə uduzub
Pərviz Bağırov (69 kq) - ilk döyüşdə uduzub
Lorenzo Sotomayor (64 kq) - gümüş medal qazanıb
Yana Alekseyevna (60 kq) - ilk görüşdə məğlub olub
Elvin Məmişzadə (52 kq) - 1/4 finalda məğlub olub
Taekvondo
Patimat Abakarova (49 kq) - bürünc medal qazanıb
Milad Beiqi Harçeqani (80 kq) - bürünc medal qazanıb
Fəridə Əzizova (67 kq) - 5-ci yeri tutub
Radik İsayev (+80 kq) – qızıl medal qazanıb
İdman gimnastikası
Oleq Stepko – fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer
Petro Paxnyuk – 34-cü yer
Bədii gimnastika
Marina Durunda – final mərhələsində 9-cu olub
Cüdo
Orxan Səfərov (60 kq) – 5-ci yer
Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub
Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yeri tutub
Elmar Qasımov (100 kq) - gümüş medal qazanıb
Uşanqi Kokauri (+100 kq) - 1/8 finalda məğlub olub
Güləş
Yunan-Roma
Rövşən Bayramov (59 kq) – 5-ci yer
Elvin Mürsəliyev (75 kq) – 7-ci yer
Saman Təhmasibi (85 kq) - 13-cü yer
Sabah Şəriəti (130 kq) - bürünc medal qazanıb
Rəsul Çunayev (66 kq) - bürünc medal qazanıb
Sərbəst güləş
Qadınlar
Mariya Stadnik (48 kq) - gümüş medal qazanıb
Yuliya Ratkeviç (58 kq) - 5-ci yer
Nataliya Sinişin (53 kq) - bürünc medal qazanıb
Kişilər
Hacı Əliyev (57 kq) - bürünc medal qazanıb
Cəbrayıl Həsənov (74 kq) - bürünc medal qazanıb
Şərif Şərifov (85 kq) – bürünc medal qazanıb
Cəmaləddin Məhəmmədov (125 kq) – 12-ci olub
Toğrul Əsgərov (66 kq) - gümüş medal qazanıb
Xetaq Qazyumov (97 kq) - gümüş medal qazanıb
Kaneo və kayak
Yure Meqliç (kanoe-slalom) – yarımfinalda 15 nəfər arasında 14-cü yer
İnna Osipenko-Radomskaya
Kayak (200 m) - bürünc medal qazanıb
Kayak (500 m) - finalda sonuncu - 8-ci olub
Valentin Demyanenko (kanoe, 200 m) - gümüş medal qazanıb
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 2000 m) – 12-ci yeri tutub
Kamandan oxatma
Olqa Senyuk – 1/32 finalda uduzub
Güllə atıcılığı
Ruslan Lunyov
10 m – 15-ci yer
25 m - 15- ci yer
Triatlon
Rostislav Pevtsov - 39-cu yer
Qılıncoynatma
Səbinə Mikina (sablya) – ilk görüşdə (1/16 final) uduzub
Velosiped idmanı
Yelena Pavluxina (şosse) – 35-ci yer
Maksim Averin (şosse) – finişə çata bilməyib
Olqa İsmayılova
Keyrin - 21-24-cü yerləri bölüşüb
Sprinter - 13-cü yer
Atletika
Anna Skidan (çəkicatma) - 13-cü yer
Nazim Babayev (üçtəkanla tullanma) - 25-ci yer
Hayle İbrahimov (5000 m məsafəyə qaçış) - 19-cu yer
Evans Kiplakat (marafon) - 28-ci yer
Üzgüçülük
Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 m arxası üstə üzmə) - 26 iştirakçı arasında 26-cı yer
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...