Dünyanın ƏN XOŞBƏXT ANASIZ UŞAĞI - FOTOLAR
Bizi izləyin

İdman

Dünyanın ƏN XOŞBƏXT ANASIZ UŞAĞI - FOTOLAR

Həyat çox qəribədir. Bəzən hər şeyi olan insan özünü bədbəxt, tənha hiss edir. Bəzən isə heç nəyi olmayanlar dünyadan razı qalır. Həyatla bağlı deyilən aforizmlər arasında bu mövzuya uyğun bir fikir diqqətimi çəkdi: “İnsanlar sahib olduqlarını kiçik hesab edir, sahib ola bilmədiklərini isə gözündə böyüdür”. Həqiqətən də dərindən fikirləşəndə, həyatın fani olduğunu düşünəndə bu qədər giley-güzarın boşuna olduğunu görürsən. Həyatı olduğu kimi yaşamaq hər adamın işi deyil. Təbii ki, bəxt, alın yazısı, mühit – bunlar da bir insanın yaşadığı həyatdan razı qalması üçün önəmli faktorlardır. Bu yazıda sizə məhz bu üç amilin kölgəsində böyüyən dünyanın ən xoşbəxt anasız uşağından danışacağıq.

Gözlənilməz xəbər

Balaca Ronaldo 2010-cu il iyunun 17-də dünyaya göz açdı. Onun dünyaya gəlişi gözlənilməz oldu. Əvvəla Kriştiano ata olacağını heç vaxt heç yerdə deməmişdi. İkincisi, bu xəbər ilk dəfə uşaq olandan iki həftə sonra futbolçunun rəsmi saytında peyda oldu. Hadisələr o qədər gözlənilməz oldu ki, çoxları bu xəbərin saxta istifadəçilər tərəfindən yayıldığını düşündü.

Çox keçmədi ki, Ronaldo sirli pərdəni qaldıraraq ata olmaq xəbərini təsdiqlədi. Elə həmin ərəfələrdə dünya mətbuatı portuqaliyalı qoleadorla İrina Şeykin izdivacından xəbərlər tirajlayırdı. Hadisələrin üst-üstə düşməsi xəbərin həqiqət yükünü bir az da artırırdı. Ronaldonun CAR-da keçirilən dünya çempionatına barmağında nişan üzüyü ilə getməsi artıq bütün şübhələri ortadan qaldırdı. Rus gözəlçə də “Feysbuk” səhifəsində quru-quru yazdı ki, “boyfrendimin artıq oğlu var”.

Uşağın anası kimdir?

Uşaq ABŞ-da dünyaya gəlsə də, Ronaldonun nümayəndələri tez-bazar sənədləri qaydasına salaraq, körpəni futbolçunun Alqarvedəki (Portuqaliya) villasına gətirdilər. Atası ona Kriştiano adını qoydu, ailəsi də onun seçimini dəstəklədi. Bura kimi oxuduğunuza görə, yəqin ki, hamınızı bir sual düşündürür: Uşağın anası kimdir?

Rəsmi açıqlamaya görə...

Körpəni 9 ay bətnində daşıyan və əfsanəvi futbolçu üçün onu dünyaya gətirən qadın etibarlı şəkildə gizlədilib. Ronaldo iddia edir ki, qadın özü publikadan qaçır. Ancaq böyük ehtimalla tərəflər arasında imzalanan müqavilədə qadının susması üçün ciddi bənd var və bunun üçün babat məbləğ də yazılıb.

Kriştiano şəxsi həyatının toxunulmazlığına həssas yanaşır. Xüsusilə də övladının dünyaya gəlişiylə bağlı sualları cavablamayacağını, ailə sirlərinin bir detalının da publikaya çıxmayacağını davranışlarıyla göstərir. Bu haqda onun avtobioqrafik kitabından da oxumaq olar. Bura qədər işin rəsmi tərəfiylə tanış oldunuz. Ən azı futbolçu tərəfindən ictimaiyyətə açıqlandığı üçün bu informasiyanı rəsmi adlandırmalıyıq.

Qeyri-rəsmi açıqlamaya görə...

Məsələnin qeyri-rəsmi tərəfinə gəlincə, “rəvayət”ə görə, Ronaldo 2009-cu ildə Los-Ancelesdə ofisiant qızla təsadüfi yaxınlıq nəticəsində ata olub. Qız hamilə olduğunu biləndə futbolçuya agenti vasitəsi ilə xəbər göndərib. Elə həmin “rəvayət”ə görə, Kriştiano bunu biləndə yaxasını kənara çəkməyib və DNA testindən sonra uşağın atası olduğunu qəbul edib. Amma əvvəldən uşağı anasız böyütməyə qərar verib və qıza da övlad iddiası qaldırmaması üçün milyonlarla dollar ödəyib.

Susmaq üçün 12-20 milyon dollar!

Yeri gəlmişkən, gəzən söz-sohbətlərə görə, balaca Kriştianonun anası Floridadandır. Onu dünyaya gətirdiyi üçün susmaq haqqını da hesablayanda müxtəlif mənbələrin iddiasına görə ofisiant qıza 12-20 milyon dollar arasında qonorar ödənilib. Özü də onu ulduz futbolçunun yaxın qohumlarndan heç kim görməyib. Bu şayiəni məşhur müğənni Riki Martinin tviti də doğrulayır. O, Ronaldonu bu münasibətlə ilk təbrik edənlərdən olub. Məsələ burasındadır ki, gey olduğunu etiraf edən Martin də vaxtilə surroqat ananın (övlad daşıyıcısı) xidmətindən yararlanıb və əkiz uşaq atası olub.

“Balaca Kriştianonun anası yoxdur, əvəzində inanılmaz atası var”

Ronaldonun övladının anasız böyüməsinə münasibəti də çox maraqlıdır: “Mənim üçün uşağımın anasız böyüməsi problem deyil. Dünyada o qədər uşaq var ki, anasız və yaxud atasız böyüyən. Balaca Kriştianonun anası yoxdur, əvəzində inanılmaz atası var. Onu sevən nənəsi var. Qalanları şəxsi məsələdir, publikanın bilməsinə gərək yoxdur”.

“Vaxtı gələndə ona hər şeyi danışacam”

Portuqaliyalı ulduz futbolçu bütün ömrüboyu anasının adını övladından gizlətmək fikrində də deyil: “Gələcəkdə oğlumun mənim seçimimi başa düşməməsindən narahat deyiləm. Əminəm ki, 100 faiz anlaşacayıq. Vaxtı gələndə ona hər şeyi danışacam. O zaman onun neçə yaşda olacağını deyə bilmərəm – 10, 11 və ya 12. İndi gözləməliyik”.

Əlbəttə onu başa dümək olar. Öz uşaqlığı çətin keçdiyi üçün Kriştiano oğlunun kiçik yaşlarda psixoloji zədə almamasına çalışır. Ronaldo oğlunun da tanınmış futbolçu olmasını arzulayır. Junior villanın həyətində top qovmağı xoşlasa da, indidən onun futbola maraq göstərdiyini söyləmək tezdir. Əgər o, böyüdükcə peşəkar futbola maraq göstərməsə, atası ona yaxşı təhsil almağa kömək edəcək. Mütləq kömək edəcək. Çünki dünyanın ən yaxşı futbolçusu eyni zamanda ən yaxşı ata kimi öz borcundan çıxmalıdır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm