Azərbaycanlı məşqçi: “0:8 uduzsam stadiondaca özümü asaram”
Bizi izləyin

İdman

Azərbaycanlı məşqçi: “0:8 uduzsam stadiondaca özümü asaram”

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Azərbaycan futbolunun bu günündən danışıb.

Publika.az həmin müsahibəni təqdim edir.

- Çoxdandı səsiniz-sorağınız gəlmir...

- Özüm belə istəyirəm.

- Niyə? Sizi də küsdürüblər?

- Küsdürməyiblər. Bəsdi də, danışdıq. Bu qədər deyirik, “baltalayırıq”, xeyri nədi?

- Azərbaycan futbolunda ürəkli danışan tək-tük adam varsa, biri sizsiniz. Siz də danışmayandan sonra...

- Məndən başqa ürəkli danışan kimdi ki? Deyin, əlimi qaldırım.

- Futbolçulardan Rəşad Sadıqov...

- Rəşad? Hə, düzdü, o deyər.

- Birgə işlədiyiniz futbolçu və məşqçilərə niyə açıq, ürəkli danışmağı öyrətməmisiz?

- Öyrətmişəm. Amma onlar qorxaqdırlar, kölgələrindən ürkürlər.

- Cari mövsümün gedişini yəqin ki, izləyirsiz. Azərbaycan futbolunda nə kimi dəyişikliklər var?

- Elə bir dəyişiklik görmürəm. Bu gün Azərbaycanın ən güclü komandası “Qarabağ”dı. Onlara yaxın oyunu “Qəbələ” sərgiləyir.

- Sabiq klubunuz “Neftçi” məşqçiləri əlcək kimi dəyişir. Vəli Qasımov getdi, Elxan Abdullayev gəldi. Bu get-gəl nə vaxta kimi davam edəcək?

- Görünən kəndə bələdçi lazım deyil.

- Məşqçi kimi uğuru olmayan Elxan Abdullayev “Neftçi”də nəsə edə bilərmi?

- Görünür, rəhbərlik onu uğurlu məşqçi sayır. Zaman göstərəcək.

- Ağasəlim Mircavadov, Böyükağa Hacıyev kimi daha təcrübəli məşqçilər qala-qala, “Neftçi” rəhbərliyinin seçimi düzgün addımdı?

- Bizdə adət halını alıb. Təcrübəli məşqçilərə yer yoxdu. Səbəbini bilmirəm.

- “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətə nə ad verərdiz?

- Bu, artıq dözülməz haldı. Oyunu izlədim və çox pis oldum.

- Yekun hesabı görəndə sabiq “Neftçi”li kimi ürəyiniz tutmadı?

- Bu, məşqçinin zəifliyi idi. Komandanın günahı yoxdu. Eşitdim ki, həmin vaxt Vəli Qasımov xəstəxanada olub. Allah ona şəfa versin. Ürək ağrısı peşəkar məşqçi xəstəliyidi. Hansı məşqçinin ürəyi ağrımır ki? Vəlinin ehtiyat skamyada olmamağı o nəticəyə birbaşa təsir etdi. 0:8 hesabı o deməkdi ki, baş məşqçi yoxdu, hərə öz bildiyini edir.

- Sizin vaxtınızda bu nəticə qeydə alınsaydı, nə baş verərdi?

- Mən o hesabla uduzsam, özümü stadionda asardım.

- Həmin nəticədən sonra 3 nəfər – Vəli Qasımov, Elnur Məmmədov və Mübariz Xudiyevlə yollar ayrıldı. “Neftçi”dən getməli adamlar ancaq onlar idi?

- Qardaş, o məğlubiyyətə görə cavab verməli olan ilk adam elə klub rəhbərliyidi.

- Axı klub tərəfindən yayılmış məlumatda göstərilmişdi ki, Müşahidə Şurası komandanın idman nəticələrinə görə birbaşa məsuliyyət daşımır...

- Bu nə yanaşmadı? Onda Müşahidə Şurası nəyə lazımdı?

- Sizin vaxtınızda “Neftçi”nin prezidenti olan Sadıq Sadıqov çətin durumda məsuliyyəti boynundan atırdımı?

- Xeyr. Sadıq Sadıqovun da gözəlliyi o idi. Həmişə mənim yanımda olurdu.

- Sadıq Sadıqov “Neftçi”yə qayıtsa...

- Bu olar fantastika. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm