32 saniyədə əldə edilən inanılmaz uğur - FOTOLAR
Bizi izləyin

İdman

32 saniyədə əldə edilən inanılmaz uğur - FOTOLAR

32 saniyədə əldə edilən inanılmaz uğur - FOTOLAR

Rəşid Məmmədbəyovun adı Azərbaycan idmançılarına, xüsusən də Olimpiya oyunlarının iştirakçılarına, veteranlarına yaxşı məlumdur.

Onun 1952-ci ildə Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilir. Belə ki, R.Məmmədbəyovun qazandığı gümüş medal Azərbaycan idmançısının ilk Olimpiya medalı kimi böyük dəyər kəsb edir, çünki bu Azərbaycanın Olimpiya tarixinin ilk medalı, idmanımızda ilk ən böyük uğurumuz idi.

Publika.Az “II taym” layihəsi çərçivəsində ilk azərbaycanlı Olimpiya mükafatçısı Rəşid Məmmədbəyov haqqında məlumat verəcək.

Rəşid Məmmədbəyov Helsinkidə bütün rəqiblərinə qalib gələrək finala çıxdı. O, final görüşündən əvvəl zədə aldığına görə, qızıl medal uğrunda mübarizədə imkanlarından aşağı səviyyədə güləşdi. Yaponiyadan olan rəqibinə finalda xal hesabı ilə uduzan idmançımız Olimpiya Oyunlarının gümüş medalını qazandı. .

Azərbaycana ilk Olimpiya medalını gətirən güləşçi R.Məmmədbəyov SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısıdır. (1947 Tallinn, 1949 Bakı, 1953 Tbilisi, 1954 Leninqrad). Həmçinin o, SSRİ Spartakiadasının ikinciliyini qazanıb.

Ustanın ən sevimli tələbəsi

Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Rəşid Məmmədbəyovun məşqçisi 1928-ci ildə keçirilmiş I SSRİ Spartakiadasının gümüş mükafatçısı, ilk dəfə güləş üzrə SSRİ idman ustası adını qazanmış Rza Baxşəliyev idi. Rəşid Məmmədbəyov Baxşəliyevin ən sevimli tələbəsi idi. O Rəşid pəhləvan adı ilə tanınıb.

Rəşid Məmmədbəyov 1947-ci ildə Bakı "Burevestnik" idman cəmiyyətinin tərkibində Tallində keçirilən çempionatda gümüş medala sahib olur. R.Məmmədbəyov həmin çempionatda Estoniya və Leninqraddan olan güclü idmançılarla mübarizə aparırdı. 2 il sonra məmləkətində baş tutan milli çempionatda yenidən ikinciliyi qazanır. Dostu Musa Babayev isə qızıl medal qazanır.

Növbəti gümüş medalları

Bundan əlavə Rəşid Pəhləvan “Spartak” idman cəmiyyətinin üzvü olaraq 1953, 1954 və 1956-cı illərdə SSRİ çempionatında növbəti dəfə gümüş medallara sahib olur.

Peşəkar idman ustası

Rəşid Məmmədbəyov Azərbaycanda sərbəst güləşi peşəkar halda yayan ilk idmançılardan olub. Sərbəst güləşlə yanaşı yunan-Roma güləşi yarışlarında iştirak etmiş, turnirlərin qalibi olmuş və 1948-ci ildə bu güləş növündə də idman ustası adına layiq görülüb.

32 saniyədə tam qələbə

1952-ci ildə SSRİ ilk dəfə Olimpiya oyunlarına qatıldı. Güləş yarışları Töölö İdman Salonunda baş tutdu. 20-23 iyul tarixlərində təşkil olunmuş güləş mübarizəsində 57 kq çəki dərəcəsində xalça üzərinə çıxan azərbaycanlı idmançı 32 saniyə içərisində rəqibini məğlub edir. Onun rəqibi 1951-ci ilin dünya çempionu iranlı Yaqoibi idi.

Rus yazarlardan biri Məmmədbəyovun çıxışını belə təsvir etmişdi: “Məmmədbəyov iranlı rəqibi Yaqouibi ilə üzləşərkən hakimin onları təqdim etməsinə imkan vermədən rəqibi üzərində manevr edərək qələbə əldə etdi. Onun bu zəfəri hər kəsdə təəccüb oyatdı. Bu qələbə Sovet idmançısına yarım dəqiqəyə başa gəldi”.

Məğlub olsa da növbəti tura adlayır

İyulun 21-də keçirilən ikinci turda onun güclü rəqiblərindən sayılan İsveçrə güləşçisi Paul Henni zədələndiyi üçün xalça üzərinə çıxa bilmir. Bununla da SSRİ təmsilçisi növbəti qələbəsini əldə edir. Məmmədbəyov növbəti görüşünü ABŞ idmançısı Bill Borderlə keçirir. 10 dəqiqə 40 saniyə çəkən görüş Məmmədbəyovun möhtəşəm qələbəsi ilə başa çatır. Onun növbəti rəqibi 1948-ci ildə olimpiya oyunlarının iştirakçısı olmuş Macar idmançı Layoş Bençe idi. Bu dəfə özündən çox güclü rəqiblə qarşılaşan Məmmədbəyov macar təmsilçisinə 2:1 hesabı ilə məğlub olur. Lakin macar idmançının aktivində 5 ballıq cəza olduğu üçün o, olimpiya yarışlarından uzaqlaşdırılır. Bununla da R.Məmmədbəyov növbəti tura adlaya bilir. Sonrakı raundda Məmmədbəyov Hindistan təmsilçisi Haşaba Dadasaxeba Jadava ilə üz-üzə gəlir. Burada da rəqibinə qalib gələrək (3:0) finala vəsiqə əldə edir. Finalda Məmmədbəyov Yaponiya təmsilçisi Soşaçiyə 0:3 hesabı ilə məğlub olur. Beləliklə sərbəst güləş növündə SSRİ-ni təmsil edən R.Məmmədbəyov 2-ci yeri tutumaqla Olimpiadada medal qazanan ilk azərbaycanlı idmançı kimi tarixə düşdü.

43 illik ömür tarixi

Məmmədbəyov 1970-ci ilin dekabrın 4-də (43yaşın) vəfat edir. Onun zamansız ölümü bütün SSRİ-nin idman camiəsini sarsıdır.

Xatirəsi yad edilir

2009 və 2010 ildə Rəşid Məmmədbəyovun xatirəsinə yeniyetmə (1994-1996-cı il təvəllüdlü) sərbəst və yunan-Roma güləşçiləri arasında Respublika turniri təşkil olunub. Həmin gündən etibarən turnir ənənə şəklini alıb.

Aygün İlqarqzı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm