Futbol veteranımız və 350 minlik fırıldaq
Bizi izləyin

İdman

Futbol veteranımız və 350 minlik fırıldaq

Neçə il keçdi Maşallah Əhmədov oğlumu işə düzəltmədi, pulumu da qaytarmadı.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Publika.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov ifadə verib. O, oğlunu ixtisası üzrə işə düzəltmək istədiyini və buna görə də dostunun məsləhəti ilə M.Əhmədova 15 min manat pul verdiyini deyib: "Neçə il keçdi Maşallah Əhmədov oğlumu işə düzəltmədi, pulumu da qaytarmadı. Onun mənə vurduğu ziyan 350 min manatdır. O, mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".

M.Əhmədov isə həmin adamla İrana gedib tikinti daşları gətirdiyini qeyd edib. Hakim M.Əhmədovdan soruşub ki, əgər zərərçəkmiş düz danışmırsa niyə ittihamları qəbul edib və imzalayıb.

M.Əhmədov isə bildirib ki, o, heç nəyə qol çəkməyib və ittihamı qəbul etmir.

Daha sonra iclasda Y.Əzizovun oğlu Nizami Əzizov ifadə verib. O da atasının dediyini təsdiq edib. Prosesdə şahid Qaçay Əliyev dindirilib. O da M.Əhmədovun Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiq edib. (Report)

Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Bu il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm