Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək
Bizi izləyin

İdman

Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək

Açılış matçında "Qəbələ" doğma meydanda Bakının "Neftçi" klubu ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

Publika.az-ın məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Açılış matçında "Qəbələ" doğma meydanda Bakının "Neftçi" klubu ilə qarşılaşacaq. Turnir cədvəlinin hazırkı lideri evdə 3 xal qazanacağı təqdirdə X turu da ilk pillədə başa vuracaq. Cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən "Neftçi" isə sindromu qırmağa çalışacaq. Bakı klubu qələbə qazanarsa, ən yaxşı halda hazırda 6-cı yerdə gedən "Sumqayıt" klubu ilə xallarını bərabərləşdirmiş olacaq.

Komandalar bu günədək 33 oyunda qüvvələrini sınayıblar. Bu görüşlərin 11-i "Qəbələ"nin, 14-ü isə "Neftçi"nin qələbəsi ilə başa çatıb. 8 oyunda isə bərabərlik qeydə alınıb. Cütlüyün oyununda ən böyük hesab cari mövsümün birinci dövrəsinə təsadüf edib. Həmin görüşdə "Qəbələ" Masazır qəsəbəsindəki "Əlincə Arena"da "Neftçi"ni 8:0 hesabı ilə məğlub edib. "Neftçi" son 3 matçda qalib gələ bilməyib. 11 oyundur meydan sahibi komanda qələbə qazana bilmir.

Günün növbəti görüşü Şüvəlanda baş tutacaq. AZAL "Qarabağ"ı qəbul edəcək. "Qarabağ" çempionluq iddiasını davam etdirmək və lider "Qəbələ"dən geri qalmamaq üçün səfərdən qələbə ilə dönməlidir. AZAL isə sonuncu pillədən xilas olmağa və hazırda ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini azaltmaq üçün qələbəyə çalışacaq. Komandalar bu günədək ölkə çempionatlarında 31 görüşdə üz-üzə gəlib. 19 oyun "Qarabağ"ın, 6-sı isə AZAL-ın qələbəsi ilə yekunlaşıb, 6 oyunda bərabərlik qeydə alınıb. "Qarabağ" ardıcıl iki böyükhesablı qələbə qazanıb. Ötən mövsümün son dövrəsində 3:0 hesablı qələbəyə sevinən Qurban Qurbanovun yetirmələri, cari mövsümdə rəqiblərinə 6:0 hesabı ilə qalib gəliblər. Son 4 qarşılaşmada meydan sahibi komanda quru hesablı qalib gəlib.

Azərbaycan Premyer Liqası, X tur

29 oktyabr

17:00. AZAL - "Qarabağ"

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "AZAL Arena"

15:00. "Qəbələ" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun son oyun günündə "Zirə" Gəncənin "Kəpəz", "İnter" isə "Sumqayıt" klubunu qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm