“Ən ağır döyüşüm ilk həyat yoldaşımla olub” - Dünyanın ən yaxşısının HƏYAT YOLU - - FOTO
Bizi izləyin

İdman

“Ən ağır döyüşüm ilk həyat yoldaşımla olub” - Dünyanın ən yaxşısının HƏYAT YOLU - - FOTO

“Mən o qədər cəld idim ki, qonaq otağının işığını söndürürdüm, otağa qaranlıq çökənə qədər yatağıma girirdim”.

O, 1997-ci ildə “Əsrin idmançısı" adına layiq görülür. Çoxları söhbətin kimdən getdiyini anında başa düşdülər: o, nəinki rinqdə, rinqdən kənarda da dünyanın qəlbini fəth edən məşhur boksçu Məhəmməd Əlidir. Məhəmməd Əli peşəkar rinqdə keçirdiyi 61 görüşdən cəmi 5-də məğlub olub. Qazandığı 56 qələbədən 37-ni isə nokautla başa vurub.

Publika.az məşhur boksçunun həyatını illər üzrə xronologiya şəklində təqdim edir.

1942-ci il 17 yanvar: Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində tərtibatçı rəssam Kassius Kley və evdar qadın Odessa Kleyin ailəsində doğulub.

1954: Kassius Kley boksla məşğul olmağa başlayır və ilk döyüşündə ağdərili Ronn O`Kiffi hakimlərin yekdil rəyi ilə məğlub edir.

1956: Kassius Kley “Qızıl əlcək” yarışında qələbə qazanır. O, məktəbin buraxılış sinfində cəmi səkkiz məğlubiyyət olmaqla həvəskar rinqdə 100 qələbə qazandı. Yüksək idman uğurları təhsilinə təsirsiz ötüşmürdü: o, pis oxuyurdu.

1957: Kassius məşqlərdən dörd ay imtina etməli oldu. Həkimlər onun ürəyində müəyyən problemlər aşkar etdilər. Daha sonra aydınlaşdı ki, hər şey yaxşıdır. O, 15 yaşında Luisvil şəhərində afroamerikalılar üçün ən böyük məktəb olan Luisvil mərkəzi məktəbinə keçdi. Kassiusun irəliləyişi o qədər pis idi ki, yalnız məktəb direktoru Etvuda Uilsonun dəstəyi nəticəsində orada qala bildi və təhsil müəssisəsini başa vurdu.

1960: Kley Romada keçirilən Yay Olimpiya Oyunlarında polşalı Zbiqnev Pietrzikovskini 5:0 hesablı tam qələbə ilə məğlub edərək yüngül çəkililər arasında qızıl medala yiyələnir. Roma zəfərindən dərhal sonra ona peşəkar rinqə keçməyi təklif etdilər. Peşəkar rinqdə onun debütü 1960-cı il oktyabrın 29-da oldu. Debüt gələcək çempion üçün xüsusi problemlər yaratmadı. O, ilk peşəkar döyüşünü Tunney Hunsakerə qarşı qələbə ilə başa vurur.

1961: “İslam davamçıları” cəmiyyətinin liderləri Elayca Məhəmməd və Malkolm İkslə görüşür. Bu görüş sonralar onun həyatına əhəmiyyətli təsir göstərəcəkdi.

1964: Fevralın 25-də Kley dövrünün favoriti olan Sonny Listona qarşı döyüşə çıxır. Döyüşdən əvvəl rəqibini "çirkin qoca ayı" adlandıran Kley 7-ci raundun sonunda Listonu nokautla məğlub edərək ağır çəkililər arasında dünya çempionu olur və bu döyüşdən sonra bütün diqqətlər Kleyə yönəlir. O, Listonla döyüşdən sonra özünü "The Greatest" - boks tarixinin ən möhtəşəmi adlandırır və bu ad bir daha unudulmur.

Fevralın 26-da Kley İslam İcmasına qoşulur və martın 6-da adını rəsmi olaraq Məhəmməd Əliyə dəyişir.

İlk evliliyi 1964-cü il avqustun 14-də Sonji Roy ilə tanışlıqdan bir ay sonra baş tutur. Lakin iki il sonra, 1966-cı il yanvarın 10-da boşanırlar.

1966: Öz dini inancını əsas gətirərək o, hərbi xidmətdən imtina edir və Vyetnam müharibəsində iştirak etmir.

1967: ABŞ hökuməti onun statusunu rədd edir və Məhəmməd Əli fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 10 000 dollar cərimə ödəməli olur. Nyu-York boks assosiasiyası isə onun titullarını əlindən alaraq Məhəmməd Əlinin döyüşlərdə iştirakına 3 illik qadağa tətbiq edir.

1967-ci il avqustun 17-də 25 yaşlı Əli 17 yaşlı Belinda Boyd ilə evlənir. Bundan sonra Belinda İslamı qəbul edir və adını dəyişərək Xəlilə Əli olur. Bu evlilikdən onların 4 övladı - 1968-ci ildə Məryəm, 1970-ci ildə Liban və Cəmilə, 1972-ci ildə isə kiçik Məhəmməd Əli dünyaya gəlir.

“Mən o qədər cəld idim ki, qonaq otağının işığını söndürürdüm, otağa qaranlıq çökənə qədər yatağıma girirdim”.

1970: Nyu-York Ali Məhkəməsi onun boks lisenziyasını bərpa olunmasına dair qərar çıxarır.

1971-ci il 8 mart: Əli ağır çəkililər arasında çempion Freyzerlə “Əsrin döyüşü” adlanan döyüşə çıxır və 15-ci raundda məğlub olur. Bu onun peşəkar boksda ilk məğlubiyyəti olur.

1974: Yanvar ayında revanş döyüş baş tutur. Bu dəfə Əli hakimlərin qərarı ilə qalib gəlir. Əli həmin il Corc Formen üzərində də qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1975-ci il 1 oktyabr: Əli yenidən Freyzerlə döyüşür. Filippində keçirilən və “The Thrilla in Manila" adı ilə məşhurlaşan bu döyüşdə də Məhəmməd Əli güclü rəqibini 14-cü raundda məğlub etməyi bacarır.

1977: Əlinin 1975-ci ildə aktrisa və model Veronika Porşe ilə tanışlığı ikinci evliliyin başa çatması və üçüncüsünün başlanması ilə nəticələnir. Cütlük 1977-ci ildə evlənirlər.

“Ən ağır döyüşüm ilk həyat yoldaşımla olub”.

1978: Fevralın 15-də Əli titulunu Leon Spinksə təhvil versə də, 6 ay sonra onun üzərində qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir.

1980: Sonrakı iki il Əli rinqə çıxmırdı. Amma maliyyə problemlərinə görə qayıtmağa məcbur oldu. 1980-ci il oktyabrın 2-də 38 yaşlı Məhəmməd dünya çempionu Larri Holmeslə döyüşdə məğlub oldu. Əli bu döyüşdən 8 milyon dollar qazandı. Bundan sonra Məhəmməd uzun müddət rəqib tapa bilmirdi: boksçular onunla döyüşməkdən imtina edirdilər. Çünki ştatların əksəriyyətinin atletik komissiyaları ona sağlamlıq vəziyyətinə görə döyüş üçün lisenziyanı vermirdi.

1981: Baham adalarında kanadalı Trevor Berbikə məğlub olan Əli dekabr ayında 39 yaşında peşəkar boksçu karyerasına son qoyduğunu bəyan edir.

1984: Əliyə Parkinson xəstəliyi diaqnozu qoyulur. Boksçu bundan sonrakı həyatını islamın təbliğinə sərf edəcəyini bildirir.

1996: Əli Corciya ştatının Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarının məşəlini 80 min tamaşaçının gözləri qarşısında daşıyır.

1997: Sports Illustrated Məhəmməd Əlini "Əsrin idmançısı" adına layiq görür.

2005: O zamanki prezident Corc Buş Məhəmməd Əlini ABŞ-ın ən ali mülki medalı olan Prezidentin Azadlıq Medalı ilə təltif edir.

2009: Əli prezident Barak Obamanın inaqurasiya mərasiminə qatılır.

2011: Əlinin əsas rəqibi Freyser həyatını itirir.

2016: İyun ayının 3-də Arizona ştatının Feniks şəhərində vəfat edir. 3 dəfə evli olan Məhəmməd Əlinin 9 övladı olub.

“Güzgüdə özümə baxanda fəxr edirdim ki, özümü görürəm. Ancaq bəzi qaradərili adamlar özlərini belə görmək istəmirdi. Balaca qaradərili uşaqların nümunə götürmək üçün idealı yox idi. Bizim dövrdə bizə oxşayan qəhrəman yox idi. Hətta İsa peyğəmbər də şəkillərdə həmişə ağ idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm