İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlandı
Bizi izləyin

İdman

İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlandı

Təqdimat mərasimi "Qrassroots" proqramı çərçivəsində baş tutub.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. Publika.az xəbər verir ki, ulduz səfirləri IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi bir araya gətirib.

Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmovdur.

İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcək.

Təqdimat mərasimi "Qrassroots" proqramı çərçivəsində baş tutub. Proqrama yerli atletlərlə yanaşı, əcnəbi idmançılar da qoşulub. Hələlik onların təsdiqlənmiş sayı 16-dır.

Tədbirdə qeyd edilib ki, IV İslam Həmrəyliyi Oyunlarına 100 gündən də az bir vaxt qaldığı bu zamanda idmançı və ulduz səfirlərin bu gün ictimaiyyətə təqdim olunması əlamətdar hadisədir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın İslam dəyərlərinə nə qədər önəm verdiyinin parlaq nümunəsidir.

Eyni zamanda bildirilib ki, bu tarixi hadisə, İslam ölkələrinin gənclərinə təkcə idman sahəsində deyil, digər sahələrdə də bir-biri ilə əməkdaşlıq etmələri baxımından böyük üfüqlər açacaq. Artıq dünyada mötəbər və nüfuzlu tədbirlərə ev sahibliyi etməsilə öncül sıralarda dayanan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrə növəbti dəfə bu mötəbər yarışları təqdim etməklə bərabər, turizm potensialını, tarixini nümayiş etdirmiş olacaq.

Vurğulanıb ki, bu gün cəmiyyətə təqdim edilən IV İslam Həmrəyliyi Oyunlarının idman və ulduz səfirləri Oyunların həmrəylik, sülh, dəyər və mükəmməllik mesajının bütün ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaqlar.

Tədbir zamanı IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Bakı 2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verib:

“IV İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfir qismində qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviləşməsində, icitmaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına daha böyük maraq göstərməsində önəmli rol oynayacaqlar. Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridir. Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər, xalqımız Oyunlarda iştirak edəcək idmançılarımızın qələbə sevincini birgə yaşayacaq.“

“Grassroots” proqramı idmançı və ulduz səfirlərin vasitəsilə ictimaiyyətə təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduz və idmançılar Oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcək, bununla yanaşı geriyə sayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz sosial media kanallarından istifadə etməklə, pərəstişkarlar arasında Oyunların təbliğinə dəstəyi təmin edəcəklər.

Təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi Oyunlarının mesajı olan “Birlik”, “Sülh” ,”Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürüb, öz üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.

"Grassroots" çərçivəsində proqrama yerli atletlərlə yanaşı, beynəlxalq atletlər də qoşulub. Bu günə olan beynəlxalq atletlərin təsdiqlənmiş sayı 16 idmançıdan ibarətdir.

Tədbirdə Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan səfirləri haqda videoçarx nümayiş olunub.

Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə Dünya və Asiya çempionu və IV İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim olunub:

“IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq. Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdır".

Sonda tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm